NAĞI DA KÖÇDÜ… (Nekroloq əvəzi)


NAĞI DA KÖÇDÜ... (Nekroloq əvəzi)
Bir ürəyin də döyüntüləri bitdi, saatı dayandı, zamanı dondu. Noyabrın 11-i mətanətli, dözümlü bir insanın uzun sürən ağır xəstəliyə acı məğlubiyyəti ilə başa çatdı. Qısa ömrünün yarıdan çoxunu Rusiyada keçirsə də, səadətini burada tapsa, övladlarının doğulub-böyüməsi sevincini burada yaşasa da son mənzilə Azərbaycana, canından artıq sevdiyi anasının yanına, ana vətəninə getdi.

Üzdə çox sakit, daxilində təlatümlü idi. Hamını, hər şeyi sıravi adamın görə bildiyindən daha sərraflıqla görürdü. Təşəxxüsdən, təkəbbürdən uzaqdı, dağ kimi vüqarı vardı. Dili şirindən şirin, gülüşü doğmadan doğmaydı.

İnsan dünyasını dəyişəndə haqqında yaxşı sözlər demək adətdir. Amma hər dünyasını dəyişənin ruhuna da “xoşbəxtəm ki, belə insanla tanış olmuşam” kimi ifadələr qismət olmur. Nadir hallarda həyatda qalanlar itirdikləri tanışlarının, dostun, doğmanın ruhu önündə öz qüsurlarını etiraf etmək ehtiyacı duyurlar.

Həyat yoldaşı həqiqətən ömür-gün yoldaşı kimi son dəqiqəsinə, son nəfəsinə qədər yanında oldu. Bazar günü saat beşə 10 dəqiqə qalmış gözlərini son dəfə geniş açıb həyata vida edəndə də qarşısında bütün kədərini içində həbs edib gülümsəyən xanımını gördü.

Məmur kimi çalışdı. Məmur olduğu vaxtda bu az sevilən peşəni də “urvata mindirməyi” bacardı. Adamlar məmurluğuna görə ona deyil, onun şəxsiyyətinə görə məmurluğuna hörmət edirdilər.

İşinin, peşəsinin, ailəsinin vurğunu idi. Yarımçıqlığı sevməzdi. Gördüyü işi mükəmməl görür, başqalarını təvazökarlıqla öyrədirdi. Ən çox sevmədiyi mərəz dedi-qodu, qeybət idi. İnsanların naqisliyini qəbul edə bilmir, namərdlikdən, dönüklükdən əziyyət çəkirdi.

Təsadüfdürmü görəsən Peyğəmbərlə eyni yaşda dünyasını dəyişməsi? Dindar deyildi, amma bütün varlığı ilə Allah adamı idi. Ən geniş mənada insansevərdi. Millətinə, irqinə, dininə baxmadan hər kəsi sevir, ünsiyyət qurmağı bacarır, səhvlərin islahına ürəkdən inanırdı.

Nağı Əli oğlu Qurbanov Azərbaycandan kənarda Azərbaycanın sevilməsi üçün ömrünü şam kimi əridən nadir eloğlumuz idi.

Allah rəhmət eləsin!

Cəfər SADIQ, Moskva


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir