“Qarışqa cığırında kəpənək qanadları…”


Məmməd İsmayıl

Oxucular onu ilk dəfə “Mirzə Xəzərin səsi”ndən tanıdılar. Sonra ona “525-ci qəzet” kağız “qapılarını” açdı, sonra “Ulduz” və “Azərbaycan”. Özü gözə görünməyib kölgədə qalmağı xoşlayan bu “qızcığazın” sözü beləcə dillərə düşdü… Məni heyrətləndirdiyi kimi yaşına yaraşmayan uğurlu şeirləri ilə yüzlərlə oxucunu da heyrətləndirməyi bacardı. Bu Leyla Xəlilova idi… Haraya getdimsə, Bakıda, Moskvada, Çanaqqalada məndən onu soruşdular: Hardadır, nə yazır, nə işlə məşğul olur?

Özünün redaksiyaların qapısını döydüyü olmayıb, onun yerinə şeirlərini mətbuata mən təqdim etmişəm. Bəlkə mənə ünvanlanan sualların səbəbini burada aramaq lazımdır. Qəzet, jurnal səhifələrini, xüsusiylə də internet saytlarını qadın və qız şairlərinin sənət adına hər şeydən məhrum olan cızmaqaralarının baş alıb getməsi də oxucuların Leyla axtarışına səbəb oldu. Sözün qısası, sorğu-suallara cavab olaraq yenidən Leylanın bir doyumluq məktub və şeirlərini “525-ci qəzet”in tələbkar oxucularına təqdim etmək istədim. Bunların hardasa hamısı Leylanın Vətəndən uzaqda yazdığı yazılardır. Bakı Dövlət Universitetini yüksək başarı ilə bitirən Leyla, əvvəlcə İstanbulda, sonra Fransa və Almaniyada təhsilini davam etdirdi. Bütün bu dediklərimin izlərini siz mənə ünvanlanan məktub və şeirlərdən də öyrənəcəksiniz… İnternet çıxalı epistolyar ədəbi janra maraq ölmək üzrədir. İş o yerə çatıb ki,zamanın amansız sürətindənmi, yoxsa adamların təmbəlliyindənmi, bilinməz gənclər yazışmalarda hətta Allahın “salam”ını da qısaldıb “slm”-a döndəriblər.

Bunları yazmaqda oxucularıma təqdim etmək istədiyim Leylanın anlamlı məktublarının dəyərini vurğulamaqdır. Bu məktubları oxuyanların bəzilərinin üzturşutmasını indidən görürəm. Amma olsun, toplum xaosunda dəyişik səslərin eşidilməsi də normal sayılmalıdır. Leylanın bu məktubları hardasa oxumağa hazırlaşan aşığın saz kökləməsinə bənzəyir. Bu məktublar, bir növü yazlıacaq şerilərin açarı rolunu oynayır. Həm də bu məktublar el-obasından, doğmalarından uzaq düşən bir gəncin qürbət diyarlarda təmsil etdiyi millətin və Vətənin adını necə şərəflə daşıdığının qısa və anlamlı etüdləridir:

Salam, Məmməd İsmayıl. Səs-küylü, nizamsız, bir o qədər də doğma, sevgi dolu “qardaş qürbəti”ndən sonra iqlimi isti, amma insanları soyuq Fransa mənə qürbətin nə demək olduğunu öyrətdi… Nə müddətdir Fransanın Nitsa şəhərindəyəm. Bura Aralıq dənizinin sahilində sakit, səssiz, sözün hər mənasında yad bir şəhərdi. Ailəmdən, sevdiyim şəhərdən, həsrətində olduğum insandan uzaq yad bir şəhər… Tək təsəllim hər gün ailəmlə bir neçə dəqiqəlik telefon danışığı və bir parça Məmməd İsmayıl şeiri…


“Görüşümə gələmməzsən
Bu qədər uzaqdan keçib”.

Məmməd İsmayıl

Görüşümə gələmməzsən
Belə uzaqdan adlayıb,
Həsrətimə çalın-çarpaz
Çəkdiyin dağdan adlayıb.

Dərd, qürbətdə yığın-yığın,
Sığına bilərsən, sığın.
Ürək bilib sındırdığın,
Bir oyuncaqdan adlayıb.

Yorğun gözümdən gizlənib,
Dözülməz qəmdən gizlənib,
Neçə ölümdən gizlənib,
Neçə sınaqdan adlayıb.

Sorağıma düşüb gəzsən,
Ha yol yorsan, zaman əzsən,
Yanıma gələ bilməzsən,
Qara torpaqdan adlayıb…!

Gəldiyim gündən internetlə, qaldığım yerin şəraiti ilə bağlı problemlərim olmasına və bu səbəbdən uzun müddət ailəmdən, sevdiklərimdən uzaq düşməyimə baxmayaraq, imtahanlardan uğurla keçdim. Dərslərimə çalışmaqla bərabər burada olduğum müddətdə insanlara Azərbaycanı tanıtmağa böyük qüvvə və vaxt sərf edirəm. 30 fərqli ölkədən insanlarla birlikdə oxuyuram. Hər gün yeni bir şey öyrənirəm və öyrədirəm. İnsanlar məndən heç vaxt yanımdan ayırmadığım kitab haqqında soruşanda isə onlara Məmməd İsmayıldan danışıram. Rus və türkdillilərə şeirlərini oxuyur, digərlərinə isə sadəcə bir dahinin həyatını anladıram. Kiçik problemlər məni fiziki cəhətdən nə qədər Məmməd İsmayıldan, ailəmdən uzaq salsa da, ruhən bir o qədər yaxınlaşdırdı. Onların sevgisinə məni bir az daha acdırdı. İndi bir başqa oxuyuram Məmməd İsmayılı, bir başqa sevirəm, daha çox özləyirəm sevdiklərimi və bir az daha çox qorxuram onlardan ayrı qalmaqdan…


Xatirə kəfkirində zəngli saat səsiyəm,
Bilim, qurub qoymusan hansı saata məni,
Barmağını yandıran telefon nömrəsiyəm,
Saxlaya da bilərsən, silib ata da məni.

lll

Salam, Məmməd İsmayıl. Fransa günlərimin bitməsinə bir həftə qalıb. Təhsilimə Almaniyada davam edəcəm. Açığını deyim ki, Fransanı sevmədim. Mənim kiçik Vətənim Fransadan çox çox böyük imiş. Günəşi daha parlaq, küləyi daha sərt, istisi daha isti, soyuğu daha soyuq … Vətənimin kasıb insanları varlı fransızlardan daha ürəyiaçıq, daha qəlbi genişmiş. Görək Almaniya necə olacaq… Ya qismət…

Dərslərdən heç nəyə vaxtım qalmır. Arabir valideynlərimlə danışmağa, bir də Məmməd İsmayılı oxumağa vaxt tapıram. “Bacardım” şeirində dirənib qaldım. Nəsə yazmaya bilmədim.


“Keçib gəldim neçə-neçə ölümdən,
Yaşamadım, yaşatmağı bacardım”.
Məmməd İsmayıl

Ömür boyu çabaladın dözümdə,
İnadına dözəmmədi dözüm də,
Beş kişidən baş kişiydin gözümdə,
Hər kişidən baş olmağı bacardın.

Dediyim söz çəkildimi vaxtına,
Oğul olub çıxammadım baxtına,
Arzuların Vətən adlı taxtına
Hörüləsi daş olmağı bacardın.

Taqətimə daş qanadan diz olub,
Dodağımın ucundakı söz olub,
Ürəyimi dağlayası köz olub,
Kipriyimdə yaş olmağı bacardın.

Sən gedəli dağlar düşüb həvəsdən,
Yer tıncıxan, göy darıxan nəfəsdən,
Çabalayıb qürbət adlı qəfəsdən
Uçan qızıl quş olmağı bacardın.

Qürbət sənə yaradanın ərkimi,
Sənsən sınan ürəklərin hakimi,
Qucaq açdın al güllərə yaz kimi,
Qar güllərə qış olmağı bacardın.

Həsrətinin yol çəkdikcə gözləri,
Gələr ruhun yaz nəfəsi, gül təri,
Sevgi ilə, ümid ilə bizləri
Yaşatdınsa, yaşamağı bacardın.

lll

Salam Məmməd İsmayıl. Berlindəyəm. Emosiyasız, cansıxıcı, möhtəşəm bir şəhərdir. İnsanları quru, adamyovuşmaz, bir az da özündənrazı. Heç kim heç nə ilə maraqlanmır. Pəncərədən baxıram. Sısqa, aramsız yağış yağır. Küçədə Məmməd İsmayılın saqqallı şəklinə oxşayan bir kişi (yəqin ki, o türkdü) başdan ayağa islanaraq, daldalanmağa yer gəzir. Çətirimi götürürəm ki, qaçıb onun başına tutum. Çıxıb görürəm ki kimsə yoxdur… Çətirini evdə unudub qürbətdə yağışa düşən Məmməd İsmayıla nəsə yazmaq istəyirəm.


Qərib həsrətlərin xəyalı şirin,
Çay olar alnının qırış izləri…
Qürbətdə yağışa düşən şairin
Üşüyər Vətəndə qalan sözləri.

Üşüyər, yollarda gözünün dağı,
Qəmli xəyallardı bəxtin hakimi.
Sıxıb qanadını başı aşağı
Asılar divardan yarasa kimi.

Nisgil gecələrin zülməti dərin,
Bağlı qapıların həsrət qorxusu…
Qürbətdə yağışa düşən şairin
Diksinib ayılar çətir yuxusu.

İslanıb, üşüyüb, daşar bir səbr,
Bir çətir dinməzcə qoparar haray,
Qürbətdə yağışa düşəndə şair
Bir ana inləyər: “Laylay a laylay”.

Bilmirəm, bir kimsə salırmı yada?
Boşuna yazılan sətirlər qalır…
Şairlər Vətəndə unudulsa da,
Yolunu gözləyən çətirlər qalır.

30 mart 2012, Berlin

lll

Salam, Məmməd İsmayıl. Mən məktub yazmaq istədim… Bilmirəm, buna məktub demək olarmı… Bəlkə də olmaz… Amma mən yazdım… Sevgiylə, həsrətlə, hörmətlə…


Boylanıb, “bu gələn nə səsdi” demə,
Demə, keçib gedən həvəsdi, demə,
Bilmirsən həsrətim nə sınaq çəkib,
Gülmə istəyimə şaqqanaq çəkib,
Min il gözləmişəm yolayrıcında,
Bir şirin söz söylə dilin ucunda,
Soruşum ömrümdə ilk baharmısan?
Nə olsun mələksən göyün üzündə,
Məni də özünlə apararmısan?

Bilsən ki, səndədi son ümid yerim,
Gözlə, gəlişinə çapar göndərim,
Tumurcuq arzulu pöhrə ağacam,
Bilsən, bir sevgiyə nə qədər acam,
Yazıq ümidlərdə azan yolları,
Qısa eləyərəm uzun yolları,
Şirin arzulara açıqdı sinəm,
Uzaq həsrətimə gələn yarmısan?
Yoxdu sığınmağa kimim kimsənəm,
Məni ürəyinə apararmısan?

Qırx arşın quyuya düşmüşəm, çıxar,
Buğlanan təndirdə bişmişəm, çıxar,
Bədheybət bir divin əlindən qurtar,
Cırtdanın yağ-əppək felindən qurtar,
Ot apar, su apar şəngülümlərə,
Bir iynə yarımlıq yol get boş yerə,
Bağlı limanlara həsrət gəmiyəm,
Nağıl istəyimdə hələ varmısan?
And olsun, hələ də uşaq kimiyəm,
Məni nağıllara apararmısan?


Demə ki, bu ömür bağlı sirr idi,
Demə ki, bu dünya görüş yeriydi,
Görüşdük, ayrıldıq, hər şey qurtardı,
Bir gün qayıtmağa bir ümid vardı,
Durmuşam gözümü zilləyib yola,
Sonrası cəhənnəm, nə ola ola,
Durmuşam həsrətlər əlində yaxam,
Qəlbimi üşüdən soyuq qarmısan?
Demə ki, nə vaxtdı “dünyada yoxam”,
Məni də “yanına” apararmısan?

lll

Salam, Məmməd İsmayıl. Sonuncu məktubunu oxuyub bir qədər kədərləndim. Bir inciklik, bir küskünlük hiss elədim məktubda. Çox fikir elədim. Fikirləşdim ki, bəlkə yazdığım məktub, bəlkə gec yazmağım, bəlkə halını xəbər almamağım xoşuna gəlməyib Məmməd İsmayılın. Mənə elə gəlirdi ki, mən qafiyəyə salıb yazdığım sözlərlə bütün bunları demişəm. Məmməd İsmayıl, and olsun ki, heç nəyə vaxt çatdıra bilmirəm. İki aydır ki, Almaniyadayam. Dörd imtahan vermişəm, indi isə tezis yazıb onu müdafiə etməliyəm. İyun ayının 13-ü diplomumu müdafiə edib İtaliyaya getməliyəm. Bütün bunları günahlarımı yumaq üçün demirəm. Qəlbinə dəymişəmsə, bağışla məni, Məmməd İsmayıl. Və istədiyin vaxt məni ruhunla bir ağac kölgəsinin altında qoyub gedə bilərsən. Bir məktubumda yazmışdım…


Xatirə kəfkirində zəngli saat səsiyəm,
Bilim qurub qoymusan hansı saata məni,
Barmağının ucunda telefon nömrəsiyəm,
Saxlaya da bilərsən, silib ata da məni.

Əsərəm soyuğuna gözündən yağan qarın,
Küskün-küskün susarsan gülüb göz yaşlarıma,
Batan günəşə baxıb, axşam qızartıların
Qatıb hörə bilərsən dağınıq saçlarıma.

Qəlbim uzaq payızda düşsə soyuq inada,
Arzular ümidlərə bölünsə yarı-yarı,
Bilirsənmi görəsən sənsiz kiməm dünyada,
Qarışqa cığırında kəpənək qanadları.

Boynubükük güllərə dirənən göz dağıyam,
Həsrətində durmuşam, baxıb ha qına məni,
Payız xatirələrdə ağ qovaq yarpağıyam,
Atıb gedə bilərsən külək poçtuna məni.


Kim idi qəlbimdəki istəklərin hakimi,
Ümidlərim çırpınar üşüyən həvəsində,
Ürəyindən çıxarıb sonuncu arzu kimi
Qoyub gedə bilərsən bir ağac kölgəsində.

Məmməd İsmayıl, inan ki, hansı ağacın kölgəsində qoyub getsən məni, nə vaxt qayıtsan orda da taparsan. Məmməd İsmayıl, bilirsənmi, mən niyə məktublarımı qısa yazmağa çalışıram? Sənin ruhunu oxşayacaq söz tapa bilmirəm. Yazdıqlarım mənə bəsit və kasıb görsənir. Məktubumda hal-əhval tutmuram, amma hər gün Allaha dua edirəm Məmməd İsmayılın canını, sağlamlığını, ilhamını, ruhunu qorusun deyə. İnan sözlərimin səmimiyyətinə. Əgər könlünə dəymişəmsə yenə üzr istəyirəm… Şeirinin birində “vaxtın avara yerindən” yazmısan, qoy ona bir-iki kəlmə əlavə edim. Bəlkə könlün açıldı.


Gün günortanın şərində,
Ümidin alın tərində,
Ağlının azan yerində
Axtarıb tapmısan məni.

Bəxtlər seçilib gedəndə,
Həvəs kiçilib gedəndə,
Durnalar köçüb gedəndə
Axtarıb tapmısan məni.

Həsrətə düşən xalında,
Qismətin son sualında,
Ömrünün dar macalında
Axtarıb tapmısan məni.

Sevginin qara yerindən,
Qəlbinin yara yerindən,
Vaxtın avara yerindən
Axtarıb tapmısan məni.


Yazıb gözünə-qaşına,
Dirənmisən yaddaşına,
Can, ağrımayan başına
Axtarıb tapmısan məni.

Salamat qal, Məmməd İsmayıl. Məktubum çox uzun oldusa, bağışla məni. Mən yeri-göyü yaradandan Məmməd İsmayıla cansağlığı, cansağlığı arzu edirəm. Bu, həmişə həsrətində olan kiçik bir qızcığazın böyük arzusudu.

lll

Salam, Məmməd İsmayıl. Evdəyəm. Bütün həsrətlərə son! Bütün qürbətlərə yox! İlahi, heç bir qayğısız, doğma evində adyala bürünüb kresloda mürgüləmək nə böyük xoşbəxtlik imiş. Atam sağ-salamat qayıtmağıma quzu qruban demişdi. Yığışıb gedib bir qara gözlü, qara dizli quzu seçdik. Bir göy çəməndə süfrə salındı, ocaq qalandı. İlk dəfə idi ki, gözümün qabağında bir quzu kəsildi. Çox təsir etdi mənə. Mən ilk dəfə açıq gözdə donan vaxtı gördüm. Mən indi anladım ki, Məmməd İsmayıl niyə yazıb “Gilasım, tələsmə bar gətirməyə”… Quzu qızlara, qız quzulara yazığım gəldi…


Bənövşəydin, düşdün bəndə,
Ürəyin əsər sinəndə,
Ac qurdların gözü səndə,
Gözünü yum, gözəl quzum.

Oyaq bəxtin haçan yatdı?
Doğan günəş batabatdı,
Yeyiləsi vaxtın çatdı,
Gözünü yum, gözəl quzum.

Gözəlliyin nə söz oldu?
Ocaqlar yandı, köz oldu,
Anan deyənlər düz oldu,
Gözünü yum, gözəl quzum.

Canın dalıyca darıxma,
Tikə-tikə, loxma-loxma
Bişən ürəyinə baxma,
Gözünü yum, gözəl quzum.

Durna ümidi çıraqda,
Açıq gözdə donan vaxta,
Nə nəğmələr var qabaqda,
Gözünü yum, gözəl quzum.

Ha ağlasam da gününə,
Kəsik başdı, yanıq sinə,
Daha nə deyim ki sənə?
Gözünü yum, gözəl quzum.

14 iyul 2012, Bakı

lll

Salam, Məmməd İsmayıl. Mən balaca idim, 4-5 yaşım olardı. Atam futbol azarkeşi idi və gecələr tək futbola baxmasın deyə bəzən mənə yalvarırdı, bəzən başımı şokoladla aldadırdı ki, oturub onunla futbola baxım. Beləcə məndə futbola sevgi yarandı. Oğlan paltarı geyinib atamla stadionda futbola getməyə başladım. Getdikcə bu maraq artdı. Futbolun qaydaları ilə, tarixi ilə dərindən məşğul olaraq bir futbol bilicisinə çevrildim. Fransadan qayıdan günün səhəri bir elan oxudum. Azərbaycanda keçirilən futbol üzrə Qadınlararası Dünya Çempionatına gənc, bir neçə xarici dil bilən, futbol biliyi olan bir qız axtarılırdı. Getdim. Məlum oldu ki, Azərbaycanda bir neçə dil bilən xanımlar çoxdur. Amma futbol biliyi olan bir nəfər belə yoxdur. Məni qeyd-şərtsiz işə qəbul etdilər. Və beləcə mənim futbolla bağlı bir həyat bölümüm başladı. Çempionat qurtarana qədər 3 ay istirahətsiz çalışdım. Fikirləşirdim ki, bitər və mən istirahət edərəm. Çempionat qurtaran kimi UEFA-dan, AFFA-dan və bir neçə futbol klubundan sərfəli təkliflər aldım. Ən cəlbedicisi “Palmali” şirkətlər qrupunun “Xəzər Lənkəran” klubunun ictimaiyyətlə əlaqələr üzrə meneceri vəzifəsi oldu. Və mən bu təklifi qəbul etdim. Bütün bunlar birnəfəsə baş verdi. Gözümü yumub açmağa belə imkan tapmadım. Xaricdən qayıdandan nə baş vermişdisə, hamısını yazdım. Başqa yeni heç nə yoxdur. Özüm, işim, əməkhaqqım yaxşıdır. Atam, anam, bacım da yaxşıdır. Saytlardan, mətbuatdan, dost-tanışdan xəbər tuturam. Amma özündən də eşitmək istəyirəm. Necədir Məmməd İsmayıl? Qürbət həyatı, sağlamlığı, yaradıcılığı, ilhamı hansı yerdədir?

Hörmətlə, Leyla, 5 yanvar 2013

lll

Hə, dəyərli oxucularım, Leylanın şeirləri ilə bərabər məktublarını da sizlərə təqdim etməyimin məqsədini anladınız, yəqin ki! Məktub və şeirlərindən Leylanın yalnızca bir sənt vurğunu olmadığını, vətənini, xalqının istənilən ölkədə, isənilən sənət yarışında yüksək başarı ilə təmsil edə biləcəyini də öyrənmiş oldunuz. Leyla kimi gənclərimizin olması məndə hardasa başıbəlalı Vətənimizin gələcəyinə ümid oyandırır. İndilik isə bizə qalan ilhamdan ayrıcalıqlı payı olan, qeyri-adi taleyini çılğın bir şəkildə yaşayan, az yaşına çox gərəkli yeniliklər sığdıran Leylaya daha böyük başarılar diləmək qalır.

Mart, Çanaqqala, Türkiyə


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir