Qadınların “Nicat” Xeyriyyə Cəmiyyətinə Moskvada ikinci həyat verildi


Qadınların “Nicat” Xeyriyyə Cəmiyyətinə Moskvada ikinci həyat verildi
Mart ayının 5-də, Beynəlxalq qadınlar günü ərəfəsində, Azərbaycan Mədəniyyətinin inkişafı və intibahı fondunun və Azərbaycan-Slavyan Gənclər assosiasiyasının Moskva nümayəndəliyinin təşəbbüsü və dəstəyilə “Rusiyadakı Azərbaycan diasporasında azərbaycanlı qadınların rolu” adlı dəyirmi masa keçirildi.

Toplantıda Moskvada yaşayan işgüzar azərbaycanlı qadınlar, tələbə gənclər, adı çəkilən cəmiyyətlərin fəal üzvləri və KİV nümayəndələri iştirak edirdilər.

Tədbiri AMİİ fondunun rəhbəri Şamil Tağıyev açdı. Azərbaycan qadınlarını 8 Mart münasibəti ilə təbrik edən Şamil bəy Şərqdə ilk dəfə Azərbaycanda qadınlara seçki hüququ verilməsini, eləcə də ilk qızlar gimnaziyası açılmasını vurğulayıb.

Azərbaycan-Slavyan Gənclər assosiasiyasının Moskva nümayəndəliyinin sədriToğrul Allahverdiyev isə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın fəaliyyətinin hər zaman qadınlarımıza nümunə olduğunu deyib. O, qadınların diasporamızın həyatındakı önəmindən danışaraq RAGB-ın rəhbəri Leyla Əliyevanın Rusiyadakı fəaliyyətindən danışdı.

Dəyirmi masa, Azərbyacan və Rusiya Yazıçılar birliklərinin üzvü şairə, publisist Afaq Şıxlının cıxışı ilə davam etdirildi. Tədbirin mahiyyətini açıqlayan şairə, Azərbaycan qadınlarının bayramını gözəl bir şeirlə təbrik etdi. Diasporumuzun həyatında fəal iştirak edən xanımlardan: uzaq diyarda ana dilinmizin tədrisi sahəsində böyük işlər görmüş müəllimələr -Validə Məmmədova, Xalidə Səmədova, Mehriban Abdullayeva, Səbinə Rəhimova, Azərtaç-ın Moskvadakı xüsusi müxbiri Fəridə Abdullayeva, MDDU-nin Azərbaycan dili mərkəzinin sədri Bella Musayeva, Azərbaycan etnomənşəli məktəbin metodisti Sevil İsmayılova, Yenises.ru saytının rəhbəri jurnalist Tünzalə Vəliqızı, “Mən sənə inanıram” MQKT-nın sədri Naibə Həsənova, uğurlu iş adamı Turan xanım, gənc həkim Aytən Məmmədova, fəal gənclərdən Aişə Cəfərova və b… öz peşələrindən, gördükləri işlərdən, Azərbaycan diasporunun Rusiya cəmiyyətinin həyatında oynadığı roldan danışdılar. O cümlədən Azərbaycan tarixində, elmində, mədəniyyətində, siyasətində qadınların oynadığı rol da diqqətə çatdırıldı.

Maraqlı məqamlardan biri də, 8 ildir fəaliyyət göstərən, yüzlərlə rus gəncinə Azərbaycanı və Azərbaycan dilini sevdirən Bella Musayevanın Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Əməkdar müəllim adı verilməsi oldu. Tədbirin iştirakçıları, Afaq Şıxlının anası Mirvari xanım Şıxlinskayanın doğum gününü də təbrik edərək, Azərbaycan ədəbiyyatını və mədəniyyətini Vətəndən uzaqlarda təblig edən şairəni dünyaya gətirən anaya öz hörmət və ehtiramlarını bildirdilər.

Tədbir çərçivəsində, Şamil Tağıyev: “Mənə elə gəlir ki, bizim qadınlarımızın öz fəaliyyətləri ilə daha böyük nailiyyətlər qazanmağa qabildirlər. Odur ki, külüngü bir yerə vurmaq üçün yeni bir cəmiyyətin yaranmasına ehtiyac vardır”, – deyərək , Moskvada qadınlar cəmiyyəti yaradılması kimi məsələ ortaya qoydu.

Şairə Afaq Şıxlı, 1908-ci ildə Həsənbəy Zərdabinin həyat yoldaşı Hənifə xanım Məlikovanın yaratdığı və rəhbərlik etdiyi “Nicat” Qadın Xeyriyyə Cəmiyyətinin gördüyü işlər davam etdirməyi və bu cəmiyyətə yeni həyat verməyi təklif etdi. “Yeni cəmiyyət yaratmaq çətin deyil, lakin 20-ci əsrin əvvəlindəki çətin zamanlarda, Azərbaycan qadınının hüquqlarının tapdalandığı bir dövrdə ilk savadlı və maarifpərvər qadınlarımızdan biri olan Hənifə xanım Məlikovanın böyük səyilə ərsəyə gəlmiş “Nicat” Azərbaycan Qadın Xeyriyyə cəmiyyətinə ikinci həyat vermək, məncə daha gözəl olardı”. Sonra şairə qeyd etdi ki, bu cəmiyyət heç kimin sədrliyi ilə idarə olunmayacaq. Kiminsə öz adını reklam etməsi üçün bir vasitə olmayacaq. O səbəbdən də, bayrağımızın üzərindəki səkkiz guşəli ulduzun rəmzi olaraq səkkiz qadından ibarət məsləhət şurası təsis edilsin. Cəmiyyətin feminist yönlü olmadığını bildirmək üçün isə, koordinator olaraq bir nəfər kişi də seçilsin. Eləcə də, Afaq Şıxlı təklif etdi ki, birlik üzvlərinin seçilən nişanəsi – Azərbaycan qadınlarının milli atributu “kəlağayı” olsun.

Gizli səsvermə yolu ilə məsləhət şurası seçildi. Koordinator olaraq Şamil Tağıyevin namizədliyi irəli sürüldü.

Birliyin məqsədi – gənc qızların milli mentalitetimizə uyğun layiqli xanımlar kimi yetişdirilməsinə diqqət göstərmək, mövcud problemləri müzakirə etmək, qadınların cəmiyyətin sosial həyatında yaxından iştirakını təmin etmək, uşaq evlərini, qocalar və əlillər evlərini ziyarət etmək, imkansız qocalara və xəstələrə yardım etmək və s… kimi xeyriyyə işləri olacaqdır.

Birliyin növbəti toplantısını aprelin 2-si – Kəlbəcərin işğal gününə həsr etmək qərara alındı.

Sonda təşkilatçılar adından qadınlara hədiyyələr verildi, xatirə şəkli çəkilərək bayram süfrəsinə dəvət olundular.

Nilufər ŞIXLI
Moskva

FOTO

Qadınların “Nicat” Xeyriyyə Cəmiyyətinə Moskvada ikinci həyat verildi


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir