Sənə nağıl lazımdır?


Dünya haqqında mənsur, məsum nəzm də çoxdur, nəsr də. Hiddətlə çəmkirəni, təəssüflə zənni yanılanı, etibarını məzəmmət edəniylə yanaşı, hər şeyi yerbəyer edəcəyinə, ədalət tərəzisinin sonunda düz çəkəcəyinə inananını da üstündə gəzdirir dünya.
Kim deyib , yaxşıları hamı, yamanları heç olsa yaşanmaz?!

Kim deyib, əyrilər olmazsa düzlər seçilməz?!

Kim deyib, yanlışlar olmazsa naxışlar bilinməz?!

Kim deyib, böyük balıqlar kiçik balıqları yemədən yaşaya bilməz?

Kim itin taleyini evə əhliləşdirməyə yatımlı, qurdunkunu çölə ramagəlməz yazıb?

Kim cəngəllik qanunuyla insanlıq qanununu müqayisəediləcək qədər ayırıb, tətbiq ediləcək qədər birləşdirib?

İtiylə-qurduyla danışdığıma görə dəli sərsəmləməsidirmi? Yoxsa, hələ dünya ilə tanış olmayan cahillik və kamillik kəlmələrini ayırd edə bilməyənin marağımı?

Fəlsəfi fikir tarixinin nümayəndələrini oxumaqdan hələ uzaq yaşda, oyuncağı nə gəlincik, nə kiçik ayı-dovşan, nə çiling-ağac, nə suatandır.

Bunların dalınca çoxdan su atılan, şəkilli kitabların yox, elektron smartfonların vərəqləndiyi dünyanın ortasına düşüb. Bütün oyunlar onun bir barmağının altındadır. Bir düyməni basmaqla yetər. Elə bir düyməylə sonunun gətiriləcəyi dünya özü hədələnir. Ona görə elə fəlsəfənin də suyu çıxıb. Hamı fəlsəfəsinin doktorudur. Xəstəsi də, sağı da…

Xəstə Qasımın qıfılbəndinə “göyün dayaqsız çadır olması, qurbağanın əlsiz -ayaqsız çömçəquyruq kimi doğulması” ona şit zarafat kimi görünəcək oxutsan.

Qıfılbənd nədir, yahu,-deyəcək.

Belə dünyada uşaqlara hansı nağılı danışsan…

Gözü önündə Cirtdan çoxdan Div boyda yalanla böyüyüb, Tıq-tıq xanım da Sıçan bəyə azuqə üçün toya gedir… Neynəsin fəlsəfəni…

Biz də durmuşuq ki, uşaq nağılları niyə təlim-tərbiyəyə uyğun deyil, dərsliklərinə niyə maarifləndirici, öyrədici materiallar salmırlar. Materiyalar başqadır.

Antonimləri sinoniminə qarışıb, omonimləri heç deyiləcək deyil. Mavi desəm- göy (səma) anlaşılmaz. Daha sözlərin də dünya kimi paxırı çıxıb.

Dünya “dost-tanış””, “”xətir-hörmət””, “”adamlı-yiyəli “” çarxı ilə firlanır. Ona görə təəccüb etmirəm bayağı nağılların, ya yazıların dərsliyə düşməsinə. Adi inşa yaza bilməyənə bu dünya üzgörənlik edib az qala məşhur yazar kimi təqdim etdirir.

Nəyi qoyub, nəyi axtarırsınız? Dinsək nə olacaq ki… Guya xətirsiz xətirli kimi sırıdılmağından utanacaq, ya…

Bizim vaxtımızla Sizin vaxtınız bir deyil. Elə baxtımız da. Bəlkə biz daha bəxtəvərdik. Palçıqdan adam düzəldib ona şəkil verirdik. Elə oynayardıq. İndi adamlar palçıq olub. Bəziləri üz qarası, bəziləri ayaq altında çamur kimi dəyərsiz.

Bir də bizim vaxtımızda müharibəli kino olurdu. Müharibəli dünya yox…

Ona görə … Uşağa bir telefon, bir smartfon bəs edər. Dünya “”göydən düşən üç almalı”” nağılındakı almanı yerə dişlək alma – İphone (ayfon) reallığında endirib. Və nənə-baba xaric o üç almadan biri atada, biri anada və təbii biri uşaqda-Səndə.

“”-Ağaca çıxaq…
-Mən də, mən də…””

Hamı dəyib daha, kal olan dərslikdəki dərslərdir… Çünki…

Sənə nağıl lazımdır?

Və sonda Mixail Jivanetskiy demişkən, tunelin sonunda işıq görünür, sadəcə tunel qurtarmaq bilmir.

Tünzalə Vəliqızı, Moskva
17.08.2020
Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir