Deyingən- HƏCC ZİYARƏTİ QAÇIŞ DİSTANSİYASI DEYİL!


Xəbəri olmayanların nəzərinə! Bu gördüyünüz zat, Azərbaycan Milli Məclisinin keçmiş vəkili və Qafqaz müsəlmanlarının şeyxülislamı Allahşükür Paşazadənin qudasıdır. Sadalanan ünvanlar onu təbliğ etmək üçün əsas verən məziyyət və ya qüsur deyil. Onu gündəmə gətirən tarixə düşmək istəyi və bundan ötrü “orijinal” yol seçməsidir. Adam 29-cu (!!!) dəfə həcc ziyarətinə getməyə, bu yolla 50 ildən sonra həmyerlilərinin “Milli Məclisin deputatı Qalib Salahzadə 29 dəfə Həccə gedən yeganə adamdır” nidasını “eşitməyə” can atır. Əhsən və səd afərin! Təsəvvür edə bilirsiniz, ən azından 28 nəfər Məhəmmədhəsən əminin Kəbə ziyarətinə təkbaşına, zor işlətmədən əngəl olan bir adam var və bununla fəxr edir. Belə bir insanın tarixə düşməsi təkzibə və sübuta ehtiyacı olmayan aksiomdur. O ki qaldı, qəhrəmanın adına, Deyingənin ağlınca, adın Qalib olması tarixə qalib kimi düşmək üçün kafi deyil. Həcc ziyarəti səyahətin sayı ilə yox, fəzilətin miqdarı ilə ölçülür –axirərdə! Əməlisaleh olmaq üçün, mələklər günaha yazmasın, Həccə getmək vacib deyil. İtkin Qarabağ əsgəri Məzahirin qaçqın atası şair Mirsəyyaf Zamanlı kimi!

Deyingən- HƏCC ZİYARƏTİ  QAÇIŞ DİSTANSİYASI DEYİL!

NECƏ GEDİM ZİYARƏTƏ?

Dərgahına gələmmədim, İlahi!
Mənə yazsın qoy mələklər günahı!
Qüdrətinə diz çökürəm,
yalvarıram sənə burdan,
Qəmli-qəmli dolaşdığım
bu yeri də,
Sən özünsən yaradan.
Tərtərimin ayrılığı
on beş ildi məni didir,
Kəlbəcərin bulaqları,
gözlərimdən axıb gedir;
-Necə gedim ziyarətə!!!
Erməniyə kəniz olub,
şaha, xana
baş əyməyən gözəllərim,
Burda mənim öz yaxamdı,
Öz əllərim;
-Necə gedim ziyarətə!!!
On beş ildi şəhidlərin,
qayalardan
qəltan qanı silinmir.
On beş ildi itkin düşən
oğulların,
taleyi də bilinmir;
-Necə gedim ziyarətə!!!
Göyçə gölü ürəklərdə
Dil açsa,
“Göyçəgülü” barmaqlarda
gül açsa;
Ziyarətdi deyərəm!
Çör-çöp yığıb
Yurd yerində
Bircə ocaq qalasam,
Qurbanlığı Məzahirin
öz başına dolasam;
Ziyarətdi deyərəm!
Bulaqların ayağına
dizin-dizin
sürünsəm,
Yurddaş deyib
haray çəkən
o viranə dağların
dumanına bürünsəm;
Ziyarərdi deyərəm!
Ağdam mənim
Məşhədimdi;
Mədinəmdi Dəlidağ,
Qubadlıdı Məkkəm mənim,
Kərbəlamdı Qarabağ;
Necə gedim ziyarətə?!
Yüzdən artıq
Yaşım olub
Neçə ildə!
Necə gedim ziyarətə?!
“Vətənsiz də insan olan
İnsan kimi yaşayarmı?”
deyənlərin
Nimdaşını geyirəm!
Millətimə yuxarıdan
aşağıya baxanların
yardımını yeyirəm!
Necə gedim ziyarətə?!
Yağılarla haqq-hesabı
ayırmamış,
Yurdsuzların ac qarnını
doyurmamış,
Necə gedim ziyarətə?!
Bu taleyi verirdinsə,
məni niyə yaratdın?
Dərd üstünə dərd gətirib,
Ürəyimi qanatdın!
Qüdrətinə diz çökürəm,
yalvarıram
sənə burdan,
Qərib-qərib dolaşdığım,
bu yeri də
axı sənsən yaradan!!!
Eşit mənim fəryadımı, naləmi,
Neçə ildi dərd-kədərə
bürümüşəm aləmi!
Ürəyimin sevincini,
itkin olan balamı ver!
Qüdrətinlə xəlq etdiyin,
yamacımı, talamı ver!
Səda göndər,
bu qərəmət yuxusundan ayılım!
Təpər göndər içimə,
mən də kişi sayılım!
Şəhid ruhun bizə olan töhmətini
qaytar mənə!
Sultan bəyin qeyrətini
qaytar mənə!
Sən Adilsən, Yaradansan,
Bircə quşa döndər məni!
Yoxdan varı yaradan, sən,
Qarabağa göndər məni!
Kəlbəcərə göndər məni!
Göndərməsən…göndərməsən…
Qara daşa döndər məni!!!


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir