SABAH BU GÜNDƏN BAŞLAYIR


SABAH BU GÜNDƏN BAŞLAYIR

Hərə közü öz qabağına çəksə, ocaqda köz qalmaz. Olmazmı ki, bir ocaq çataq – istisinə hamı qızınsın? Olar. Bu ocaq Vətəndi. Vətən isə – onun vətəndaşlarından başlayır.
Bu gün böyük Vətənin kişik vətəndaşlarından – gələcəyimiz olan balalardan danışacağam.
Onlara ümid vermək, örnək olmaq lazım olduğundan.
Gələcəyimizin nişanəsi kimi, rəmzi kimi tərbiyə verə bilməkdən.
Sağlamlıqlarını və psixikalarını qorumaqdan…

Daha nağıllara inanmırlar onlar. Çünki biz böyüklər əllərindən almışıq inamı, sevinci, ümidi.
Allahın ətəyindən yapışmışıq. Allahdan və ya nəsə fövqəl qüvvədən başqa heç nə köməyimiz ola bilməz deyə. Arxalandıqlarımız bizə əsəbdən başqa bir şey vermir çünki.
Qanunlardan kənar bir həyat yaşayırıq. İnsan və ona sayğının sıfır olduğu bir yerdə təbii ki, uşaqlar da bu sıfırın altında qalıblar.

“Balalarımıza qayğı, sevgi” – bunlar artıq boğazdan yuxarı deyilən sözlərə çevrilərək TV-lər üçün efiri doldurmaqdan başqa bir şeyə yaramır.
Artıq onsuz da gələcəklərini zəhərlədiyimiz balalarımızın sağlamlığını da bər-bəzəkli şokolad və vafli qutuların içərisində zəhərləyirik.

Biz nə qədər qəribə millətik, ilahi?! Koroğlunun, Babəkin nəsli niyə belə oldu?
Axı, heç bu günə düşməyimizdə günahkar bildiyimiz avropalılarda da, ruslarda da belə analoq yoxdur.
Kimdir müqəssir, kimdir yalançı? Özümüzdən başqa heç kim.

Mən adi bir vətəndaş kimi bu günlə yaşayıram artıq, çünki sabaha inamım yoxdur. Biz hər şeyə dözürük, dözəcəyik, dözməliyik də. Amma bəs bu körpələrə necə qıyırsınız, ay böyüklər!
İş adamı olanda nə olar?! Mütləq laqeyd olmalısınız?! İş adamının milləti, Allahı, əzizi yoxdu? Axı, biz böhrandan tamamilə üzüağ çıxmışdıq.

Niyə uşaq təbabəti deyəndə, niyə uşaq həkimi, uşaq xəstəxanası deyəndə Azərbaycanda hamının üzü turşuyur? Niyə uşağı xəstələnəndə evi yıxılmışa dönür camaat? Hanı millətin uşaq həkimləri, uşaqlara ayrılan vəsait, dərman?
Niyə həkimlər valideynlərin əlinə ucu yerə dəyən siyahı verib ən yaxın aptekin yolunu göstərirlər? Nişan verdikləri apteklərdən xəstə göndərdiyi üçün faiz alan həkimləri harda və necə yetişdirir anamız torpaq? Hara gedirik bu vicdanla?

Məktəblər bəs? İldə bir neçə dəfə “mühüm” işlərə yığılan pullar? Bir məktəbdə bir neçə uşağı oxuyan valideynlərin müəllimlərə yalvarmaqları? Birinci rübdəcə vərəq-vərəq sökülüb əldə qalan keyfiyyətsiz kitablar? Guya korrubsiyaya qarşı mübarizə zamanı bunlar yox oldu?
Xeyir! Zehinlərdə reform aparmaq lazımdır, öz balalrımıza qarşı özümüzdə sevgi yaratmaq lazımdır. Bağçalarda, məktəblərdə olan sevgisizlik, gələcəkdə də, hərbi xidmətdəki əsgərlərimizə edilən, biganəliyi aşıb qəddarlığa çevrilən münasibətlərimiz – vətən sevgisizliyi deyil bəs nədir?
Mən hələ nəqliyyatın altında qalıb əzilmək qorxusunu itirmiş şüşəyuyan uşaqları demirəm… Soyuq asfaltda oturub dilənən körpələri demirəm…

Vətəni sevən – onun balalarını da sevər.
Balalarımıza TV-lərdə danışılan nağıllar hanı?
Cizgi filmlərində də bir-birlərini döyürlər, qırırlar…
Nə qədər çılpaq qızlar göstərmək olar? Nə qədər ayıblı filmlər göstərmək olar?
Tərbiyədən kənar olan bəzi müğənnilərə nə qədər Xanım demək olar?
Axı bunları balalarımız görür, eşidir…
Budurmu onların örnəkləri? Hanı “nəsihət” adlı müdrik kəlamlarımız? Hanı onları verən ağsaqqllarımız, böyüklərimiz? Bu gün övladlarımızı kimyəvi qatışıqlı konfetlərlə, koka-kolayla və ekrandan seyr etdikləri ulduz müharibələriylə böyütsək, onlar hansı qara sabahımızın “ağ” saqqalı ola biləcəklər?
Dərd çox… Nəyi deyəsən, nə qalsın?

Mənim bildiyim budur ki, Vətəni sevən – onun balalarını da sevər. Sabah öz anasını qorumağı şərəf bilən balaları, oğulları və qızları biz – böyüklər bu gün qorumalıyıq.
Sözümü bu misralarla başa vurmaq istəyirəm:

Yerə göydən baxma, bala,
Yerə yerdən baxmaq gərək!
Selə qarşı dursan əgər,
Quma dönüb axmaq gərək!

Dərdi çəkmə için-için,
Qulpundan tut işin-gücün.
Bir ocağı yaxmaq üçün
Daşı daşa çaxmaq gərək!

Yoldaş olmaz ağlı kaldan,
Uzaq dayan qeylü-qaldan.
Çörəyinə haram baldan,
Halalca şor yaxmaq gərək!

Boşa vermə zamanını,
Yaşa ömrün hər anını.
Məhəbbətin nişanını
Barmağına taxmaq gərək!

Polad kimi olsun canın,
Bulanmasın ruhun, qanın.
Vətəninə kəm baxanın
Dünyasını yıxmaq gərək!

Afaq ŞIXLI
Moskva


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir