Ruslan Dost Əli- Ah…uşaqlığım


Ruslan Dost Əli- Ah...uşaqlığım
“Hələ nə yaşadın ki?!”-demək keçir içimdən. Onun şeirlərində uşaqlıq həsrətinə boyanan misralar, xatirələrin şəkli boylanır. Bunu ömrünün qürubunda o illərin nostalgiyasını canlandıran bir yaşlı-başlı adamın yazdığını düşünürsən. Amma… Gənc birinin qəbindən süzülən qocaman ruhlu misralarla simasının uzlaşmadığı insanın fikirini uşaq vaxtı uçurtduğumuz çərpələng kimi uzaga aparır. Hələ uşaqlığından aralanmayan biri niyə itən uşaqlığını axtarır? Onu pessimizmə kökləyən nədir? “Hətta şairlərin pessimizmi belə insanı ruhlandırır”- deyib bir dahi. Ruslan Dost Əli -bu gənc imzanın da kövrəkliyi o qədər mərhəmdir ki, onu oxuduqca oyuncağı əlindən alınanda ağlayan, geri veriləndə göz yaşı içində gülən uşaq kimi iki hissin arasında qalırsan. İki hissi eyni anda yaşadan poeziyası bəlkə mənim ruhuma yaxındır deyə sevirəm onun şeirlərini.

Bədii dəyəri, qafiyə quruluşu, bölgüsü, bəzən qrammatik xətaları belə anlatmaq istədiyi məzmuna xələl gətirmir. Onun yaradıcılığını təhlil etmək fikrindən uzaqlığım, hələ o məqama yetişmədiyindən deyil. Sadəcə zamanı var. Bu sətirləri hələ mürəkkəbi qurumamış şeirini oxuyandan sonra məndə yaratdığı təəssüratın diktəsi ilə yazdım.
Siz də oxuyun-bizdən oxuyun həm də.

Tünzalə Vəliqızı

AH…UŞAQLIĞIM

Hərə bir zümzümə edir keçmişdən,
Hərə içində bir bəstə saxlayır.
Məni bu od-ocaq qızdırmır daha,
Məni xatirələr isti saxlayır:

Gəlib məhləmizdə az tutmayıblar,
Qızlar gəlinciyi, donu əlimdə.
Mən də böyüməyə tərəf qaçardım,
Qarğı atım vardı, onun belində.

Gedib kitablarda quş axtarardım,
Rəsm dəftərimə şəklin çəkməyə.
“Klas””a bir yastı daş axtarardım,
İndi daş gəzirəm bir ev tikməyə.

Deyimmi xəlvətcə ağac başına
Çıxıb quş yuvasın yoxlamağımı?
Kövrək budaqlardan yay-ox düzəldib,
Günahsız göy üzün oxlamağımı?

Canım bahasına ala bilmərəm,
Suyu qiymətinə satdıqlarımı.
Sonradan səngərdə döyüşən gördüm,
Taxta aftomatla atdıqlarımı.

Götürüb üstünə adımı yazdım,
Bir arxa tulladım, getdi, gəlmədi-
Mənim uşaqlığım, ah…uşaqlığım
Kağız gəmilərdə batdı, gəlmədi…

Ruslan Dost Əli
06.04.2014


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir