OVQAT- XAS POLADIN QƏLƏM DİLİ


OVQAT- XAS POLADIN QƏLƏM DİLİ
Çox pəjmürdəyəm bu günlər. Yanvar qırğınının acısı da, alovu içimizdə, xəcaləti vicdanımızda, əsir harayları qulağımızda Qarabağın faciəsi də son bir həftədə bambaşqa çalarlarda gəlib keçib gözlərimin önündən. Pəjmürdəliyimin bir səbəbi də bu oda “gec tutuşmağımdır”. Bir neçə ay bundan əvvəl jürnalist Anar Həsənov Qarabağ döyüşlərinin iştirakçısı, indiyədək cəmi bir dəfə görüşmək şərəfinə nail olduğum Abuzər Əbilovun kitabının elektron variantı ilə tanış olmağı məsləhət gördü və gələcəkdə kitabı ruscaya tərcümə et(dir)mək arzusunda olduğunu dedi. Söhbətimiz elə axarda idi ki, mən nədənsə (açığı məsuliyyətsizlikdən) bu işin tələsik olmadığı qənaətinə gəldim və gündəlik qayğıların içində itib-bataraq kitabın oxunmasını bu günlərə qədər gecikdirdim. Ona görə də ilk növbədə bu münasibətimə görə həm istedadlı jurnalist Anar Həsənovdan, həm də oddan-alovdan keçib, mənliyini, vüqarını, vətənsevərliyini daha da yüksək mərtəbəyə qaldırmış müəllif Abuzər Əbilovdan üzr istəyirəm. Çünki bu etirafsız nə desəm özümə bağışlaya bilmərəm. Çünki əsəri oxuduqca, onun hər səhifəsindən boylanan mərd, səmimi, etibarlı, həssas, qayğıkeş, şən, qəmgin, qətiyyətli (bu sifətləri daha çox sadalamaq olar və hamısı da düz olar) qəhrəmanı gördükcə özümün “gündəlik qayğılar” cildinə saldığım çabaların nə qədər cılız olduğuna inandım.
OVQAT- XAS POLADIN QƏLƏM DİLİ
Söhbət Abuzər Əbilovun avtobioqrafik “Əfqan gündəliyi”ndən və “Vətən döyüşü gündəliyi”ndən gedir. Davamını mütləq görəcəyim bu gündəliklərə təhlil rəyi yazmaq fikrində deyiləm. Sadəcə son onillik(lər) ərzində məni ana dilimdə yazılmış və bu qədər çılpaqlığı, təbiiliyi ilə sarsıdan ikinci əsər görmədiyimdən hiss etdiklərimin bir qismini sizlərlə bölüşmək istədim.

Müəllif bədii şedevr yaratmaq iddiasında deyil. Əslində əsil şedevrlər də elə bu ortamda yaranır. 1983-cü ilin mayında gələn “çağırış” vərəqəsi ilə yola çıxan 18 yaşlı oğlan, çöküşünə 7-8 il qalmış bir imperiyanın (indi bu sozü dəbə salmışıq, amma başında duranların başı baş olsaydı, o dövlət bu gün də dünyanı bürüyən fəlakətlərin çoxuna yol verməyən bir tarazlıq gücü idi) güc maşınına minib “dünyada düzən yaratmaq”, “əzilən əfqan xalqına ədalətli yardım etmək” adı ilə əslində heç bir məntiqə sığmayan, “9 il, 1 ay, 12 gün davam edib təkcə hərbçilərdən 13 833-nü həlak etmiş, 833-nü itkin salmış”, hər iki tərəfdən milyonlarla ailəni fəlakətə düçar etmiş bir müharibənin od-alovuna qarışır. Bu məqsədsiz, məntiqsiz müharibəyə göndərilirkən belə “top əti” olduqları “itirilmiş” sənədlərindən bəlli olan gənclərin—bir ölkənin genofondu olan gənclərin hələ sağ ikən “hesabdan silindikləri” ortada idi. Məzmunu danışıb oxucunu bu həyat lövhəsi olan əsəri oxumaq zövqündən məhrum etməyəcəm. Sadəcə Yaradana şükr edərək onu deyirəm ki, bütün ölümlərin acığına vətəninə sağ dönmüş, bu qısa müddətdə olğünlaşmış, acı təcrübə qazanmış, mətinləşmiş əsgər öz təcrübəsini indi də vətəndə tətbiq etmək məcburiyyətində qalır. Bu yerdə “yağışdan çıxıb, yağmura düşmək” ifadəsi yox, “bir alovdan qurtulub, başqa yanğına tutuşmaq” kimi bir ifadə uyğun olardı.

Əsər(lər)in dili çox təbii, obrazları canlı, ləhcələri şirin, süjetləri inandırıcıdır. Çünki burda heç bir saxtalıq yoxdur. Əsəri həyat diqtə edib və ciddi müşahidəsi, güzgü kimi yaddaşı, peşəkar hərbi biliyi, insanlara məhəbbəti, hədsiz Vətən sevgisi olan iştirakçı da onu qələmə alıb.
OVQAT- XAS POLADIN QƏLƏM DİLİ
Niyə sərlövhədə “xas poladın qələm dili” yazdım? Bildiyiniz kimi “polad sınar, əyilməz” deyiblər. Həm “Əfqan gündəliyi”ndə, həm də “Vətən döyüşü gündəliyi”ndə bütün epizodlarda, ürək ağrıdan, ölüm saçan səhnələrdə, Kabil hospitalında, Bakı bağlarında, Aqdam düşərgəsində, Şüşanın ətəklərində, hətta “Sizi Qarabağa mən göndərməmişəm” deməyi özünə rəva görənlərlə üz-üzə gələndə, hirsindən kiminsə başında taburetka sındıranda da əsas qəhrəman (müəllif) bir saniyə də olsa oxucunun tərəddüdünə imkan vermir, polad kimi saf və sərt, lakin adil mövqeyini nümayiş etdirir.

Yuxarıda da qeyd etdiyim kimi nə əsəri təhlil edirəm, nə də məni çuğlayan bütün hissləri bir yazıda yazıram. Sadəcə pəjmürdəliyimin səbəbini anlatmağa çalışıram ki, Abuzər Əbilov kimi oğlu, əsgəri, zabiti, yazarı olan Vətən yalnız müvəqqəti məğlub sayıla bilər. Kabinetdə oturub Qarabaq barıtından rəngi qaralan veterana, qaziyə laqeyd baxan məmurlar da müvəqqətidir. Çünki onlar Əbilovların içərisində nə fırtınalar dalğalandığını dərk etmək iqtidarında deyillər. Çünki Əbilovlar hərbi vətənpərvərlər dəstəsinə təlim keçəndə onlara Vətənə qazanc, talan olunacaq obyekt kimi baxanları yox, VƏTƏNİ sevməyi, qorumağı öyrədirlər. Çünki Əbilovların çiynində özlərindən savayı bir səngərdə vuruşub geri gəlməyənlərin də haqqı var. Çünki Əbilovların üstündə hələ də qəflət yuxusundan ayılmaq istəməyən həmyerlilərimizi oyatmaq, Vətənin ayaqlar altına salınmış ismətini, namusunu ağlamaq, təmizə çıxarmaq mükəlləfiyyəti var.
Daha çox yazmayacağam. Çünki Abuzər Əbilov deyir ki, “Bu yazı millətindən, əqidəsindən asılı olmayaraq, amansız müharibədə şərəf və ləyaqətini qoruyan bütün döyüşçülərə həsr olunur.”

Deyir ki, “Hər birinin əziz xatirəsi qarşısında baş əyirəm!!!”

Və bir də deyir ki, “Bu müharibə haqqında danışmaqdansa—susun!

Sükut özü hər şeyi danışacaq!!!”

Danışır da!

Cəfər Sadıq,
Moskva, 28 yanvar 2019 cu il


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir