MÜVƏQQƏTİDİR… ÖLƏNƏ KİMİ


MÜVƏQQƏTİDİR... ÖLƏNƏ KİMİ
Şikayət eləməkdən yoruldum. Deyinməkdən də. Hələ bunların heç kimə təsir eləmədiyinin acısını demirəm. Nikbinlə bədbinin “bardaq yarıya qədər doludur/boşdur” çəkişməsindən də bezmişəm. Yalançı cəsarətdən uzaqlaşmaq, öz qabından başqa bir şeyi çatlada bilməyən sirkəlikdən çıxmaq istəyir adam. Ramiz Rövşənin “Qoyun olmaya-olmaya qoyun olmaq çətinliyindən” qurtulmaq. Özünə demək ki, qardaş, qəbul elə cılızlığını, həşəratlığını, öz vızıltınla sadəcə yay cırcıramasına bənzədiyini.Və otur yerində. Nə olsun ki, çox şeyi anlayırsan. Ağlın deyir ki, belə olmamalıdı. Deyə-deyə dursun! Onun daşı ilə tərəzi tutan var? Dünyada iki mindən çox olan xalqdan cəmi iki yüzə yaxınının (BMT-də 193 dövlət təmsil olunur) dövləti var, onlardan biri də sənin tarixi vətənindir. Sevin, qürurlan. Və otur yerində! Guya oturmasan nəsə olacaq.

Zərdabinin ruhu şad olsun! Dünyanın ünlü şəhərində təhsil alıb evinə dönəndə müəllimliyini edib ömrünü başa vurardı, öyrəndiklərini də gənclərə danışıb vəzifəsini yerinə yetirmiş olardı. Heç kim də onu qınamağa səbəb tapmazdı. Necə ki, günümüzdə minlərlə ləyaqətli adam kəsbkarlığını edir, vicdanla yaşayır və heç kimin diqqətini istismar eləmədən dünyadan köçür. Amma Həsən bəy rahatlığını xalğı qəflət yuxusundan oyatmaq cəhdlərinə dəyişdi. Nəticəsi o dünyadan köçəndən sonra göründü.

Məmməd Əminin məzarı nurla dolsun! Otuz beş yaşında təmsil etdiyi ulusun hürriyyətini həyat amalı elədi. Ləyaqət, vicdan mücəssəməsi olan insanları bir araya toplamağa, xalqı müstəqil sabaha inandırmağa müvəffəq oldu. Vuruldu, yıxılmadı, qovuldu, satılmadı, inkar edildi, unudulmadı. Azərbaycan nidaları ilə qürbətdə dünyasını dəyişdi.

Heydər Əliyevə Allah rəhmət eləsin! Ən zəhmli superdövlətin ən sərt qurumunda zirvələrə yüksəldi. Məqam Azərbaycanın müstəqilliyi uğrunda mövge tələb edəndə tərəddüd etmədən azadlıq yolunu seçdi, supergüclərə sinə gərdi.

Milləti bu günə–müstəqil dövlət durumuna gətirən fövqəladə insanlarımız təkcə bunlar deyil, əlbəttə. Bəs niyə rahatlıq yoxdur içimizdə? Tarixin müxtəlif dönəmlərində xalqa yön göstərən bu insanların heç biri bu gün müstəqil dövlətin idarə olunmasında çox cüzi rolu olan bir məmurun rahatlığını yaşamayıb, övladlarına milyonluq saat, milyardlıq villa almayıb, amma o milyonların, milyardların Azərbaycanın olması üçün mübarizə aparıblar. Bir köhnə el məsəli var: fərli oğul neylər ata malını, fərsiz oğul neylər ata malını. Fərli özü qazanacaq, fərsiz olanı da göyə sovuracaq. Nədən bu gün Azərbaycan adlı cənnətməkanın ölçüyəgəlməz sərvəti ellikcə fərsizlərin ixtiyarındadır və göyə sovrulur?

Gördünüzmü, yenə deyinmədən durmaq olmur. Halbuki əlli dəfə özümə söz vermişəm. Bir də deyinməyim deyə. Bütün bunların müvəqqəti çətinlik olduğunu dərk edim deyə. Ölənə kimi.

Cəfər Sadıq,
Moskva, 23 iyul 2019-cu il.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir