“Ola bilməz”lər olanda…


İl 2016 da oldu… Saat ölçməsində, zaman keçməsində… İnsan oğlunun ömrünə qənim kəsilən bu ölçən-keçən arasındakı mizanı pozmağa gücü yetməyənlər isə dünya ilə savaşdadır…

Çox “ola bilməz!”-deyə inanmadığımız, eşidəndə içimizi çəkdiyimiz nəsnələr indi adi həyat tərzi kimi yaşanır, qarşılanır. “Təəccüb” sözunun yaxın zamanlarda mahiyyətini itirib arxaikləşəcəyini belə “ola bilər” kimi qəbul edin. Hətta “ola bilər” məncə, bir az ehtimal kimi oldu, “olmaya bilər”ə də yer qaldı. Amma indi “ola da bilər, olmaya da bilər”… arasındakı ehtimalların yeri gen olsa da meydanı dardır. Dərdlərimizin çozümünün meydanı dar olan kimi. Genişlik bircə tabeli, tabesiz cümlələrimizindir ki, onun da mürəkkəbliyi həyatı daha da mürəkkəbləşdirib, kirləndirib.

Bir fikirin nöqtəsi qoyulmadan başqa fikrə keçən beynim bununla funksiyasını qoruyur. Dünyada nə sahmandadır ki, düşüncələri də qaydasıyla rəflərə düzəsən. Bircə şeirlərin qafiyəsini qablaşdırıb vitrini hər gün silən şairlər bazarında sabitlikdir.

Sürətinə yetişmədiyimiz bu qarışıq zaman pəncərəsindən baxıb gördüklərimin xaosundan beynimi uzaqlaşdırmaq üçün sizə sual verim.

Son zamanlar daxilən nəyə “ola bilməz” hökmünü veridiyiniz yadınızdadırmı?

Məsələn, bizdə yazar, jurnalist qadınları həbsə atmazlar… Sizi bilmirəm, mən buna inanmışdım. Ola bilməz deyirdim… Oldu…

Sevənlər öldürməz, sevilənlər “öldür” hökmü verməz! Dindar rəhmli, varlı səxavətli, kasıb qürurlu, qadın həyalı, kişi qeyrətli olar… Əksi ola bilməz!!!

“Qadın səhnəyə çıxmaz”- qanununa tabe etdirən, qadın paltarında aktyorluq edəninə güllə atanlar zamanın rəndəsində yonulub səhnəyə gül atdılar. Bu olmazlar “olar”dan olandı… Maarifləndirmək istəyənlərin getdiyi çığırlar bu yola çıxırdı. Onlara “ola bilməz” demədik, eləmi? Yoldan, yolundan çıxanlara da, ola bilər çaşıb, dedik.

Ya məsələn… Vərəqlə, yaddaşı vərəqlə… O qədər ola bilməz deyib, olacağına inanmadığımız şeylər var…dı ki.

Geriyə qayıdıb tarixi vərəqləsəm… Sadəcə istinaddan istinada gərəyimiz olan Müqəddəs dərdlərimizin obyektinə üz tutsam… Onları dilimə dolayıb manipulyasiya vasitəsinə çevirsəm…. Bunlar da olmaz, olmamalı!!!

Adını çəkmədən həyat səhnələrinin remarkaları olan Adlıq cümlələrin adı olanları xatırlayırsınızmı?

Hacı Məmmədov, Eldar Mahmudov… “Cinayət və cəza” qanununu mundirlərinə ulduz taxılacaq qədər əla bilirlər. Amma ədəbi əsər olanını oxuyublarmı? Yox, bu qədəri də ola bilməz, deyirsiniz.

Məsləkdaşının 10 il əvvəlki rekordunu təzələməklə qalmayb ötüb keçən Bugünkünün əməllərini mətbuatdan oxuyanda mən də elə demişdim-“ola bilməz”. Hacı Məmmədovun məhbəsdə incəsənətlə məşğul incə ruhlu qatil olduğu məsələsində də “Ola bilməzlə, ola bilər”- arasında qalıram.

Mən məsələn, o olanlardan sonra insanların bir müddət övladlarına “Hacı” adını qoymaqdan çəkinəcəyini düşünmüşdüm. Ölkə adlarının qarşısında “Hacı” olanlarla doldu, daşdı. Nə gözəl… Məncə, ən pis örnək, nəticə çıxaracağımız ən yaxşı dərsdir!

Mənim cümlələrim də, pafosu da daha kəskin qoxusun deyə ona müxtəlif ədviyyatlar qatıb qarmaqarışıq qoxular içində öz qoxusundan edənlərin yazdıqları kimi oldu. Olmasın, amma. Ədviyyatı bol cümlələrin pafosu allergiya yaradır.

Qarışdırılanda itən qoxular timsallı qorxular da qalaqlandıqda itsəydi, barı. “Ola bilməz!”-ə köklənmiş beynimiz o sərhədləri elm, xeyrxahlıq, insanların bir-birinə məhəbbəti, mərhəməti ilə aşsaydı, keşkə.

İnsanlar şəhid oğlunun ruhuna ehtiram olaraq, sonradan onun miskin komada yaşadığının fərqində olan baş nazirinin yardım təklifinə, “məndən pis gündə olan qonşularım var” –deyən, milyonçunun “anası ehsanına” borcluların borclarını ödəyən hərəkətləri ilə “ola bilməz” dediklərimizi “olur”” etsəydi… Həkim xəstəni, hakim günahsız ittiham olunanı, müəllim şagirdini, media da insanları istismar etməzdi.

Nə gözəl oldurdu, deyilmi?

O zaman il 2016 olanda eyniləşdirmək üçün yüz il əvvəlin tragik hadisələrini “axtarışa” verməyə ehtiyac qalmayacaqdı. Sırf Rusiya-Türkiyə, İran- Səudiyyə Ərəbistanı, Polşa-Almaniya və sair yaşanan krizislərə münasibətdə olduğu kimi. Olmayan erməni genosidi də bura daxildir.

Yüz il sonra üçün Bu günün keçmişini eyniləşdirmək istəyən gələcək nəsillərin hansı soruya görə “axtarış” düyməsinə basacağı olmayacaqları oldurduğumuzdan bəllidir. Təəssüf…

Tünzalə Vəliqızı
Moskva, 11.01.2016
Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir