RAMİZ MÜƏLLİM


RAMİZ MÜƏLLİM

Haqqında danışmaq istədiyim adamı tanımayan çox azdır. Amma yenə məziyyətlərindən söz açmağa, başqalarına nümunə ola biləcək cəhətlərinə diqqət yetirməyə, yorulmadan çalışmasından, yolundan dönməzliyindən, riyakarlıqla barışmazlığından, böyüklə böyük, kiçiklə kiçik ola bilmək məharətindən danışmağa ehtiyac var. Çünki, yaxşıya vaxtında yaxşı deməyə, layiqlinin dəyərini vaxtında verməyə, təmənnasız xidməti heç olmasa xoş sözlə təqdir etməyə, əfsuslar olsun ki, öz xəbisliyimizə, cılızlığımıza görə çətinlik çəkirik.

Əməllərindən mümkün qədər çox adamın xəbərdar olmasını istədiyim insanlar barəsində yazı hazırlayanda ilk növbədə onu başqalarından seçən cəhəti axtarır, bayağı tərif, yorucu təkrarlardan, sönük epitetlərdən qaçmağa çalışıram. Bu dəfə isə məsələ tamamilə başqa cürdü. Hansı təyinin, hansı sifətin qəhrəmanıma daha çox yaraşdığını kəsdirə bilmirəm. Hər təyin o birindən çox yaraşır.Tərəddüdlərim qəribə qərara gətirib çıxartdı məni. Gördüm ki, Ramiz Abutalıbovu tanıtmaq üçün dilimizdə o qədər söz var ki, bir yazıya sığışdırmağa oğul istəyir. Eləmədim tənbəllik, aldım əlimə ana dilimizin əlifbasını və yuxarıdan aşağıya yol başladım.

A—Təkcə yetkin yaşına görə yox, mövqeyinə və davranışına görə Ağsaqqldı, Alicənabdı, Azdanışandı, Ailəcanlıdı və ən əsası Arif Adamdı.

B—Türklər demiş, Babacandı, rəqibənə qarşı Barışmazdı, “qədeşlərin” sevdiyi “Bakılıdu”.

C—Bakılılar demiş, Cəsarətli, “Can-Cigərdü”, Caz vurğunudu.

Ç—Çalışqan, Çayxordu.

D—Dəyanətli, Dəqiq, Dinc, Dürüst Diplomatdı.

E—Etibarlı, Ehtiyatlı Elm adamıdı.

Ə—Əsilli-nəcabətlidi.

F—Fərasətli “fransızdı” (Orada olduğu müddətdən Azərbaycan üçün maksimum səmərəli istifadə edib).

G—Genişqəlblidi.

H—Həssas, Hörmətcil, Həmişəcavandı.

X—Xeyirxahdı.

İ—İstiqanlı, İşgüzar və İnadkardı.

J—Jurnalistdi.

K—Kamil tədqiqatcıdı, Kitabsevərdi, yaşı ilə yox, sanbalı ilə Köhnə Kişilərdəndi.

Q—Qabiliyyətli, Qayğıkeş, Qeyrətlidi. Qeybətçi deyil.

L–Ləyaqətli “Legionerdi” (Fransanın “Fəxri legionçu” ordeninə layiq görülüb)

M—Məccani (Müftə) calışmağı sevən, Mehriban, Müdrik Müəllimdi, Maarifpərvərdi, Meyxananı və Muğamı sevir. Mənəm-mənəmliyi Mərəz sayır.

N—Nümunəvi Naxçıvanlıdı.

O—Təəssübkeş Ordubadlıdı.

Ö—Örnək olacaq qədər Özündən narazıdı.

P—Prinsipial və Peşəkar “parisli”di.

R—Rəssamların Ramiz dostudu.

S—Sədaqətli, Səmimi, Sözü Sağ, Sənət Sevərdi.

Ş—Şəkililərin Şıq geyinməyi sevən kürəkənidi.

T—Təvazökar, Tiryakidi (siqaretçəkəndi).

U—Uşaq kimi Utancaqdı.

Ü—Ünsiyyətsevərdi.

V—Vətənpərvər və Vəfalıdı.

Y—Yaxşı mənada Yerlipərəstdi, Yerlibaz deyil.

Z—Zərif Zövqlü, Zarafatcıl, Zəhmətkeşdi.

Bu siyahıda ğı hərfləri yoxdur, çünki dilimizdə həmin hərflərlə başlanan söz yoxdür.

Yaşının yetkin dövrünü məhsuldar kitab müəllifi və naşiri kimi qarşılayan Ramiz müəllimin Vətənin azadlığı və müstəqilliyi uğrunda mübarizəyə görə didərgin olmuş, ömürlərini qürbətdə tamamlamış övladlarının yenidən Vətənə qazandırılmasındakı xidmətləri dəfələrlə müxtəlif məqalələrdə işıqlandırılıb. Onu tanıdığım müddətdə başqasının fikrinə onun qədər hörmətlə yanaşıb, öz fikrindən də asanlıqla dönməyən az adam görmüşəm. Uzun təriflərdən həqiqətən xoşu gəlmədiyini bilirəm. Təvazökarlığı ilə gerçək varlığı düz mütənasib deyil. Onun xidmətlərinin onda biri qədər xidməti olmayan çoxlarını tanıyıram ki, az qalırlar adami tapdalasınlar, könüllərindən keçəni dilə gətirmək belə ayıbdır. Necə deyərlər, onun babalı onların boynuna.

Ramiz müəllimi yubiley ilində təbrik etmək, ona istədiyi ovqatda mümkün qədər çox qalmağı arzulamaq, başlıcası isə, təbriketmə marafonunun qırmızı lentini kəsmək imkanına görə mən də özümü xoşbəxt sayıram.

Cəfər SADIQ,
Moskva, 1 avqust 2012-ci il

RAMİZ MÜƏLLİM
RAMİZ MÜƏLLİM
RAMİZ MÜƏLLİM
RAMİZ MÜƏLLİM
RAMİZ MÜƏLLİM
RAMİZ MÜƏLLİM
RAMİZ MÜƏLLİM
RAMİZ MÜƏLLİM
RAMİZ MÜƏLLİM


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir