Özünümüdafiə gününüz mübarək və ya …


Özünümüdafiə gününüz mübarək və ya ...
Urəkləri məzar yeri olan Uşaqlar

Günün nəşəsini pozmağa dəyərmi? Hər günü hər gündə yaşamaq varkən. Dünənin kədəri, bü günün sevinci… Dərdini basdır, pərdələ… Hissini ələ al, cilovla…

Cilovlanmayan iki hissi var insanın mənə görə. Biri sevinc, digəri kədərdir. Bəziləri onu təmkiniylə qandallamaqla, bəziləri yerlərini tərsləşdirməklə gizlətdiyini sanar. Amma hər ikisi bir şeyi hesaba salmaz. Gözləri! Baxışları kimdən hara qaçırsan da arxasındakı hüzn, önündəki huzurla səni sənə satar.

Düşündüm hey. Ruh halının redaktəsini ilk kim təcrübə etdi? Yerbəyer olan bəşəri hissləri kim yerbəyer etdi. İlk kimə kədərini boğ, sevincini cilovla təcrübəsini yaşatdılar ki, insan təbiətinin nəzəri qanunlarını praktik olaraq pozub yer dəyişdirməsinə rəvac verildi? Kim yenilənmənin yolunun yazılanı pozmağın üstündən keçmək olduğu doğruluğuna biət etdi və etdirdi?

Bircə, təkcə, sadəcə, yalnızca sadaladıqlarım təcrübə yaşını yaşamayan onlarda-Uşaqlarda sıfırlanır. Daha doğrusu sıfırlanırdı. İlkinliyin saflığının, paklığının, düzlüyünün, doğruluğunun, məsumluğunun, səmimiliyinin ölçü, meyar VAHİDi olan Uşaqların uşaqlıqlarını uçurduqları çərpələnglər, qaçırdıqları toplarmı uzaqlara apardı?

Xocalıda ödürülən 63 körpənin gözündə donan iki hissin tablosu çızılanda pozuldu bu düzən! İlkinlik, meyar onda, orada sıfırlandı. Xəyallarını mindirib uçurtuğu çərpələnginin səması qaralanda, arzularını yuvarladığı topun arxasınca qaçdığı torpağı daralanda hesablar itdi… O uşaqlığı o yerlərdə, o torpaqlara buraxıb gəldi(k). Qət etdiyi(miz) yol bu.!!!

Sonra… Dodaq əsridi, gözlər doldu…

Nə olar, bura qədəri təxəyyül olsun. Ədəbi olsun… Xəyal məhsulu olsun… “Keşkə”, heyf”, “təəssüf” elə o cümlələrin içində qalsın! Sətirlərin arasından həyata sıçramasın! Özü boyda sevinc, nəşə olan Uşaqların gününə bunu yükləməyək. Tanrıdan bir gün çalıb onlarla nəşələnək. Azmı yaşayırıq başqa günlərin nəşəsini, sevincini?! İndi bəzi kədərlərin hesabını sevincdən çixarmaq da düzə tərsdir!

Bu yerdə ilmələrim dolaşdı. Paşinyan “Yallısı”nın, Sarqsyan “Kətə”sinin üstünə bir də tanınmış-tanınmamış olmasından asılı olmayaraq torpaqlarımızda kimlərin nə keçirməsi gələndə…

Bir də bu yaşda gözünun altında nəm yuva salan minlərlə şəhid uşaqlarını ananda…

Sadəcə haqqımız varmı deyirəm! Ödürülən, Allaha şikayət edəniylə bərabər şəkillərə “Ata deyib” qucaqlamaq kimi bu gün və sabahlar miras qoyduğumuz Uşaqları düşündükcə, sizi bilmirəm, “mən hisslərimi düşmən görüb sevinməsin, dost görüb kədərlənməsinə” hesablaya bilmirəm. Bu yerdə sinifdə qaldım.

Bu gün varmı o dərsdən əlaçı çıxanlar…

Bu yazının dili, üslub qaydası, nizamı qoy pozulsun. Kədəri qafiləyib, ütüləyib yumşaltmaq da ürəklərə sirayət etmək üçündür. Tüstüsü görünməyən acıları içinə axıdıb nəfəsi boğulanlarla birgə boğulmayınca çərpələnglər raket, toplar mərmi olub başımıza yağmaqda davam edəcək -deyə düşünürəm.

Düşmən snayperinin hədəfində zabitimizlə -36 yaşlı Aqşin Akif oğlu Ömərovla birgə vurulan –bu gün çiyninin hələ ata tabutunu götürməyə gücü yetmədiyi halda, ürəyinə ATA məzarı qazılıb gömülmüş körpələr, uşaqlar var-deyə düşünürəm.

Məncə siz də düşünün. Mxiratyanı düşündüyünüz qədər, “qəhrəmanlar” yaratmağı düşündüyünüz qədər. Təkrar edirəm, bir az da kiçik yaşında gözünün altında nəm yuva salmış körpələri düşünün! Atası sizi, onları qorumaq üçün şəhid oldu. Siz onları nəylə qoruyacaqsınız, onu düşünün. Bu da növbəti nəşələrdə itən dərdlərdən (toylarda, düyünlərdə sağlığına içdiyiniz) olmasın, amma!

Günlə uyğunlaşsın deyə, sonda sizin təbirinizlə mən də deyim. Özünümüdafiə günün(m)üz mübarək!

Tünzalə Vəliqızı,
Moskva
01.06.2019


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir