BU DA SƏNİN SINAĞINDIR, TÜRKİYƏM!


Qədərindən kədərinə

Əlimi  buraxma, baba- dedi o körpə qızcığaz.
-Annemi de kurtarın, annem orda -dedi bir az daha böyüyü.
-Babam, nerde, babam-dedi kiçik Muhammed.
-Okulum var, okula getmem gerek, asger amca-dedi bir cocuk daha.

Mərdliyi, qaya kimi sərtliyi ilə tanınan türk əsgərini ağlatdı bu kəlmələr…

Adları Zəhra, Ayişə, Məhəmməd, Masal və ya nə olur olsun, nə fərq edər ki.?! Yaşadıqları yaşlarından böyük kiçiklər, körpələr. Hər biri özünü unudub, annem, babam nerde deyəcək qədər böyüyüb çıxdılar o qaranlıqdan.

-Əsgər amca, Okulum var…-ağlatdı bu kəlmə.
-Okulum var… Hələ oxumadıqları bir masalı yazdılar  acı yaşamlarıyla.

Qələmini mürəkkəba batırıb ağ kağız üzərinə yazacağı bir  tək cümləsi vardı…(( “Mürəkkəb kimi qara… hər yer qaranlıq”.

Onun və minlərlə onun kimi torpaq altında qalanların nə düşündüyünü bilmirəm. Bilməyim də imkansız. Çünki o qaranlıqda nə və necə yaşadığını o mürəkkəbinin qarası dünyasına qarışanların  yazacaqları tək bir cümlə, “İmdad!” fəryadı anladır.

Yer altından səsləri duyulmayanların faciəsinə bütün dünya işıq tutarkən onlar qaranlığa gömüldülər.

Ekrandan döyükmüş, kədərdən, qorxudan gözləri böyümüş  insanların silueti keçir. Dünya qurduğu bu faciə səhnəsinə bir baxsa… Baxanların ürəyindən (ürəyi olanlarından təbii ki) “bunlar gerçək ola bilməz!”-deyə keçir.

Qədərinin kədərinə bürünmüşlər, soyuqdan, qardan, küləkdən, yağışdan qoruyanı başına üçmüşları  axtarır  sağ qalan doğmaları.

Məlikməmməd kimi quyuyamı düşmüşdülər?! Kəndirləri Allahdanmı kəsilmişdi?

Bəndəni suçlarıq faciələrdə. Bəs..? Gerisini deməyə dilim varmır. Allahın hansı günahına tuş olmuşdular o gecə yatağına girib uyuyanlar?

Çəkişmələr, qan-qadalar,  insanlığı, bəşəriyyəti məhvə aparan, dünyanı dağıtmaqla hədələyən silahlaramı qəzəblidir, dünya? Günahını çıxartmağa yermi axtarırıdı, yeri yerdən oynadan? Təbiət təbiiliyindən çıxanlardan hirsinimi çıxarırdı bununla?

Eləysə… O “anne, babam  nerde”-deyən cocukların günahı nədir?

“Sabah okulum var, okula getməliyəm”-deyən uçqunlar altındakı qaranlıqda keçirdiyi qorxulu yuxudan ayılmayan o qızcığazmı ödəməlidir bunun bədəlini?

24 saat, 32 saat,  43 saat, 57 saat, 60 saat… sonra yaşanan möcüzə deyə qaranlıqdan  sağ çıxanlara ağlaya-ağlaya sevinirik. Fəlakətin möcüzəsi deyə nitələndiririk. O fəlakətin diktəsiylə bir yanda gerçək Masallar doğulur, bir yanda gerçək masallar yazdırır faciə.

Ailəcə yerə batan, nəsilləri itən minlərlə dəhşətin ardından bir ümid kimi boylanır – düşən gün işığından gözü qamaşıb üzündə gül açan və ağlamayan körpələr. Ümid sadəcə onlara tutunub.

Allahın 99 adı mədh edilən  təsbehin imaməsi-Türkiyəm! Bu da sənin sınağındır!

Tünzalə Vəliqızı, Moskva
08.02.2023
Yenises.ru

#Turkiyeyeyardim


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir