Qadınlar və kişilər


Qadınlar və kişilər

Hər zaman qadınlardan yazarkən kişilərimizin xətrinə dəydiyinin fərqindəyəm.
Hər zaman üzümü əks cinsə tutub qadınlara qarşı nəvazişli olmaq lazımdır – deyə yazmışam.
İndi isə müraciətim qızlara və qadınlara olacaq.

Sizcə biz kişiləri, oğlanları, öz sevdiklərimizi necə görmək istədiyimizi bilirikmi?
Onların həyatda çəkdikləri əziyyətdən, keçirdikləıri həyəcandan və yaşam mücadiləsindən tam olaraq xəbərimiz varmı?
O zaman baxaq.

Bizə romantik anlar bəxş edən, həyatımıza rəng qatan, əsil insan olduğumuzu hiss etdirən – hirslənərək asıb kəsdiyimiz, bəzən rəfiqələrimizlə haqqında saatlarla danışdığımız oğlanlar deyilmi?
Təbiət nə qədər sərt yaratsa da özlərini bizim xətrimizə az da olsa dəyişdirməyə, xoş sözlərlə könlümüzü almağa çalışmırlarmı?
Nazımıza dözərək cavabsız qoyduğumuz telefon zənglərini bir birinə calamırlarmı?

Aralarında incə ruhlu, zərif qəlbliləri yoxdurmu?
Heç küçədəki bir pişiyi qucağına alarkən öz-özümüzə gülümsünməmişikmi?
Zərif çiçəklər bağışlayarkən Sən bu güllərdən də gözəlsən dedikləri olmayıbmı?

Bəs romantikləri necə?
Sizə göydəki bütün ulduzları bağışlayan, saçlarınıza gül düzən, dünyanın hər bir yerini gəzdirməyi vəd edənlər…
Həyatınızı cənnətə çevirərkən – Nə yaxşı ki sən varsan – dediklərimiz…

Məgər bütün problemlərimizi dinləmirlərmi?
Bizi incitməmək üçün, bəzən qulaqlarını qapayıb qaçmaq lazım ikən, yenə də dözmürlərmi?
Hər çür cəfəngiyyatdan danışıb onları bezdirdiyimiz olmurmu heç?

Elələri var ki, evini, isti yuvasını daha çox sevir.
Bir filmə baxmaq, qəzet oxumaq və ya futbol seyr etmək istəyir.
Beləsinə də – oğlan bütün günü evdə oturmaz – deməmişikmi heç?

Yaxşı. Evdə oturmadı.
Dostlarıyla gəzməyi, yeyib-içməyi xoşlayanlar bəs?
Onları isə qısqanırıq – Haralardasan, niyə bir yerdə oturmursan deyirik…

Qadınlarla danışıb-gülməyi sevməyən, bir qədər təbəkkürlüləri də var.
Sərt, davranışları və danışığı bir qədər tikanlı…
Onda sevməyin eləsini! Niyə məhz belə birini seçib sonra onu dəyişdirməyə calışmalısınız?

Hər zaman ayaqlarınıza döşənən birini sevə bilərsinizmi?
Kişiləri yalnız kişi xüsusiyyətlərinə görə, mərdliyinə, cəsarətinə və tündlüyünə görə sevmirikmi məgər?

İnsan hər zaman gülüb danışa bilməz ki?
İnsanın kədərli, yorğun və düşüncəli halları da olur.
Belə vaxtlarında onlara – Sən daha məni sevmirsən deyərək, insafsızlıq etmiş olmuruqmu?

Kişilər başımızın tacıdır!
Onlar bizim atalarımız, qardaşlarımız, sevdiklərimizdir!
Gəlin onlara qarşı bir qədər anlayışlı, mülayim olaq.
Səbəbini bilmədən hövsələsizlik etməyək!
Biz əsil qadın olaq ki, onların da əsil kişi olduqlarını dərk edək!
Bütün münasibətlər müştərəkdir!


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir