QƏRİB BİR AXŞAM…


QƏRİB BİR AXŞAM...
Ötüb keçən son yeddi-səkkiz ay qəlbimizdə silinməz yaralar qoydu.

Bir-birinin ardınca, yaşamağa məhkum olduğumuz qürbət eldə, dünyasını dəyişən və elə qürbətdə də torpağa tapşırılan dostlarımızın, soydaşlarımızın vaxtsız və qəfil ölümü hər birimizi kövrəltdi, ruhumuzu sarsıtdı…

Gözəl alim Pərviz Babayevin, şair Sabir Abdullanın, tarixçi-alim Emin Məmmədbəylinin və şair-publisist Marat Kələntərovun əziz xatirələrinə həsr edirəm bu şeiri!

Yenə axşam düşüb, qərib bir axşam…
Qərib ürəklərin dolduğu vaxtdı.
Uzaqdan baxana bu – adi yaşam,
İçindən çəkənə – bir qara baxtdı.

Ulduzsuz səmanı bürüyübdü sis,
Dolmuş gözlərimə görünmür ay da.
İllərdi gümana aldanırıq biz:
“Bəlkə bu baharda…, bəlkə bu yayda…”

Əcəl də qürbətə yol açılb bu il,
Seyrəlib dostların səfi, sırası.
Vallah, qorxduğumuz ölümdən deyil…
Onsuz da öldürüb Vətən yarası.

Qorxuruq yad eldə tapşıraq canı…
Elə qərib kimi bükülək ağa.
Bir də görəmməyək Azərbaycanı…
Gömülək bu ögey, soyuq torpağa.

Bizləri qorxudan bu acı həsrət
Qışın buzundan da soyuqdu, sərtdi.
Qərib həyatımız özümüzə dərd,
Qərib məzarımız dostlara dərddi.

Afaq ŞIXLI
MOSKVA
26.02.13.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir