SAMF Ağdam Çörək Muzeyinin yaradıcılarını bir araya gətirdi


SAMF Ağdam Çörək Muzeyinin yaradıcılarını bir araya gətirdi
Söz Azadlığını Müdafiə Fondunda (SAMF) Ağdam Çörək Muzeyinin fəaliyyətinin bərpası ilə əlaqədar muzeyin yaradıcıları ilə görüş keçirilmişdir. Əvvəlcə qonaqlara SAMF-da muzeyə həsr olunan sərgi barəsində məlumat verilmişdir.

Görüşdə son vaxtlar muzeyin bərpası ilə əlaqədar fondun fəaliyyəti haqqında danışan SAMF-ın icraçı direktoru Vüqar Tofiqli Heydər Əliyev Fondunun prezidenti, UNESKO və İSESKO-nun Xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevaya, bir qrup Milli Məclis üzvünə, Mədəniyyət və Turizm Nazirliyinə və Ağdam RİH-ə müraciətlər ünvanladıqlarını qeyd etmişdir. Onun sözlərinə görə, dünyada ikinci, keçmiş SSRİ məkanında birinci olan Çörək Muzeyinin indi rayonun işğal altında olmayan ərazisində bərpasının bu gün böyük mənəvi əhəmiyyəti ola bilər. Belə ki, muzeyin fəaliyyəti bərpa olunarsa, bu həm böyüməkdə olan gənc nəslin tariximizin bir parçası barədə məlumatlarla tanış olmağa yardımçı olar, həm də muzeyin ziyarətçiləri olacaq əcnəbi qonaqlar Qarabağda tarixən formalaşmış əkinçilik mədəniyyəti haqqında bilgilərin əldə etməsiylə nəticələnər.

Muzeyin təşkilinin ideya müəllifi, uzun illər Ağdam Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində çalışmış Sadıx Murtuzayev muzeyin yenidən bərpasının tərəfdarı olduğunu bildirmiş, bu addımn gənclərdə çörəyə və hallalığa olan münasibətində köklü dəyişikliklərə gətirib çıxaracağına, bu ruhda böyüyən gəncin vətən sevgisinin formalaşmasına yetərincə şərait yaradacağına inandığını bildirmişdir.

Muzeyin yaradılmasında xüsusi xidməti olmuş Əməkdar Mədəniyyət İşçisi Çimnaz Əliyeva muzeyin bərpasının təxmini məkanını da göstərdi. Onun sözlərinə görə, muzey Ağdamın işğal altında olmayan ərazisindəki dəyirmanların birinin binasında bərpa edilərsə, bunun çox böyük əhəmiyyəti olar. Onun sözlərinə görə, bir-biri ilə əbədi bağlılığı olan dəyirman-çörək-muzey üçbucağının birləşməsindən isə gənclərimizin vətənə və torpağa olan sevgisinin daha da artacağı şəksizdir.

SAMF-ın koordiantoru Nəzirməmməd Zöhrablı isə son iki il ərzində fondun əməkdaşlarının ciddi səyi ilə muzeylə bağlı iyirmiyədək eksponat toplandığını qonaqların diqqətinə çatdırmışdır.
Sonda görüş iştirakçıları SAMF-ın iki ay əvvəl Ağdam Çörək Muzeyinin bərpası ilə bağlı həyata keçirdiyi layihənin davam etdirilməsini məqsədə uyğun hesab etmişlər.

SAMF


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir