Namiq Əzimov: “Milyonerlər ittifaqı” adlandırılan təşkilatda təkcə iş adamları deyil, ziyalılarımız da var.


Namiq Əzimov: “Milyonerlər ittifaqı”  adlandırılan  təşkilatda təkcə iş adamları deyil, ziyalılarımız da var.
Namiq müəllim, Azərbaycan diasporu təzə-təzə formalaşan zaman Sizin aktiv olduğunuz hamıya bəllidir? Nə oldu da birdən birə arxa plana çəkildiniz?

-Doğrudan da, Moskvada Azərbaycan diasporu formalaşanda mən çalışırdım ki, bütün tədbirlərdə iştirak edim. Bir çox hallarda azərbaycanlıların bir yerə yığışmasında özüm təşəbbüskar olmuşam. “Şəhriyar” ədəbi klubunun işlərində, miqrasiya qanunlarının müzakirəsi ilə əlaqədar Rusiya ictimai palatasında, Dövlət Dumasında dəfələrlə çıxışlarım olub. Azərbaycanlıların Moskvadakı ən birinci kütləvi çıxışlarından biri- “Qanlı yanvar” hadisələri zamanı etiraz aksiyası keçirilməsinin əsas təşkilatçılarından biri kimi çıxış etmişəm. Bakıda keçmiş sovet ordusunun xalqımıza qarşı tərətdiyi haqsızlıqları eşidəndə mən başqa həmyerlilərimizlə bütün azərbaycanlılar yaşayan yataqxanalara gedib onları Azərbaycan səfirliyinin qarşısında keçirilən etiraz aksiyasına dəvət etdik. Moskvada yaşayan azərbaycanlıların 80-90 faizini bir gecədə o tədbirə yığa bildik. Şaxtalı havaya baxmayaraq, biz səfrilikdəki mitinqdən sonra, oradan Ostankino televiziya mərkəzinə getdik və orada etiraz aksiyasını davam etdirdik. Mən ondan sonra Moskvada bizim azərbaycanlıların nəyəsə etiraz etməkdən ötrü belə yığışdığnı görməmişəm.

Sizin yadınızdadırsa, 2007-ci ildə biz Rusiya millətçilərinin rəhbərləri Demuşkin, Belov (Potkin) və başqaları ilə görüş keçirdik. Görüşdən bir gün əvvəl Azərbaycan diasporlarının rəhbərlərini də o görüşə dəvət etdik. Çoxları söz verdi ki, mütləq gələcəklər, amma nəticədə ora mən, Mirəşrəf Fətiyev, jurnalist olaraq siz və diaspordan Fərqiyyə Kərimova gəldi. Görüş salonunda bizimlə üzbəüz 30 nəfərə yaxın millətçi oturmuşdu. Onlar bizə qarşı çox aqressiv davranmışdılar. Mən o vaxtı diaspor nümayəndəlrinin o görüşə niyə gəlməməsinə qiymət vermək istəmirəm. Amma onalrın bu hərəkəti məndə müəyyən fikir doğurdu. Onu da qeyd edim ki, həmin tədbirdə bizim çoxluğumuz vacib idi. Məhz belə tədbirlərdə “Azərbaycanlılar kimlərdir” mövzusunu onlara izah etmək imkanı olur.

– Hansı fikirlər? Sizin diaspordan uzaqlaşmağınızın səbəbi budurmu?

Tünzalə xanım, əslində mən diaspordan uzaqlaşmadım, sadəcə ortalarda görünmədim. Amma “Miqrantlara kömək” adlı təşkilatda buraya işləməyə gələn miqrantlarımıza hüquqi yardım etmək kimi işə imza atdım. Sənətimlə bağlı həmişə Azərbaycan diaspor təşkilatının üzvlərinə köməyim olur. Moskvada soydaşlarımızdan ibarət futbol komandaları yaratdıq. Fan klubumuz var. Soydaşlarımızla tez-tez futbol turnirlərinin təşkilində iştirak edirəm. Çalışırıq bu futbol turnirlərində təkcə Azərbaycan diasporunun nümayəndələri yox, başqa millətlərin də nümayəndələri iştirak etsin. Belə olan hallarda həm turnir maraqlı olur, həm də başqa millətlərin nümayəndələrinin bizə münasibəti dəyişir. Ümumiyyətlə, idmanla, futbolla əlaqədar olan tədbirlərdə imkan daxilində iştirak edirəm. Harada lazımlıyamsa oradayam.

-Niyə vətəndən kənarda belə Azərbaycana xidmət edəcək lobbi təşkilatlarımızın soydaşlarımıza münasibətində iqtidar və müxalifətə bölmə hiss olunur?

-Biz azərbaycanlılar hamımız vətənini sevən insanlarıq. Diaspor təşkilatlarının başqa ölkələrdə yaranmasının səbəblərindən biri də vətənə bağlılığımızdır.Məhz bu ictimai təşkilatlar vasitəsiylə çalışırıq ki, ölkəmizi, adət-ənənələrimizi, mədəniyyətimizi dünyaya tanıtdıraq. Rusiyada yaranan diaspor təşkilatlarının son məqsədi eyni olsa da, onların iş metodlarında fəqrli cəhətlər çoxdur. Xarici dövlətlərdə həmin dövlətin vətəndaşları tərəfindən yaradılmasına baxmayaraq, bir çox diaspor təşkilatları qəbul etdikləri qərarları, gördüyü işləri çalışırlar ki, Azərbaycan hökümətiylə razılaşdırsınlar. Lakin elə diaspor təşkilatları var ki, bütün işlərini müstəqil görürlər. Diaspor təşkilatlarımız arasında qısqanclıqlar da var. Məhz bu əlamətlər siz deyən fikirlərə gətirib çıxardır.

Azərbaycan diasporunun uğuru klassiklərdən ağır tutulan müasirlərin yubileylərini keçirib, işini bununla bitmiş hesab etməsinin fonunda çatışmayanları “Milyonerlər İttifaqı” ortaya çıxartdı. Yaranandan Rusiyada diasporun parçalanmasına və Azərbaycan höküməti əleyhinə istifadə edildiyinə ehtimal verdilər. Bu gün də onun ətrafında müxtəlif fikirlər dolaşmaqdadır. Rusiya ziyalısı kimi sizin buna münasibətiniz necədir?

-Onu düzgün qeyd etdiniz, doğrudan da son zamanlar bir çox diaspor təşkilatlarının fəaliyyəti yubileylər və yaxud da hansısa görkəmli ictimai-siyasi xadimin ölüm gününü qeyd etməklə məhdudlaşır. Çox zaman belə tədbirlərdə də yalnız və yalnız azərbaycanlılar iştirak edir. Nadir hallarda başqa millətin nümayəndələri belə tədbirlərə dəvət olunur. Demək istəyirəm ki, biz öz tariximizi, mədəniyyətimizi başqa millətlərin nümayəndələrinin yanında təbliğ etməyi bacarmırıq. Indi Moskvada Azərbaycan mətbəxinin yeməkləri ən tanınmış yeməklərdir. Mətbəximizin yeməkləri olan restoranlara şənbə, bazar günləri düşmək qeyri-mümkündür. Amma çox böyük təəsüfflə qeyd etmək lazımdır ki, bu mətbəxin təbliği ilə heç kəs məşğul olmur. Nəticədə bizim milli mətbəximizə aid olan yeməkləri başqa millətin nümayəndələri təbliğ edib, öz milli mətbəxlərinin yeməkləri kimi qələmə verirlər. Bu istiqamətdə demək olar ki, işləmirlər. Biz azərbaycanlıların əməyi olan bir çox sahələrdən misallar gətirmək olar. Ya biz azərbaycalılar həddindən artıq təvazökarıq, ya da hansısa komplekslər ucabtından öz yaxşı işlərimizi təbliğ etməyi bacarmırıq.

O ki qaldı, Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqına, Rusiya ərazisində yaradılan yeni təşkilatda işlər düzgün qurularsa, mən inanıram ki, bunun hamımız üçün müsbət nəticəsi ola bilər. Çünki onu yaradan insanlar həyatda, cəmiyyətdə söün demiş, tanınmış insanlardır. Onların tanınması Azərbaycanın, azərbaycanlıların tanınması deməkdir. Bu təşkilatı “Milyonerlər ittifaqı” adlandırsalar da, burada təkcə iş adamları deyil, ziyalılarımız da var. Bu təşkilat yaranandan müəyyən adamlar tərəfindən təşkilatçılara qarşı qısqanclıqlar var. Bir çoxları bu təşkilatın Azərbaycana qarşı yönəldiləcəyindən danışırlar. Amma mən bununla razılaşmıram. Təşkilatı yaradan Rusiya vətəndaşlarıdır. Gördükləri iş də əsasən Rusiyada fəaliyyət göstərən Azərbaycan təşkilatları ilə bağlı olacaq. Kimsə bu təşkilatın işində iştirak etmək istəmirsə, mənə elə gəlir ki, təşkilatı yaradanlara da düşmən kimi baxmağa heç bir əsas yoxdur. Diaspor nümayəndələrinin məhz belə tanınmış adamların ətrafında birləşmələrini mən müsbət qəbul edirəm.

-Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinə bu gündən baxanda ona hansı qiyməti vermək olar?
Bütün çətinliklərə baxmayaraq Azərbaycan diasporu Rusiya kimi böyük dövlətdə fəaliyyətini davam etdirir. İnanıram ki, yaxın günlərdə diasporun gördüyü işlərdə olan çatışmamazlıqlar tədricən aradan qaldırılacaq.

Söhbətləşdi: Tünzalə Vəliqızı


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir