ƏDƏBİYYATIN ŞƏHİD BALASI


Ülvi Bünyadzadənin unudulmaz xatirəsinə…

23 sentyabr 1969-cu il – 19 yanvar 1990-cı il.
Budur bir ömür – iki tarix! Qısa, göz-açıb yumunca ötüb keçən, lakin hələ də və bundan sonra da yaddaşlarda, qəhrəmanlıq səhifələrində yaşayacaq bir ömür!

…Ülvinin şəhid olduğu, eləcə də onun kimi yüzlərlə cavanlarımızın şəhid olduğu 1990-cı ildə mənim 21 yaşım vardı – Ülvi kimi. Bəli, biz bir ildə dünyaya gəlmişik. Mənimlə yaşıd bir gəncin həyatına son qoyan o dəhşətli gecədən sonra mən hələ 23 ildir daha yaşadım. 23 il daha zamanım oldu nələrisə etməyə, nələrəsə çatmağa, arzularımın bəhrəsini görməyə, dünyanın gözəlliklərini seyr etməyə… Onunsa buna zamanı olmadı!
Ülvi, öz qələmiylə insanları sevməyə, sevilməyə, daha yaxşı və daha ədalətli, mübariz və cəsur olmağa çağırıdı, elə o yaşlarında:

“Mən qorxmuram uzaq yola çıxmaqdan,
Bu yolun
şaxtasından, soyuğundan mən qorxmuram.
Mən qorxmuram uzaq yola çıxmaqdan,
Bu yolun,
acısından, ağrısından,
«Ölüm» adlı yuxusundan mən qorxmuram”.

Bunlar, onun 1989-cu ildə qələmə aldığı sözlərdir.
6 yaşından şeir yazan, 21 yaşındaykən povestlərin, poemaların, hekayələrin müəllifi olan bu gənc, yaşasaydı, neçə ünlü bir şair, publisist olacaqdı! Yaşasaydı, bir qızı xoşbəxt edəcək, vəsfinə muncuq kimi misralar düzəcəkdi… Yaşasaydı, özünə bənzər, gözəl, istedadlı, yüksək mənəviyyatlı övladları dünyaya gələcəkdi. Yaşamadı, sevmədi, sevilmədi…, amma gözəl şair ola bildi!
Nədəndirsə, mənimlə bir ildən olan sənət adamlarına xüsusi məhəbbətim var. Bu sıradan: şair və publisist Qulu Ağsəsin, yazıçı Aygün Bünyadzadənin , musiqiçi Əzizə Mustafazadənin adlarını çəkə bilərəm. Bəlkə bu ona görədir ki, biz eyni dövrün, ilin, eyni düşüncələrin məhsullarıyıq?! Eyni mühitin və zamanın yetirmələriyik?! Bu dövrün bütün dəyişiklikləri və düzəlişləri bizim üstümüzdə sınaqdan çıxıb?!
Qismətimizə dolaşıq bir dövran düşdü. Öncə, fikirləri çərçivəyə salan, lakin haradasa, murdarlıqlardan və meşşanlıqdan uzaq Sovet dövrü, sonra onun süqutu, dağıntılar, yenidənqurmalar, yerdəyişmələr, sonra 20 yanvar, şəhidlər, torpaqlarımızın işğalı, yenə də şəhidlər, şəhidlər…, qaçqınlar, qan bahasına düşüncələrimizdə tapdığımız, mənəviyyatımızda itirdiyimiz müstəqilliyimiz və qələbənin hələ də gəlməyən sorağını gözləmələr…
Bu başıbəlalı ildə Azərbaycanın Laçın rayonunun Qaragöl ərazisinin, Qubadlı rayonunun Çayzəmi ərazilərinin, Qazax rayonunun Kəmərli kənd ərazilərinin, Kəlbəcər rayonunun Zod qızıl yatağı ərazilərinin bir hissəsi SSRİ Mərkəzi Komitəsinin qərarı ilə Ermənistana verilir. Necə də asanmış candan can ayırmaq sanki?! Bəs torpaqlarımızın hər qarışını qoruyan və qurban gedən yaşıdlarımız olan şəhidlər kimlərdir? Tanıyırıqmı?
Aqil Məmmədov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
Bəylər Ağayev — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
Firudin Həsənоv — şəhid.
Faiq Ağayev — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
Gəray Məmmədov – “İgidliyə görə” medalı ilə təltif edilmiş Qarabağ müharibəsi şəhidi.
Əliyev Habil Mikayıl oğlu – “Azərbaycan bayrağı” ordenli şəhid.
Hikmət Muradov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
Həmid Xəlilov – Qarabağ müharibəsi iştirakçısı, şəhid.
Həsənqulu Qasımov — Qarabağ müharibəsi iştirakçısı, şəhid.
Kazım Məmmədov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
Mahmud Abbasov – Qarabağ müharibəsi iştirakçısı, şəhid.
Natiq Əhmədov — Azərbaycanın Milli Qəhrəmanı; Xocalı soyqırımı şəhidi.
Ramazan Çirinqov — Azərbaycanın Milli Qəhrəmanı, şəhid
Ruslan Polovinko — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
Rövşən Abdullayev – Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
Rövşən Rzayev — Azərbaycanın Milli Qəhrəmanı, şəhid
Sadıq Hüseynov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
Sərdar Səfərov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
Vüqar Abdullayev — Qarabağ müharibəsi iştirakçısı, şəhid.
Vüqar Hüseynov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
Yusif Əliyev — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
Zeynal Abdullayev – şəhid
Ülvi Yusif oğlu Bünyadzadə – Şair, publisist, 20 Yanvar Şəhidi.
İlyas Cabbarov — “Azərbaycan Bayrağı” ordenli Qarabağ müharibəsi şəhidi.
Şövqiyar Abdullayev – Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
Ərəstun Kərimov – Qarabağ müharibəsi iştirakçısı, şəhid.
Və daha kimlər…

Ximkidə yaşayan bir həkim həmkarım, Rusiyadakı soydaşlarına hər çür yardıım və dəstək verən gözəl insan – Məhsəti xanım keçən il, 20 yanvar gecəsinin anımı tədbirində öz taleyindən mənə bir qəribə əhvalat danışmışdı: “Bakıda yaşayırdıq. 20 yanvar gecəsi, hər yan al qana boyandığında hamilə idim. Qorxudan və həyəcandan ağrılarım başladı və ilk oğlum elə həmin gecə dünyaya gəldi – Bakının və bakılıların qəlbi qan ağlayarkən! Sevinmək istəyirdim, ana olmuşdum, lakin sevinməyi özümə ar bilirdim, çünki yüzlərlə ana oğul itirmişdi. O şəhidlər bizim idi. Hamımız onların ana-bacısıydıq, necə sevinə bilərdim ki? Və, həyat elə gətirdi ki, düz 20 il sonra, həmin oğlum 8 mart günündə qəzada öldü. Qadınlar günüdə, bütün qadınlar sevinərkən – mən ağlayırdım. Və mən indi, həmin oğlumu şəhid hesab edirəm. Çünki şəhid anası olmaq qürurdur. O 20 yanvar günündə dünyaya gəlməklə, elə həmin ölümünə imza atıbmış. Bəlkə də cəfəngiyyatdı, amma bu mənə təskinlik verir! Və mən həmin gündən, öz ömrümü gənclərin, azərbaycanlı balalrımızın rifahına həsr etməyi qərara almışam!”

Həmkarımın bu sözlərini qələmə almaqla istəyim nədir?
Ey şəhid anaları! Kimsə sizə övladlarınızı əvəz edə bilməz! Amma siz, biqeyrət “oğul”ların, veyil-veyil gəzib tinlərdə nəşə çəkən, öz evindən oğurluq edib ana-bacılarımıza sataşan, namus nə olduğunu bilməyərək namusa and içənlərin anası deyilsiniz! VƏTƏNİNİ, ANASINI, MİLLƏTİNİ sevən Oğlulların anasısınız! Başınızı dik tutun! Əlbəttə bu yetənəksiz bir təsəlli sayıla bilər, lakin baxın! -Mübarizlərimiz hələ də öz canlarını Vətənə qurban edirlərsə, deməli burada kimlərinsə anlaya bilmədiyi bir həqiqət, bir möcüzə, bir tapıntı var. Bu hər adama nəsib olan xoşbəxtlik deyil.
Şəhid olmağa – vətən böyda ürək gərək! Şəhid olmağa – vicdan, qeyrət, namus gərək! Şəhid olmağa – qismət gərək!

Ülvinin son illər yaşadığı küçəyə (babasının evi yerləşən küçəyə) “Ülvi Bünyadzadə küçəsi” adı verilib. Həmin evin divarına “Burada 20 yanvar şəhidi, şair Ülvi Bünyadzadə yaşamışdır” yazılı barelyef-lövhə vurulmuşdur.
Bir neçə gün sonra şair Ülvinin 44 yaşı olacaqdı – həyatının ən gözəl və ən məhsuldar dövrü. Hər birimizin anası olan müqəddəs Ədəbiyyatın şəhid balasına “Allah rəhmət eləsin!” deyirəm! Sözlərimi isə onun xatirəsinə həsr etdiyim “Şəhid qardaş!” şeirimdən bir parçayla bitirirəm (şeir, bir zamanlar Ülvinin oxuduğu Xarici dillər universitetdəki Ülvi Bünyadzadə muzeyində türk və fransız dillərində saxlanılır):

…Arzuları, diləkləri nakam qalan
Şəhid qardaş!
Mənim ilə yaşıd qardaş!
Mən sənin də əvəzinə yaşayıram…
Acılardan tar-mar olan bu sinəmdə
iki ürək daşıyıram.
Rahat uyu!
Yazacağam ikimizin yerinə mən!
Yazacağam Vətənimdən, millətimdən…
Hər nə yazsam düz yazacam…
Namərdlərin sinəsinə basacağam köz, yazacam!
Dönməyəcəm öz yolumdan!
Elə mən də şəhid olum – söz yolunda!
Qoy, bir kimsə deyəmməsin
hisslərimdə yalançıyam.
Bilsinlər ki, Nizamilər kökündənəm,
Nəsimilər soyundanam!
Üsyançıyam!
Üsyançıyam!

Afaq ŞIXLI
Moskva
19.09.13.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir