RUBRIKA: Belə də olur – SƏYYAR MAĞAR


RUBRIKA: Belə də olur - SƏYYAR MAĞAR

Axşam aldığım xəbəri kənddən uzaqda yaşayan eloğlu ilə bölüşmək üçün zəng elədim:

–Salam, əmioğlu. Loxəbərlik olmasın, Məmmədəlinin ölümündən xəbərin var?

–Salam. Var, əmioğlu, var.

–Allah rəhmət eləsin! Hardan eşitdin belə tez, yəqin elə buna görə kefsizsən? Rəhmətlik yaxşı adam idi.

–Yaxşı olmağına yaxşı idi, amma…

–Nə amma? Aranızda bir narazılıq var idi yoxsa? Məncə, çox mülayim, zərərsiz adam idi.

–Yox, bir incikliyimiz olmayıb, allaha şükür. Amma yasını götürmək üçün yaxınları mağarı başqasından alıblar.

–Başa düşmədim…

–Sən uzaqda yaşayırsan, xəbərin yoxdur. Axı mənim səyyar mağar damım var.

–Aha.

–Can ha. Onu vermişəm uşaqlar işlədir. Mənə də o kirədən qəpik-quruş göndərirlər.

–Belə de. Savab işlə məşğül olursan desənə. Camaatın başına qəfil müsibət gələndə yenə səyyar mağar işlərini yüngülləşdirir. Sənə də dua oxuyurlar yəqin.

–Elədir, amma son vaxtlar bu işlə məşğul olanlar o qədər çoxalıb ki, rəqabət artıb.

–Əstəğfurullah de. Yəni mağarlar da rəqabət mövzusu oldu deməli.

–Təsəvvür eləyə bilməzsən. Bəs bayaq soruşdun ki, mən nə tez eşitdim Məmmədəlinin məsələsini. Cavab verə bilmədim. Hüzür düşən kimi, yaxud biri toy, nişan qərarı verən kimi bizim uşaqlar gedirlər ya başsağlığına, ya da gözaydınlığına. Sözarası xidmət təklif edirlər. Mərasim sahibi də o saat ya razılaşır, ya da vəziyyəti izah edir. Məsələn, deyir ki, mərhum çoxdan əziyyət çəkirdi. Mirzalının olğlu, sağ olsun, belə bir şey olsa mağar damı verəcəyini vəd eləmişdi. Beləcə bizim uşaqlar növbəti mərasimə daha müştəri kimi baxa bilmirlər.

–İlahi, gör nə günlərə qaldıq. Dəfnin də növbəsinə durulur.

–Demə, demə. Son vaxtlar “iş” o qədər azalıb ki, artıq yeni üsullar axtarmağa məcbur olur adam.

–Necə yəni, adamları zorla öldürəsi, ya da evləndirəsi döyülsən hər halda?

–Allah eləməsin, mən elə demirəm ki. Amma adamın ağlına bəzi “səmərələşdirici” təkliflər də gəlmir deyə bilmərəm.

–Maraqlıdır, nə kimi məsələn?

–Deyirəm bir imkan ola, bu Viaqra var ey, gənclik həvəsi ilə çırpınan kişilərə yardım edən. Onun bir mayesini, məhlulunu hazırlayalar, verəsən kütləvi şəkildə peyvənd kimi hamıya. Yaşlıların ürəyi tablamayıb, dilim-ağzım qurusun, gedəcəklər o tərəfə və olacaqlar bizim müştəri, gənclərin də yatmış eşq həvəsi dombalacaq, evlənməyə qərar verəcəklər ki, bu da yenə bizim müştəridi.

…artıq deyəcəyim söz qalmamışdı.

Cəfər Sadıq


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir