“QIRXIMIZ” ÇIXDI


“QIRXIMIZ” ÇIXDI
Bu ən sevdiyim mövzudu. Cavanlığa qaytardığına, xatirələrin ən paklarını saxladığına, Şamxalın qanadlı “Tələbəyəm, hələ mehəm, amma bütün varlığımla bu günümə, sabahıma cavabdehəm” fikrinin beşiyini yırğaladığımız vaxta tuş gəldiyinə, bir də… o vaxt birdən-birə dodağının sarısı getməmiş bir cücə timsalı böyüklərin arasına düşüb qəfil pərvazlandığıma görə o illəri bəlkə dəqiqəbədəqiqə xatırlayıram. Bir ay sonra Bakıdakı Kommunist (!) küçəsində hüquq, şərqşünaslıq fakültələrinin yerləşdiyi binanın 3-cü mərtəbəsində filoloq Vaqif Vəliyevin ilk mühazirəsi ilə başlanan tələbəlik həyatımızın 40 ili tamam olur.

Tələbəliyin beş ilində nələr yaşadığımız, təbii ki, o 50 nəfərlə başlanıb 42 nəfərlə məzun olan dəstə üçün əziz, övladları və nəvələri üçün yaxınları ilə bağlı maraqlı xatirə, oxucular üçün isə “lap bizim qrup kimi”, “elə bil bizim kursdan danışır”, “bizim tələbəliyimiz daha maraqlı (canlı, davakar, şən və s.) idi” ifadələrinin fitili rolunu oynayan hekayədir.

Digər tərəfdən, qırx il elə tarixi mərhələdir ki, təkcə vətənimizdə baş verənlər bir məqalənin yox, onlarca, yüzlərcə kitabın mövzusudur.

Məsələn, biz tələbə adını daşımağa başlayanda indi bütün teleproqramların əziz-şərəf qonaqları olan ekstrasenslər, baxıcılar, görücülər ortalıqda yoxdu və cəmi 18 il sonra “Sülhün dayağı” olan SSRİ-nin o vaxt özünün bir parçası olan Azərbaycanın genofonduna ciddi zərbə vuraraq tarix arxivinə keçəcəyini bizə deyən olmadı ki, bir az hazırlıqlı olaq.

Demədilər ki, bütün yataqxanada yalnız növbətçinin yanında yerləşən, çox vaxt işləməyən telefon qırx il sonra bir muzey eksponatına dönəcək və nəvələrimiz vaxtilə nənənin (babanın) öz anası ilə bu telefonda danışdığını yoldaşlarına rişxəndlə söyləyəcəklər.

Demədilər ki, yanında durub şəstlə şəkil çəkdirdiyimiz, xalqlar dostluğunun tərənnümü kimi dörd üzvünün adını az qala bayraq elədiyimiz “26-lar” cəmi 20 il sonra utanc yerimiz olacaq.

Tərcümeyi-halımızı yazanda valideynlərimizin xarici ölkəyə getmiş olması, xaricdə qohumun olması bütün gələcəyi baltalayan amil idi və doğma qardaşından belə imtina edən onlarla, yüzlərlə insan vardı.

Yuxarıdakı hissəni yazıb bir az fasılə vermişdim ki, acı və dəhşətli xəbər bütün varlığımı sarsıtdı: qırx ilin ən etibarlı dostlarından biri, savadı, təmkini bir yana, səmimiliyi və canıyananlığı ilə hamının qəlbində öz yeri olan Aqilimizə ağır zərbə vuruldu. Günün günortasında evinə qarət məqsədilə soxulan namərd (lər?) Aqilin həyat yoldaşını amansızcasına qətlə yetirdi (lər). Elmira xanım ən çətin günlərdə Aqilin yanında olmuş, ona gül parçası kimi iki oğul vermiş, demək olar ki, çətinliklərdən və qayğılardan yenicə baş açıb sakit yaşamağa başlamışdı. Nə demək, necə təsəlli vermək olar bu vəziyyətdə? Hansı söz o yaraya məlhəm olacaq gücdədir? Təkcə qatilə lənət oxumaqdan başqa nəyə gücümüz çatır ki? Orta əsr cəhalətindən də geri olduğumuzu demək su səpirmi yaramıza?

Fəxr edirdik ailəliklə dostluğumüzla. Sevda-İlham, Səkinə-Ələddin, Zemfira-Qulu, Rəhilə-Vaqif, Elmira-Aqil, Səadət-mən…Pərənimizi pozdu namərd qanlı bıçaqla. Qəzənfərin, Elmanın, Etibarın, Savalanın acıları azmış kimi dərd gətirdi dərdimizin üstünə. Halbuki çox nikbin havaya köklənmişdik. Hadisədən cəmi iki həftə əvvəl Aqillə telefonda tələbə dostlarla bir araya gəlməyin planını tökürdük. Artıq əksəriyyəti nənə-baba olan tələbələrlə. Olmadı, taleyin kinayəsi tələbələrin bir çoxunu yas məclisində görüşdürdü.

Nədənsə qırx illik yubiley qeyd edilməz deyirlər. Əfsuslar olsun ki, izahı olmayan bu deyim özünü bir daha isbat elədi.

Həyat davam edir. Demək 45, 50 illik yubileyi mütləq yaxşı əhval-ruhiyyədə keçirmək lazımdır. İtkisiz, kədərsiz, işğalsız, qaçqınsız.

İnşallah!

Cəfər Sadıq,
1973-1978-ci illərdə ADU jurnalistika fakültəsinin 632-ci qrup tələbəsi
Moskva


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir