QADINLAR!


Bəzi qadınların səbirsizliklə gözlədiyi, bəzilərinin isə laqeydliklə qarşıladığı bayram gəlib. İndi yazacağım adi kəlmələr olacaq – hamımızın bildiyi…

Qadın dedikdə gözümüzün önünə kimlər gəlir? Sadə baxışla analar, bacılar. Amma nə qədər müxtəliflik var düşünsək:

Ərinin, oğlunun nəvazişi və təbriklərilə gözünü yuxudan açan, qarşısında bir dəmət gül, bir bağlama hədiyyə görən, ürəyinin içi də gözləri kimi gülən, pardaqlanan; bəlkə Allaha şükür edən, bəlkə də bu xoşbəxtlikdə yalnızca özünü haqlı və layiqli bilən qadınlar…

Bir xoş sözə ehtiyacı olan, günü göy əskiyə düyünlənən, bəzən əri və oğlu qabalıqda bir-birindən geri qalmayan, “heç olmasa bayram günü qəlbimi qırmayın” dedikdə – “Bayramın qara gəlsin” kəlmələrinə gözlərindən ürəyinə sellər axıdan qadınlar.

Tək böyütdüyü körpəcə balaları pul qabına il boyu pul yığıb, bayram günü anasına kiçik də olsa bir hədiyyə edən qadınlar.

Ətrafında sevib sevildiyi insan olmadığından bayram günlərini adi günlərdən seçə bilməyən qadınlar.

Övladı qeyrətli olub Vətən yolunda şəhid düşən, təbrikinə ellər gələn qadınlar.

Kişisi qeyrətsiz olub evdən iraq düşən, bayram günü bir təbrikə, bir diqqətə möhtac qalan qadınlar.

Qaşlarını dartdırıb, dodaqlarını şişirdib analıq sifətindən çıxan, qazancı gözəllik salonlarına səpən; ya sarsaq kişilərin puluna daş-qaş içində üzən, yaşı bilinməyən, abrını yellər aparan qadınlar.

Evinin, ocağının təəssübünü çəkən, ürəyinin arzularını qundaqdaca boğan, qara saçlarına qayğılar hörən qadınlar.

Parta arxasından durmamış ər arzusunda olan, bəzən kiminsə ailəsini dağıdan, balalarını atasız qoyan, özünün xoşbəxtliyi üçün başqa bir qadını gözüyaşlı edən, namus dediyində dili ağzına sığışmayan, amma namusun nə olduğunu bilmərrə bilməyən, üzü pul kimi sürtülmüş qadınlar.

Elm yolunda can qoyan, öz əməyilə, öz işilə insanların hörmətini qazanan, lakin xoşbəxtliyin nə olduğunu hələ də bilməyən, ürəyi bədənindən ayrı yaşayan, düşüncələri dar məkana sığmayan, dərdini qürur arxasında gizləyən qadınlar.

Sizi təbrik edirəm, qadınlar!
Gəlin, qadın adını uca tutaq!

Allah bizi xoşbəxt etsin, çünki, hər dərdimiz-möhnətimiz, hər səhvimiz xoşbəxtlik arzusunda qoşmağımızdandır. Bizi yaradan bizə hüzur və rahatlıq versin. Biz də buna layiq olaq!
Bayramımız mübarək!

Və bu şeirimi sizə həsr edirəm, ürəyimdə heykəlini qurduğum, sevdiyim və hər kəs tərəfindən seviləcəyini dilədiyim qadınlar!

QADINLAR!

Sevgisi, sevdası dəniz misalı,
Gah sevinclə üzür, gah da boğulur.
Qisməti taleyin yanlışlığımı –
Qadın neyləsin ki, qadın doğulur!

İncə çiyinlərdə ailəmin yükü,
Kövrək ürəyində qaya sərtliyi.
Bəzən qadınlardan öyrənilməli
Kişi dəyanəti, kişi mərdliyi.

Saralan bəxtində göyəyər istək,
Solan baxışında bir alov yatar.
Gizləyib köksündə öz kədərini,
Özgənin dərdinə, hoyuna çatar.

Fikrinin ardınca yetməz ki zaman,
Şəfqəti bir ömrün səadətidir.
Dünyanın ən güclü, ən zərif hissi
Vəfalı qadının məhəbbətidir.

Sevgisi, sevdası dəniz misalı,
Gah sevinclə üzər, gah da boğular.
Qadınlıq – Tanrının bir bəxşeyişi!
Ən xoşbəxt bəndələr qadın doğular!

Afaq Şıxlı. Moskva

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir