Sən Vüsalmısan, yoxsa Ayrılıq?!
(Şəhidlərimizə ithafən)
Sən Vüsalmısan, yoxsa Ayrılıq?
-Hər ikisiyəm desəm qane edərmi?
-Hər ikisi olmaq imkansızdır. Çünki birinin varlığı o birinin yoxluğu deməkdir.
-Yanaşı addımlamaq yazılmayıbmı hər iksinin qismətinə. Eyni cümlədə işlətmədikmi hey?
-Amma əks qütbdə dayanan, bir-birinə öc olan kimi işlətdik. Paralel xətlər birləşməz, bilirsən.
– Eyni paraleldə yeriyənləri birləşdirən son dayanacaq olduğu gerçəkliyini də unutma!
-Bir-birimizə bağlıyıqmı, ayrıyıqmı?
-Həm bağlı, həm ayrı.
-Ölümdən betər -Ayrılıq deyilənin sonunda vüsal varsa, o ayrılıq bitmişdir.
-Amma sonu gəlməyən, bitməyən ayrılıqlara məzar olan vüsal varsa?
– Vüsalın bitdiyi yerdə ayrılıq başlar.
-Ayrılığı vüsala dönüşdürüb özü ayrılanlar da Ayrıdırmı?
-Onlar Ayrıdırlar, həm də bir ayrıdırlar. Ayrılıqları ilə illərlə ayrı qalan, vüsal həsrətiylə yananları qovuşduranlardır.
-Həm ayrılığa, həm vüsala eyni anda ünvan olmaq necə olur?
-Yanaşı yeriyən paralellərin kəsişdiyi mənzil bütün bir elə ünvansa, orada. Bütün bir elə ünvan olan yer haradır- deyə sormayacaqsan, yəqin ki?
-Sormayacam. Ora Vətəndir, torpaqdır, yurddur! O yurdla aramızdakı ayrılığa özünü fəda edib bizi vüsala qovuşduranlar Ayrılığın “ölümdən betər” anlamını dəyişdirdilər. Ölümdən ötəsi Ölməzlikdir. Ki adına Əbədiyyət deyilir.
-Sən Vüsalmısan, yoxsa Ayrılıq?
-Ayrılığı bitirən Vüsalam desəm, ya da Vüsalı doğan Ayrılıq. Səncə?
-Məncə, hər iksi…
Tünzalə Vəliqızı, Moskva.
14.07.2021
Sizi oxuduqca Azərbaycan tarixində hünəri ilə, qələmi ilə, sərkərdəlik, diplomatik qabiliyyətləri ilə nəsillərə örnək olan QADINLARIMIZ göz önündə sıralanır….
Var olun, TÜNZALE XATUN!
Çox şağ olun, Fəsli müəllim. Sizin kimi sözün dəyərini bilən insanların qarşısında məsuliyyət hiss edib yazıram. Bir balaca buna nail ola bilmişəmsə, xoşbəxtəm. Minnətdaram!