NECƏ GEDİM ZİYARƏTƏ


NECƏ GEDİM ZİYARƏTƏMirsəyyaf Zamanlı
“KİŞİLƏR”
Bir az da millətin dərdini çəkin,
Vicdanı yamaqlı saxta “kişilər”.
Bu qədər soyuqluq hardandı sizdə,
Vurub qəlbinizi şaxta, “kişilər”?

Gözlə görünməyən iziniz quru,
Söhbətiniz quru, sözünüz quru,
Mənliyiniz quru, özünüz quru,
Elə bil udmusuz taxta, “kişlər”.

Aldığınız nəfəs yalan nəfəsdi,
Səsimiz dəyişib, bir özgə səsdi.
Sizdə qalan, ancaq quru qəfəsdi,
Siyasi cəhətdən axta “kişilər”.

Açıqdı qapılar indi yaltağa,
Kiminə nökərsiz, kiminə ağa.
Qınını görəndə bəyənmir bağa,
Baxmır ötüb keçən vaxta “kişilər”.

Gözünüz yumulur görəndə düzü,
Keçməyə gəzirsiz iynə ulduzu.
Qoy Allah o gündən saxlasın bizi
Siz gəlib çıxasız taxta, “kişilər”.

MƏNƏ DƏ BİR YUVA QUR, AY QARANQUŞ!

Nə qüdrətdən qala yoxdu sığınam,
Nə əl boyda daş tapəram yurd sanam,
Səmalarda dayaq da yox dayanam,
Deyirlər ki, sərt olacaq bu il qış-
Mənə də bir yuva qur, ay Qaranquş!

Bu gün dünya necə oldu dar mənə,
Öz yanında bir yuva da hör mənə,
İztəyirsən lap kirayə ver mənə,
Bu torpaqdan mənə düşmür bir qarış-
Mənə də bir yuva qur, ay Qaranquş!

Gözlə, torpaq oğrususan-deyərlər,
Mənliyini, vüqarını əyərlər,
İnan, səni diri tutub yeyərlər,
Bəri başdan məmurlarla ol tanış-
Mənə də bir yuva qur, ay Qaranquş!

Avropalı gəlsin ona dərs keçim,
Kimi desən, hara desən, mən seçim.
And içəndə, seçkilərə and içim,
Nümayəndə heyətinə sən qarış-
Mənə də bir yuva qur, ay Qaranquş!

Elə bil ki, qurd ürəyi yemisən,
Yoxsa harda olduğunu bilmirsən?!
Ətcə balan çöldə qalar, demirsən?!
Bilmədiyin yol var, bilən tap, soruş-
Mənə də bir yuva qur, ay Qaranquş!

Nə olsun ki, Qarabağ da pulsuzdu,
Nə olsun ki, kim uddu, kim uduzdu!
Elə bilmə yuva üçün ucuzdu,
Bələdiyyə başçısını gör, danış-
Mənə də bir yuva qur, ay Qaranquş!

Su lazımsa, gözlərimdən yaş verim,
Daş istəsən, ürəklərdən daş verim,
Mirsəyyafı gəl sənə qardaş verim,
Deyirlər ki, pis gələcək bu il qış-
Bir yuva da mənə düzəlt, aran quş!
Mənə də bir yuva qur, ay Qaranquş!

NECƏ GEDİM ZİYARƏTƏ?
Dərgahına gələmmədim, İlahi!
Mənə yazsın qoy mələklər günahı!
Qüdrətinə diz çökürəm,
yalvarıram sənə burdan,
Qəmli-qəmli dolaşdığım
bu yeri də,
Sən özünsən yaradan.
Tərtərimin ayrılığı
on beş ildi məni didir,
Kəlbəcərin bulaqları,
gözlərimdən axıb gedir;
-Necə gedim ziyarətə!!!
Erməniyə kəniz olub,
şaha, xana
baş əyməyən gözəllərim,
Burda mənim öz yaxamdı,
Öz əllərim;
-Necə gedim ziyarətə!!!
On beş ildi şəhidlərin,
qayalardan
qəltan qanı silinmir.
On beş ildi itkin düşən
oğulların,
taleyi də bilinmir;
-Necə gedim ziyarətə!!!
Göyçə gölü ürəklərdə
Dil açsa,
“Göyçəgülü” barmaqlarda
gül açsa;
Ziyarətdi deyərəm!
Çör-çöp yığıb
Yurd yerində
Bircə ocaq qalasam,
Qurbanlığı Məzahirin
öz başına dolasam;
Ziyarətdi deyərəm!
Bulaqların ayağına
dizin-dizin
sürünsəm,
Yurddaş deyib
haray çəkən
o viranə dağların
dumanına bürünsəm;
Ziyarərdi deyərəm!
Ağdam mənim
Məşhədimdi;
Mədinəmdi Dəlidağ,
Qubadlıdı Məkkəm mənim,
Kərbəlamdı Qarabağ;
Necə gedim ziyarətə?!
Yüzdən artıq
Yaşım olub
Neçə ildə!
Necə gedim ziyarətə?!
“Vətənsiz də insan olan
İnsan kimi yaşayarmı?”
deyənlərin
Nimdaşını geyirəm!
Millətimə yuxarıdan
aşağıya baxanların
yardımını yeyirəm!
Necə gedim ziyarətə?!
Yağılarla haqq-hesabı
ayırmamış,
Yurdsuzların ac qarnını
doyurmamış,
Necə gedim ziyarətə?!
Bu taleyi verirdinsə,
məni niyə yaratdın?
Dərd üstünə dərd gətirib,
Ürəyimi qanatdın!
Qüdrətinə diz çökürəm,
yalvarıram
sənə burdan,
Qərib-qərib dolaşdığım,
bu yeri də
axı sənsən yaradan!!!
Eşit mənim fəryadımı, naləmi,
Neçə ildi dərd-kədərə
bürümüşəm aləmi!
Ürəyimin sevincini,
itkin olan balamı ver!
Qüdrətinlə xəlq etdiyin,
yamacımı, talamı ver!
Səda göndər,
bu qərəmət yuxusundan ayılım!
Təpər göndər içimə,
mən də kişi sayılım!
Şəhid ruhun bizə olan töhmətini
qaytar mənə!
Sultan bəyin qeyrətini
qaytar mənə!
Sən Adilsən, Yaradansan,
Bircə quşa döndər məni!
Yoxdan varı yaradan, sən,
Qarabağa göndər məni!
Kəlbəcərə göndər məni!
Göndərməsən…göndərməsən…
Qara daşa döndər məni!!!


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir