Nəzarəti nəzarətdən çıxaran Qətl, yoxsa Bazar söhbətimi?!


Nəzarəti nəzarətdən çıxaran Qətl, yoxsa  Bazar  söhbətimi?!

Biryulovodakı məlum qətl Moskvanı silkələyib ABŞ-ın defolt, Suriyanın kimyəvi silahı ləğv etmə, İranın İsraillə savaşı, Rusiyanın özünün Hollandiya, Grenpiç problemləri və sair məsələlərini gündəmin bir köşəsinə sıxışdıraraq günün baş mövzusuna çevrildi (ya da çevirdilər). Etirazçı-millətçıləri (mağazalara, bazara hücum edib, maşınları çevirən kütlə-xalq ola bilməz ) razı salmaq üçün dövlətin bütün güc qurumlarının səfərbər olub belə məşvərətli, məsləhətli hərəkəti Moskva üçün bir ilklərdəndi.

Jirinovskinin sayıqlama kimi qəbul etdiyimiz “Kommersant” qəzetinə verdiyi müsahibəsində işlətdiyi “Az qala bu azərbaycanlı 3-cü dünya savaşını başladacaqdı”- ifadəsinin təzahürü yaşanmış kimi oldu.

İpinin ucunu itirən Rusiya KİV-i belə buna həvəslə qoşulub, “qaraküyçü” açıqlamalara yer verdi.

Nə baş vermişdi? Moskvanın Biryulovo rayonunda meqapolis üçün xaratetik olan qətllərdən biri. Paytaxtın cəbub-qərbində Yeqor Şerbakov qətlə yetirilmişdi. Bu qətli digərlərindən ayıran səbəb- ölənin adının Yeqor, ehtimala görə öldürənin adının isə Orxan olmasıdırmi? Birmənalı cavab vermək çətin olsa da, hadisələrin gedişatı onu göstərmirmi?

Məişət zəminində baş verən cinayət hadisəsinin milli-münaqişəyə çevrilməsinə maraqlı olan qüvvələrin bundan yararlanması anlaşılandır. Amma bunun RF DİN səviyyəsində bu qədər şişirdilib, 3-cü dünya savaşını başladacaq cəsusu tutmaq əməliyyatı həyata keçirmək kimi hərəkətə imza atmasına səbəb olan nədir? Orxanın bütün “keyfiyyətsizliklərini” bir kənara qoyub, onun Azərbaycanda axtarışda olması kimi dəqiqləşdirilməmiş informasiyanı RF İstintaq Komitəsinin rəsmi sədri Vladimir Markinin dilindən səsləndirməsi də bu olayın sıradan biri olmaqdan çıxmasına elə rəsminin xidmətidir.

Bu qətl ərəfəsində olan bəzi detallara diqqət yetirək. 9 oktyabrda “qeyri-leqal miqrantlarla mübarizə” adı altında fəaliyyət göstərən millətçi Demuşkinin təşkilatı eiraz aksiyası keçirməyi planlaşdırır və bu icazə üçün meriyaya müraciət edir. Elə bununla eyni vaxtda Putin İndoneziyada Asiya –Sakit Okean ölkələri İqtisadi Əməkdaşlıq sammitinin yekunlarına həsr olunmuş mətbuat konfransında miqrant məsələsinə toxunaraq “Viza rejimi tətbiq etməklə MDB ölkələrini incitmək olmaz”-deyə bəyanatla çıxış edir.

Görünür bu bəyanat millətçilərin xoşuna gəlmir. Və 10 oktyabrda da Yeqor Şerbakov qətlə yetirilir. Çox aydın olmayan videogörüntüyə əsaslanaraq hadisənin “Qafqaz simalı”-miqrant tərəfindən törədildiyi ehtimalı bunu milli-münaiqşəyə çevirmək istəyənlərə fürsət verir.

Və ssenarinin bundan sonrakı hissəsi hər kəsə məlumdur. Bu sual günlərdir hamını düşündürür və Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da “Dojd” telekanalına müsahibəsində onu səsləndirdi. “Moskva kimi böyük meqapolisdə hər gün,hər saat belə qətllər baş verir, bunun hamısında insanlar küçəyə çıxıb etirazmı edirlər?”

O zaman bu ayrı-seçkiliyin səbəbi nədir?

Cavab elə bu ayrı-özgə millətdən olanın qətldə adı hallanmasındadır. Daha bir təəssüfedici məqam Rusiya daxili işlər naziri Kolokoltsevin atdığı addımdır. Nazir işini görür-buna söz yox. Amma… Bu situasiyalarda familiyasına adekvat olan həyəcan zənglərinə Kolokoltsev hər zamanmı belə tez cavab verib? Onu şəxsən təhvil alaraq siradan bir qatil olduğu ehtimal edilən Orxana “şərəf” sayılacaq hərəkətiylə Kolokoltsevin verdiyi mesaj kimə və nə üçündür?

Rusiya polisinin şefi hansısa xüsusi təhlükəli cinayətkarı otağında təhvil alıb, onun gözünün içinə baxmaq kimi niyyəti olubmu, indiyəcən? 29 yaşlı Dmitri Vinoqradov, 31 yaşlı Sergey Pomazun məsələn. Birinin boynunda 5, ikincinin isə 6 insan həyatına qəsd var. Onlar da qatildir. 4 gündür Yeqor Şerbakovu öldürməkdə şübhəli bilinən və Moskvanı çalxalayan Orxan da. Bir il əvvəl Mətin Mehdiyevi də gecə yaşadığı evin qarşısında amansızcasına öldürənlər də. Və neçə-neçə milliyyətindən asılı olmayaraq cinayət qurbanları olanların hamısının qanı insan qanıdır. Niyə onların da qətllərinə kütləvi etiraz edilmədi?

Əslində bu qətlə Moskvada “qayda-qanun yaratmağa” bais olan qətl də demək olar. Orxanı hətta Yeqoru öldürməsi belə müəmma olan bu ssenarinin baş rolunda olacağını təxmin etmədən günün “qəhrəmanına” çevirdilər.

Qatil qismində Orxan olmasaydı və olmazsa…

Moskva Helsinski qrupunun rəhbəri Lyudmila Alekseeva Biryulovo hadisəsi ilə bağlı:- “Qatilin milliyyəti olmur, Şerbakovu rus insanı da öldürə bilərdi. Öz dərdini yerli moskvalıdan daha çox təhlükədə yaşayan miqrantın üstünə tökmək lazim deyil” -deyir.

“ Bu, əlbəttə ki, bizim çəmiyyətə şərəf gətirən deyil, amma paytaxt sakinləri özlərini təhlükəsiz hiss edirlərsə, bunda hakimiyyəti günahlandırmıram. Əgər Biryulovonun qərbində insanlar küçəyə çıxmaqdan qorxmasaydılar nə bu xalq yığıncağı, nə də belə fəsadları olmazdı. Cəmiyyət onda günahkardır ki, biz çoxmillətli dövlətin patyaxtının sakinləriyik, lakin başqa dillərdə danışan başqa millətlərin nümayəndələri ilə bir yerdə yaşaya bilmirik”.

Siyasi Texnologiyalar mərkəzinin vitse-prezidenti Makarkin Lyudmila Alekseevanın fikri ilə təxminən eyni səslənən mövqedən çıxış edərək bildirir ki, “Xalqda hakimiyyətə inamsızlıq o qədər dərin kök salıb ki, istənilən polisi korrupsioner, istənilən miqrantı cinayətkar görür. Biryulovoda etiraz edənlər təkcə işləməyən hakimiyyəti dəyişmək üçün küçəyə çıxmamışdılar, onların bir hissəsi özünü ifadə etmək, dağıtmaq üçün oradaydılar”.

Səslənən bu fikirlər korrupsioner məmurlardan hesab soracaq olan xalqı bu düşüncədən yayındırıb, bütün bəlaların baiskarı kimi miqrantların olmasını göstərməklə mövzudan yayınmaq olduğuna işarə edir.

“İnsan haqlarına tüpürərək cinayəti təsdiq olunmamış azərbaycanlını təpikləyə-təpikləyə, yerə yıxaraq, nazir qarşısında ikiqat əyərək gətirənləri də,
bu olayı nəzarətə götürmüşük və nəzarətimizdə saxlayacağıq”- deyənləri də bu olay nəzarətdən çıxartdı. Hadisə Moskvada bazar söhbəti səviyyəsinə (“bazar söhbəti”nin el arasında səviyyəsiz söhbət olduğunu nəzərə alsaq) “qaldırıldı”. Və bazarlarda yoxlamalar başlanaraq “Pokrov” 90 gün antisanitariyaya, “Noviye Çeremuşki” qanunsuz miqranta görə, “Xlebnikov” isə hələ ki, sadəcə bağlandı.

Moskva meri Sobyanin sırada digərləri də hələ var deyir.
Bazar bağlandı, söhbəti necə, bağlanacaqmı?!

Tünzalə Vəliqızı
17 oktyabr, Moskva


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir