SƏN DƏ Mİ, NİZAMİ?


SƏN DƏ Mİ, NİZAMİ?
Beləmi danışmışdıq Səninlə? Bu nə yır-yığış, bu nə əcələ? Səni gördükcə yaşamaq eşqimizin artdığını bilirdin deyə, bizə sitəm eləməyəmi hökm verdin? Sən bizim üzündən günəş şövqü çəkilməyən “Qaraca oğlan”ımız idin. Bilirsən, türk qardaşlarımız Bülənt Ecevitə belə ad qoymuşdular. Sənin o əsmər çöhrən heç vaxt bədbinlik yağdırmırdı.

Sən bizim VƏKİLİMİZ idin. Çox vaxt təmənnasız. Çox vaxt heç bir xahişsiz. Sən ləyaqəti sıfıra yaxın olanların da, övladına başqalarının vəsaiti hesabına səadət quranların da vəkili olmağı bacarırdın. Onların səviyyəsinə enmədən, onları heç olmasa bircə pillə qaldırmaq niyyəti ilə. İndi ətrafında qoxusundan mədət uman quzğunların dolaşdığı Azərros cəmdəyinin leşə dönməməsinin səbəbkarı Sənsən əslində. Ortada gəzib dolaşanların çoxu bunu dilinə gətirməsə də. Çəkdiyin zəhmətin haqqını vermiş olmasalar da.

Sən bizim MÖMİNİMİZ idin. Namaz qılmağı, səcdə etməyini gözümüzə batıran reklamçı “mömin” yox, yanında adamın özünü güvəndə hiss etdiyi, üzündə Tanrı izini gördüyü mömin.

İlin-günün bu vaxtında, “əlimiz xəmirdə, gözümüz Lazım həsrətində”, torpaq əğyar əlində, əsirlərimizin gözü yolda olan bir zamanda bu nə gediş oldu belə? Barışdırdığın tərəflərin ikisinin də acısını, hirsini, neqativini öz içinə çəkdin deyə belə oldumu? Onlar bir qoz qabığına dəyməyən inciklikləri çoxdan unudublar, hətta birgə əylənirlər bəlkə də. Çünki Sən onların gözünü açdın, nifrət qapısını bağladın, sevdirdin onları bir-birinə.

Torpaq yaxşıları sevir deyirlər. İnanmıram. Torpaq hər kəsin son dayanacaq məntəqəsidir. Yaradan isə bu məntəqənin səliqə-sahmanı, düzəni pozulmasın deyə vaxtaşırı ora yaxşıları göndərir.

Yerin görünəcək. Nə qədər “əvəzolunmaz insan yoxdur” desələr də. Sənin yerinə çoxları gələ bilər, amma Sənin yerini verməz. Palıd yıxılandan sonra yerındə minlərlə göbələk çıxır. Yer boş qalmır, amma Palıdın yeri görünür.

Ölüm haqdır deyirlər. Bu yeganə haldır ki, haqqın təcəllisinin tezliyi təəssüf, hətta narazılıq doğurur.

Yerin rahat olsun. Etdiyin yaxşılıqların, sağaltdığın yaraların, Tanrıya üz tutub etdiyin duaların qarşılığı cənnət olar, inşallah!

Cəfər Sadıq,
Moskva, 19 fevral 2020-ci il.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir