QƏLƏMİMƏ


QƏLƏMİMƏ
Əziz dostum!
Səninlə danışa bildiyimi heç kimə deyə bilmirəm. Ağlımın diqtə elədiyini cümlələrə düzməyimə kömək edən də sənsən, sərsəmləmələrimin nə qədər adam içinə çıxası olmadığını da hamıdan qabaq sən göstərirsən. Çünki onu sənə deyirəm, sən də ağ kağızın üstünə töküb güzgü tutursan ki, bax gör, heç bü başqasının oxumasına layiqdirmi? O dəqiqə də mənə yardım eləyirsən ki, rəzalətin sirri ikimizin arasında qalsın.

İlk dəfə səni əlimə aldığım gündən əlli ildən də çox zaman keçib. Ondan əvvəl də şəkil çəkmək üçün tutmusan əlimdən. Sonra hərfləri, sözləri, cümlələri öyrəndim. Sən də onları rəvan dillə, gözəl xətlə kağıza köçürməyi öyrətdin. Həmişə səlis, axıcı yazmağa çalışsam da istədiyinə nail olmaq həm də bir ovqat məsələsidi. İndinin özündə də sənə sarılıb nəsə yazmaq istəyəndə birinci özümdən soruşuram, daha doğrusu, bu sual ağlım kəsəndən bəri yol yoldaşımdı: kimin nəyinə lazımdır bu yazdıqların? Ona görə də yazdıqlarımın çoxunu ikimizdən başqa görən olmayıb.

İndiki gileyimin məğzi tamam başqadı. İkimizin də yararsız hala düşməyimizdən danışmaq istəyirəm. Yararsız sözünü bəlkə düz demədim, çünki sən də, əlhəmdülillah, mən də hələlik öz işimizi əvvəlki eşqlə yerinə yetiririk. Amma zaman dəyişib və bizə artıq ehtiyac qalmayıb. Mənə ehtiyac qalmadığını bir-birindən savadlı gələn yeni nəsillər göstərirsə, səni tarixin arxivinə göndərmək istəyən bu yeni texnologiyalardı. Mən aypadların, ayfonların labirintində itib-batdığım kimi, sən də artıq yazılanlara nəzarət edə bilmirsən. Kompüter, bilgisayar deyilən tüfəng çıxandan sonra qələm adlı qılınc kəsərdən düşüb…

Gəlsənə çəkilək bir kimsəsiz, bilgisayarsız, vayfaysız adaya. Çayları mürəkkəb, ağacları kağız edək, o “dünyadan” bu dünyaya məktublar yazaq…

Cəfər Sadıq,
Moskva, 27 dekabr 2015-ci il


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir