ŞƏHİDİ ADINDA YAŞADAN İNSAN!


ŞƏHİDİ ADINDA YAŞADAN İNSAN!
“Ruzigar” qəzetinin baş redaktoru yazıçı-publisist Füzuli Ruzigarın doğum gününə…
Afaq ŞIXLI


Kimdir jurnalist? Jurnalist – məqsədi xalqa, oxuculara, dinləyicilərə xidmət etməkdən ibarət olan bir insan! İnsanlara laqeyd qala bilməyən, bizi əhatə edən dünyada baş verənləri daha yaxşı anlamağımıza kömək edən insan!

Erik Fixtelius deyir ki, öz işinin vurğunu olan jurnalist ətrafda baş verən nə varsa onunla maraqlanmalı və hadisələrdən baş çıxarmağa çalışmalıdır ki, bu barədə öz auditoriyasına məlumat versin. Söhbət açdığı məsələ mühüm və maraqlı olmalı, cansıxıcı olmamalı, ictimaiyyət üçün əhəmiyyət kəsb etməlidir. Xəbərlərin dəyərini saxlamaq üçün nəyin çap olunmasını bilməlidir.

Bəli, elə də asan deyil əlinə qələm almaq!

Müasir dövrümüzdə hər şeyə bəsit və yüngül yanaşan insanlar o qədər artıb ki, ədəbiyyat, poeziya, jurnalistika kimi kəlmələr az qala dəyərdən, kəsərdən düşur… Lakin, hələ də elə insanlar var ki, onların timsalında Sözün əsil dəyəri özündə qalmaqdadır!

67- il öncə fevralın 17-də gələcəyin bir qələm sahibi doğuldu. Bir qış günündə onunla bərabər yüzlərlə gözəl, bahar təravətli, odlu-alovlu yazılar da gəldi dünyaya. O zaman kimsə bundan xəbər tutmadı, lakin zamanla… Zamanla hər kəs anladı ki, özünəməxsus yazı tərzi, istedadı olan insanpərvər, vətənsevər, duyğulu və mərd bir jurnalist var qarşılarında. Onunla çiyin-çiyinə çalışanlar da, bir evdə yaşayanlar da, qohumlar, tanışlar da – hamı anladı bunu.

Bu gözəl insan – dostumuz Füzuli Ruzigardır.

Rüzuli Ruzigar – dözülməz, çəkilməz qəriblikdə mənə yaşamağa güc-qüvvət verən dostlarımdandır. Elə dostlardan ki, onların qəlbinin istisi qürbətin qarını belə əritməyə yetərlidir. Füzuli müəllim vətəndə səsim, sözüm olan, hətta məndən xəbərsiz belə, şeirlərimi, məqalələrimi yayımlayan dostlardandır. O dəfələrlə, öz yel qanadlı “Ruzigar” qəzetində, vətəndən uzaq düşmüş elqızının yazılarını sevə-sevə dərc edib, mənə dəyər verib, ruh verib.

Özü haqda belə deyir Füzuli müəllim: “Yazıçılıq və jurnalistika!… Hər ikisi insan mənəviyatına, həyat gerçəkliklərinin işıqlandırılmasına xidmət edir. Ötən yarım əsrdə hər ikisində də qələmimi sınamışam, gəncliyimdə sevgi şeirləri də yazmışam. Yüzə yaxın hekayəm, iki sənədli povestim, xeyli şeir və mənsur şeirlərim dərc olunub. “Ruzigarlı, Rüzigarsız dünyam” adlı xatirə – romanım hazırdır. Altı kitab müəllifiyəm. Lakin taleyimi həmişəlik jurnalistikaya bağlamışam. Gəncədən başlanan tale – peşə yolum Daşkəsənin başı ağ örpəkli dağlarından, Göygöl rayonundan keçib yenidən doğma yurduma – Gəncəyə qayıdıb. 38 ildir “Gəncənin səsi” qəzetində calışıram. Eyni zamanda “Ekoloji həyat” qəzetinin və “Ana Kür” jurnalının yaradıçısı və redaktoru olmuşam. Bir ara Gəncədə tarix-diyarşünaslıq muzeyinin direktoru işləmişəm. ADAU-da, Ekologiya İnstitutunda jurnalistika və pedaqogika fənlərindən dərs demişəm. Azərbaycan Beynəlxalq Universitetinin Gəncə filialında Jurnalistika fakültəsinin dekanı və aparıçı müəllimi olmuşam. “Jurnalist” adlı fakültə qəzeti yaratmışam. “Ədalət” qəzetinin Qərb bölgəsi üzrə muxbiri işləmişəm. 2006-cı ilin may ayından şəhid qardaşım Rüzigar Qasımovun xatirəsinə 16 səhifəlik rəngli “RUZİGAR” qəzetinin təsisçisi və baş redaktoruyam. Bu qəzetin elektron saytını dünyanın 20 ölkəsində oxuyurlar. Deyilənlərə görə, respublikada da bu qəzetin pərəstişkarları çoxdur… Gördüyünüz kimi, jurnalistika mənim həyat yolumdur. Bu peşə çevik, obyektiv, qərəzsis bir tale yoludur…”

Füzuli Ruzigar haqda yazmazdan öncə, ona həsr olunan bir çox məqalələri, verdiyi müsahibələri oxumaq istədim. Lakin sonra fikrimdən daşındım, çünki dost dediyimiz bir insan haqda hər birimiz eyni gözəl sözləri yaza bilərik, ona olan minnətdarlıq hisslərimizi eyni cür izhar edə bilərik. Odur ki, bir şair olaraq, dəyərli qardaşıma doğum günündə şeir hədiyyə etmək istədim. Çünki, onun haqqında birdiyim tək bircə həqiqət belə artıq bir şeirin yaranmasına zəmin olmuşdu – Füzuli Ruzigarın vətən şəhidi olan qardaş adını gündən –günə yaşadıb dillərdə əzbər etmək böyüklüyü! Sənə həsr etdiyim bu şeiri hədiyyəm olaraq qəbul et, əziz dost!

…Bircə insan olub bir ömrü sürmək
Bir yaşam yaşamaq – çətin deyil ki!
Bir dəfə doğulmaq, bir dəfə ölmək,
Bir adı daşımaq – çətin deyil ki!
Çətindir – bir ömrü ikiyə vurmaq,

İki ürək olmaq cılız bədəndə.
Ölənlə ölməmək,
dayanıb durmaq,
Parlayıb sönməmək böyük vətəndə!

Qış günü yaz olmaq, çətindi, qardaş!
Çətindi sellərin yolunu kəsmək!
Vicdanlar lal olub, ürəklərsə daş…
Hər bəxtə düşməyir Rüzgartək əsmək!

Sənsə söz silahlı ərsən, igidsən,
Qələmin od çaxar bəlkə inansan!
Dünyada yeganə canlı şəhidsən,
Şəhidi adında yaşadan insan!

Doğum günün mübarək olsun, qardaş adını yaşadan insan! Neçə ki, sizlər varsınız – dünya gözəl, Vətən yenilməz olacaq!

Fevral, 2015
Moskva


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir