Sən Vüsalmısan, yoxsa Ayrılıq?!


(Şəhidlərimizə ithafən)

Sən Vüsalmısan, yoxsa Ayrılıq?

-Hər ikisiyəm desəm qane edərmi?

-Hər ikisi olmaq  imkansızdır. Çünki birinin varlığı o birinin yoxluğu deməkdir.

-Yanaşı addımlamaq yazılmayıbmı hər iksinin qismətinə. Eyni cümlədə  işlətmədikmi hey?

-Amma əks qütbdə dayanan, bir-birinə öc olan kimi işlətdik. Paralel xətlər birləşməz, bilirsən.

– Eyni paraleldə  yeriyənləri birləşdirən son dayanacaq olduğu gerçəkliyini də unutma!

-Bir-birimizə bağlıyıqmı, ayrıyıqmı?

-Həm bağlı, həm ayrı.

-Ölümdən betər -Ayrılıq deyilənin sonunda vüsal varsa, o ayrılıq bitmişdir.

-Amma sonu gəlməyən, bitməyən ayrılıqlara məzar olan vüsal varsa?

– Vüsalın bitdiyi yerdə ayrılıq başlar.

-Ayrılığı vüsala dönüşdürüb özü ayrılanlar da  Ayrıdırmı?

-Onlar Ayrıdırlar, həm də bir ayrıdırlar. Ayrılıqları ilə illərlə ayrı qalan, vüsal həsrətiylə yananları qovuşduranlardır.

-Həm ayrılığa, həm vüsala eyni anda ünvan olmaq necə olur?

-Yanaşı yeriyən paralellərin kəsişdiyi mənzil bütün bir elə ünvansa, orada. Bütün bir elə ünvan olan yer haradır- deyə sormayacaqsan, yəqin ki?

-Sormayacam. Ora Vətəndir, torpaqdır, yurddur! O yurdla aramızdakı ayrılığa özünü fəda edib bizi vüsala qovuşduranlar Ayrılığın “ölümdən betər” anlamını dəyişdirdilər. Ölümdən ötəsi Ölməzlikdir. Ki adına Əbədiyyət deyilir.

-Sən Vüsalmısan, yoxsa Ayrılıq?

-Ayrılığı bitirən Vüsalam desəm, ya da Vüsalı doğan Ayrılıq. Səncə?

-Məncə, hər iksi…

Tünzalə Vəliqızı, Moskva.

14.07.2021


Anonim üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir