Salamla başlar bütün cümlələr


Salam. Bu aralar salamdan-qarşıdakına sağlıqlı səhhət diləyindən sonra “necəsiniz?” demək də olmur. Çünki növbətçi cavabımız yoxdur! Siyasi abu-hava kimi əhvalımız da dəyişkəndir, bircə ruhumuzdan başqa.

Necəyik?

Axşamdan körpəsini ehmallıca yatağa yatırıb ayağının ucunda beşiyin başından uzaqlaşan Ana kimiyik.

Gecənin ortasında otağının pəncərəsinin açıq qalıb-qalmadığını yoxlamaq üçün üstündən düşən yorğanı düzəldən Ana kimiyik.

Hərarətini termomertlə deyil, dodağını alnına yapışdırıb ölçən Ana kimiyik.

Bir sözlə, balasına qıymayan ANALAR kimi… Ömrünü övladının qayğılarına xərcləyib bununla qidalanan, boyuna baxıb qürurlanan, bütün cümlələrini onun adıyla başlayıb, doğrularının təsdiqini onun canına andıyla bitirən ANALAR kimi.

Necəyik?

Göydən üstümüzə yağan bombaların altında “əzilməyən”, hələ nəyə uğradığını anlamadan gülümsəyən o balca oğlan kimi!

Yuxusuna haram qatanlara, bir anda dünyası başına yıxılan, dağıntıların altından çıxarılan o kəskin baxışlı qızcığaz kimi!

Necəyik?

Düşmən terroruna ayaq verənlərə qəzəbli, haqlılığımızı cüzi təsdiq edənə minnətdar…

Necəyik?

Əslində ruhumuzu əhvalımıza təslim edən-bayrağını boynuna asıb onu yaşatmaq üçün savaşanlar kimi

“Necəsən, Necəsiniz?” növbətçi sualını rəfdən qaldıraq! Çünki bu gün birimizin halı o birinin əhvalıdır!

Tünzalə Vəliqızı, Moskva
12.10.2020


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir