Qələmindən məhəbbət süzülən şair-Nüsrət Kəsəmənli


Qələmindən məhəbbət süzülən şair-Nüsrət Kəsəmənli
Nüsrət Yusif oğlu (Əyyubov) Kəsəmənli 1946-cı ilin dekabr ayının 29-da Qazax rayonunun Kalininkənd kəndində anadan olmuşdur. Kirovka kənd orta məktəbini bitirdikdən sonra əvvəlcə Mədəniyyət və İncəsənət Universitetinin rejisssorluq, sonra isə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsinə daxil olmuşdur. Universitetin ikinci kursunda ikən “Bakı” və “Baku” axşam qəzetlərində çalışmışdır. Nüsrətin istedadlı gənc olduğunu ilk dəfə duyan müəllimi Nəsir İmanquliyev olmuşdur. Nəsir İmanquliyev Nüsrət Kəsəmənlini baş redaktoru olduğu qəzetdə işə götürərək onun ədəbi yaradıcılığına şərait yaratmışdır.Universiteti bitirdikdən sonra 1978-1985 – ci illərdə Azərbaycan Yazıçılar İttifaqında referent və ədəbi məsləhətçi olmuşdur.

Nüsrət Kəsəmənli altmışıncı illərin sonlarında ədəbiyyata gələn o ədəbi nəslin ön sıralarında duran ən istedadlı şairlərimizdən olub. Şair, tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, Dövlət mükafatı laureatı Qasım Qasımzadə “Azərbaycan gəncləri” qəzetində Nüsrət Kəsəmənliyə “Uğurlu yol” yazmışdı. Yeri gəlmişkən onu da deyim ki, elə mənə də ilk uğurlu yol yazan Qasım Qasımzadə olub.

Elə ilk şeirlərinin capından sonra Nüsrət Kəsəmənlinin imzası hamının diqqətini özünə cəlb etdi. Mən 70-ci illərin illərin şeir gecələrini, poeziya axşamlarını xatırlayıram. Mən özüm də dəfələrlə Nüsrət Kəsəmənliylə birlikdə müxtəlif poeziya axşamlarında iştirak eləmişəm.Mən Moskvada tələbə olanda Moskavaya gəlmişdi SSRİ yazıçılar ittifaqının yataqxanasında qalırdı. Demək olar ki,hər gün görüşürdük.Bizim yataxanadas həmin binada yerləşirdi. Rus dilində kitabının nəşr ediləcəyini deyirdi.

Azərbaycan poeziyasının tarixində məhəbbət mövzusunda yazmayan bir şair təsəvvür eləmək çətindir. Nüsrət Kəsəmənli haqqında isə cəsarətlə demək olar ki, O, Azərbaycanın ən böyuk məhəbbət şairlərindən biridir.

Zaman Nüsrət Kəsəmənliyə qarşı haqsızlıq etdi. Nəğməli şairimiz Nüsrət Kəsəmənli 2003-cü il oktyabrın 17-də Təbrizdə əbədiyyətə qovuşdu. Şair indi paytaxtımızın Fəxri Xiyabanında uyuyur.

Şairin ilk kitabı-“Sevirsənsə” 1971-ci ildə “Gənclik” nəşriyyatında çapdan çıxmışdır. Sonralar “Gözlərimin qarası”, “Özümə bənzədiyim günlər”, “Gümüş yuxular”, “Təklikdə danışaq” ,“Qapamayın gözlərimi” “Heyif o sevgiyə” kitabları işıq üzü görmüşdür.Onun şeirlərinə 150-dən artıq mahnı bəstələnmişdir.

Nüsrət Kəsəmənli hər kəsin fikirləşdiyini, bildiyini, keçirdiyi iztirabı elə obrazlı, elə poetik qələmə alırdı ki, onu oxuyan insan dünyasından olurdu, hətta şeirdən başı çıxmayanlar belə, onun şeirlərində öz hisslərinin ifadəsini tapıb, dinləyirdilər. Onun poeziya gecələri, televiziya verilişlərindəki çıxışları hər birimiz üçün bayram olurdu.

Nəsib Nəbioğlu,
şair, Azərbaycan və Rusiya Yazarlar birliklərinin üzvü


Qələmindən məhəbbət süzülən şair-Nüsrət Kəsəmənli

Nüsrət Kəsəmənli

Küçədən toy keçir

Küçədən toy keçir bu axşam yenə,
Dodaqda təbəssüm, üzdə sevınc var.
Evlər də qol-qola, çiyin-çiyinə
-Elə bü “Yallı””ya başlayacaqlar.
Rəqsdən az qalır sümüklər sına,
Bir maşın içində ikidir dünya.
Bir qoca söykənir əl ağacına,
Köksünü ötürür:
“”A gidi dünya…””.

Gəlinlik duvağı bürünüb afət,
Maşının üstündə qırmızı bir şal
Birinin yolunu kəsdin –
cinayət,
Toyun qabağını kəsdin –
nəmər al.

Varını cehizdə verən analar:
“”Bərəkət evimin daşına”” deyir.
Evini gəlinsiz görən analar:
“”Sağ əlin oğlumun başına”” deyir…

Küçədən toy keçir,
dayanır söhbət,
Hamı bu sevincin selindən içir.
Birinin evindən qiz köçür, fəqət,
Birinin ömründən subaylıq köçür…

Oğru olmaq istəyirəm

Qoy polislər eşitməsin,
Qorxulu bir sirr deyirəm:
Çoxdandır ki, bir arzum var,
Oğru olmaq istəyirəm!…

İnsanların arasından
Əqidəsiz adamları,
Vicdanını pula satan
nadanları
Oğurlamaq istəyirəm!

Bu torpağın gündən-günə
Niyə artır dərdi-səri…
Dövlətlərin arasından sərhədləri
Oğurlamaq istəyirəm!

Axı, nə iş görmüşəm ki,
Oğurluq da işdi barı.
Mən anamın sifətinə
Vaxtsız düşmüş qırışları
Oğurlamaq istəyirəm!…

Birisini yıxmaq üçün
İkisinin ülfətini,
İnsanların ürəyindən
Hər kinini, nifrətini,
Yalanını bundan ona,
Ondan buna satanları,
İki sevən arasından
O üçüncü adamları
Oğurlamaq istəyirəm!

Araz axır…
O taydan da insan baxır,
Bu taydan da insan baxır,
Necə milyon gözüyaşlı əzizimi,
O həsrətli Təbrizimi
Oğurlamaq istəyirəm!

İndi necə dövlətlərdən
Məzlumların ah-zarinı,
Yad torpaqda yatıb qalan,
Əsrlərin arxasından
Qollarını çatıb qalan
Kərbəladan Füzulinin,
Hələbdənsə Nəsiminin məzarını
Oğurlamaq istəyirəm!

Nə gizlədək, bilir hami
Tonqal çatıb yandırırlar
bu cahanı.
Qəlbim deyir:
“Bir azəri məsəlini yadına sal:
“Oğrudan-oğruya halal…”
Prometey oğurlayib
İnsanlara verən odu
Oğurlamaq istəyirəm!

Lap qəzəbi tutsa belə
Yerin mənə, göyün mənə
Nə deyirsiz, deyin mənə
Oğru olmaq istəyirəm!!!

Dəli bir ağlamaq keçir könlümdən

Yüyürüb-yüyürüb dərə boyunca
Düşüm çəmən üstə qoy üzüquylu
Öpüm bu torpağı, öpüm doyunca
Üzümə üz qoysun hər soyuq daşı
Qoy şehə qarışsın gözümün yaşı
Qurumuş bulaqlar içir könlümdən
Dəli bir ağlamaq keçir könlümdən…

Könlünə dəydiyim, incitdiyim qız
Vüqar kölgəsində yatdığım bəsdir
Odlu yanağından su içdiyim qız
Bu qədər günaha batdığım bəsdir

Daha dodaqların titrəməsin qoy
Mən sənin qarşında titrəyim, əsim
Səndən dünyaları istəmirəm yox
Məni bağışlasan bəsimdir bəsim

Can desən alışıb yana bilərəm
Dön desən yerimdə dona bilərəm
İndi bilmişəm ki ömür-gün gedir
Ən gözəl hislərim köçür könlümdən
Qayıt, sən ömrümə təzəlik gətir
Dəli bir ağlamaq keçir könlümdən…

Çoxdandır qəbristana düşməyir yolum
O tənha məzarı ot basıb bəlkə
Mənim soyuqluğum, laqeydliyim
Onun sinəsinə od basıb bəlkə

Bir daş var gözümün yaşına həsrət
Dayanıb o giley heykəli kimi
Əlim torpağına- daşına həsrət
Yıxılıb üstünə mən dəli kimi ağlayam gərək!
O tənha məzarı torpaqdan üzüb
Ovcumun içində saxlayam gərək!
Şöhrətin üstünə yüyürdükcə mən
İstəklər, arzular köçür könlümdən
Sevgi dünyasına büründükcə mən
Dəli bir ağlamaq keçir könlümdən…

Küləklər oynayır kənd evimizdə
Taleh baş götürüb apardı məni
Hörümçək tor qurub pəncərəmizdə
Həsrətim çırpınır o torda mənim
Yarasa boylanır uçur tavandan
Bükülmüş dirəklər çat-çat olubdur
Qorxudan dıvarın bağrı yarılıb
Qapılar çoxalıb dörd qat olubdur

Gedim divarına yalvarım onun
Gedim qapıların qatı açılsın
Gedim mən sonuncu dirəyi olum
Tavanlar çinimə barı uçulsun
Daşı daş üstünə qoyum təzədən
Dəlisov küləklər əsir könlümdən
Elə kövrəlmişəm, bilmirəm nədən!
Dəli bir ağlamaq keçir könlümdən…


İrəvanda xal qalmadı

İrəvanda xal qalmadı,
Xal-xal oldu bağım mənim.
Ağrı dağdan ağır gələr
Ürəyimdə ağrım mənim…
Məscidləri uçurdular,
Dikəldi qara kilsələr.
O torpağım kökü üstə
Yaradı, yara kilsələr,
Oyaq bir nisgil görərlər
Qəlbimi yara bilsələr:
İgid qartallar yurduna
Qarğa-quzğunlar doldu ki,
İrəvanda xal qalmadı,
İrəvanda nə qaldı ki?!
Sazda “”İrəvan çuxuru””,
Sazda qalıb “”Göycə gülü””.
Yazı babamın yazıdı,
Yazda qalıb Göycə gülü,
Nərgizləri yetim kimi,
Bənövşələri bükülü:
Torpaq! Torpaq! – deyə-deyə
Lalə bağrım xal saldı ki,
İrəvanda xal qalmadı,
İrəvanda nə qaldı ki?!
Göyçə adım uçub getdi,
Sevan düşdü yerinə.
İgidlərim atdan düşdü,
Dövran yetişdi birinə.
Yurdsuz qalıb sürünənə
Torpaq gərəkdir bürünə:
Torpaq! Torpaq! – deyə-deyə
Neçə ömürlər soldu kı,
İrəvanda xal qalmadı,
İrəvanda kim qaldı ki?!



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir