Rusiyada Azərbaycan Yaradıcılıq mərkəzi təsis edildi


Rusiyada Azərbaycan Yaradıcılıq mərkəzi təsis edildi
Bu gün Rusiyada yeni bir birliyin- Azərbaycan Yaradıcılıq mərkəzinin əsası qoyuldu.

Ümumrusiya Azərbaycanlıları Konqresinin iclas zalında baş tutan təsis yığıncağını ideyanın təşəbbüskarlarından olan tarix elmləri doktoru Əşrəf Hüseynli açaraq bu gün belə bir quruma ehtiyacın zəruriliyi və mərkəzin qarşısına qoyduğu məqsədi haqqında məlumat verdi.

“Moskvada ədəbi-ictimai birliklər çoxdur. Onların fəaliyyəti öz yerində. Lakin bu gün “masabaşı” rəhbərin hamını öz iradəsinə tabe etdirdiyi prinsiplərlə idarə olunmayan, ayrı-seçkilik etmədən hər kəsin doğma ocağına çevrilə biəcək demokratik bir quruma ehtiyac var. Azərbaycan yaradıcılıq mərkəzi adıyla təsis edəcəyimiz bu qurumun məqsədi yaradıcılığın müxtəlif sahələrini özündə cəmləşdirib, orada təmsil olunanları, o cümlədən Azərbaycanın mənəvi dəyərlərini, irsini tanıtmağa xidmət etmək olacaq”.

Təklif ətrafında müzakirələrdə Lider televiziyasının Moskva nümayəndəliyinin rəhbəri Anar Həsənov Rusiyadakı azərbaycanlı ziyalıların ortaya atdığı bu ideyanı təqdir etdiyini söylədi.

“ Biz jurnalistik. Və ictimai cəmiyyətlərdə baş verən proseslər bizim gözümüzdən yayınmır. Təəssüflə qeyd edirəm ki, iş adamının maliyyəsindən asılı vəziyyətdə olan qurumlarda ziyalısı, alimi “ucuzlaşdırılıb”, maddiləşmişlər dəyərli olub. Nə vaxta qədər ki, maddi gücün hökmünə boyun əyməyə möhtac ictimai cəmiyyətlərdə təmsil olunan ziyalıların sözünun dəyəri ona pul xərcləyən iş adamından asılı olacaq, o vaxta qədər də onlara “ucuz” yanaşma davam edəcək. Bunu dəyişməyə, ziyalısının, aliminın, ictimai xadiminin nüfuzunu qaldırmağa və mənəvi dəyərlərin hakim olmasına yönələn bir qurumun yaradılmasına tərəfdaram”.

Jurnalist Roman Ağayev də bu gün Moskvada fəaliyyət göstərən cəmiyyətlərdən fərqli, ictimai mühitdə rəy formalaşdırmağa, rəy dəyişməyə hesablanan bir qurumum yaranması ideyasını dəstəklədiyini bildirdi.

“Doğrudan da hər kəsin müstəqli fikir tribunası olacaq bir mərkəzin yaranmasının əsl zamanıdır. İdeyalar, təşəbbüslər ortaya atılır, lakin bunun reallaşdırılmasına gələndə dayanır qalır. Cəmiyyət ziyalı sözünün gücünü hiss etməlidir. Ziyalının gücü isə hər hansı bir problemli şəraitdə mövqeyini ortaya qoymasıdır. Hamının sözünü deyə biləcəyi müstəqil fikir tribunası rolunu oyanacaq bir mərkəz formalaşdırmaqdan söz gedir. Müstəqil fikir tribunası olacaq belə bir qurumda mən də varam”.

Ümumrusiya Azərbaycanlılaır Konqresinin icraçı direktoru İlqar Hacıyev, “Şəhriyar” ədəbi-mədəni cəmiyyətinin sədri Vasif Məmmədov ziyalıların mərkəz yaratmaq ideyasını dəstəklədiklərini və hər zaman ona yardım edəcəklərini söylədilər.

Şair Nəsib Nəbioğlu, Sultan Mərzili yaradıcılığın bütün sferalarında çalışanları tanıdıb ortaya çıxarmağı, gənclərimizin yaşlıların keçdiyi məktəbdən yararlanmasını təmin edəcək bu qurum sözün əsl mənasında bir fikir mərkəzi rolu oyana bilər-dedilər.

Müzakirələrdə çıxış edən digərləri də sözlərini deyib, fikrilərini paylaşacaqları, cəmiyyət üçün vacib olan ideyaların həyata keçirilməsinə dayaq olacaq bir mərkəzin yaradılması təşəbbüsünə tərəfdar olduqlarını qeyd etdilər.

Beləliklə, Rusiyada Azərbaycan Yaradıcılıq Mərkəzi adlı bir qurumun yaranması qərara alındı. Sonra 7 nəfərdən ibarət koordinasiya qrupunun tərkibi müəyyənləşdirildi. Tarixçi alim Əşrəf Hüseynli, hüquqşünas Abbas Alıyev, şairə Maya Bədəlbəyli, şair Nəsib Nəbioğlu, şair Sultan Mərzili, jurnalist Roman Aqayev , gənc şair Yaşar Süleymanlı koordinasiya qrupuna üzv seçildilər.

Azərbaycan Yaradıcılıq mərkəzinin iş planının hazırlanması və digər məsələlərin növbəti yığıncaqda müzakirə edilməsi qərara alındı.

Tünzalə Vəliqızı
Moskva 28.11.2014


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir