Seçkilər – Fevralın 9-da yağan qar


SEÇKİLƏR -  FEVRALİN 9-DA YAĞAN QAR

Nə təmizləyə bildi, nə də gizlədə. Kiri qaysaq bağlamış salon, yumşaq yeri mandatlı kürsüyə yapışmış bir bölük insan qəfil gələn buraxılma xəbərinin şokunu iki ay içində adladamayınca, heç olmasa oturduqları yerin xatirinə bir az cidd-cəhd göstərməyincə, 10, 15, 20 ildə görmədikləri işin məşqini seçkilərə üç gün qalana qədər yeniləməyincə olanlar oldu.

Onlar deyiləni eləsəydilər çayçı da, qəssab da, üçüncü dərəcəli müqənni də, vaqon-palatkanın fanta satıcısı da, Prezidentə “Ə, yekə oğlansan, Məzahirə de, reklam vərəqinə verdiyim kredit pulunu qaytarsın” zəkasında olanlar da deputatlığın, qanunverici orqanda çalışmağın nə olduğunu dərk edər, namizədlik, deputatlıq havasına girməzdilər. Niyə küll halında namizəd oldu? Çünki onların böyük əksəriyyətinin əmin olduğu bir həqiqət var: Ağahüseyn Kazımlı düşüncəli bir adam on illərlə orada otura bilirsə, bu işi görməyə nə var? İmamverdi İsmayılov kimi işğal olunmuş ərazini təmsil edərək bu torpağın bir zərrə problemindən danışmamaq mümkünsə, niyə mən də deputat olmayım? Ərazimizdəki erməniləri qovmaq yolları təklif etmək yerinə “Mənim torpağımda erməni əyilə-əyilə gəzməlidir” sloqanı ilə yaşayan Elman Nəsirov söylədiyi cəfəngiyata gündə bir don geydirməyə çalışırsa, niyə halal çörəyini zəhmətilə qazanan, lakin Vətənin işğalına dözə bilməyən çayçı “ondan yaxşı deputat olaram” məntiqini güdməsin? Namizədlərin ən az yetmiş faizi mandata ölkənin düşdüyü vəziyyətdən qanuni yolla çıxmasına yardım vasitəsi kimi deyil, kreditlərini bağlamaq, yaxınlarına gün ağlamaq, Xəzərin sahilində boş qalan yeri hasarlamaq, xaricdə mülk, Bakıda şadlıq sarayi almaq imkanı kimi baxır. Çünki son iyirmi beş ildə gördükləri deputat klişesi, standartı bu olub!


Sovet vaxtı da yağlı yerlərə işə düzəlmək asan deyildi, ən azından partiyanın üzvü olmalıydın. Adamları da partiyaya rayon, şəhər komitələrində, büroda təsdiqləyib qəbul edirdilər. Bir il namizədlik müddəti verilir, sonra büro adamı partiyanın üzvlüyünə qəbul edirdi. Bir kişi ilkin mərhələləri keçib büronun son iclasına qədər gəlib çatır, kimə nə haqq veriləsidisə verib, indi son mərhələni keçməlidir. O zaman belə bir qayda da vardı. Partiyaya daxil olmaq istəyən ərizəsində qərarının səbəbini belə göstərirdi: Kommünizm qurucularının ön cəbhəsində olmaq istəyirəm. Bu pafosu eşitmək üçün də büroda adətən sonda adama bu sualı təkrar verirdilər, namizəd də cavab verir və xeyir-dua alırdı. Raykomun katibi cansıxıcı mərasimə son qoymaq üçün kişiyə bu son sualı verir. O da yazmaq-oxumaq bilməyən, “haqqını” birtəhər düzəldib bura qədər gələn adam. Ətrafa boylanıb kabineti gözdən keçirərək yavaşdan cavab verir: başına dönüm, ay katib, vallah dolana bilmirəm”.

Demokratiyanın nə olduğunu bilən, əsil qanunvericilik sənədləri yaratmağın çətinliklərini dərk edən cəmiyyətdə deputat olmaq istəyənlərin sayı bir yerə on namizəd nisbətində ola bilməz. Yaxasına asdığı vəsiqədəki partiya adının açıqlamasını bilməyən adamdan seçki dairəsində müşahidəçi olmaz! Səsinin “dəyərını” bülleteni cibində saxlamaqda görəndən seçici olmaz! Müəllimini bu qədər aşağılayan cəmiyyət sabaha açıq alınla, ağ üzlə gedə bilməz! Müəllimini 100 manatla oğruluğa, vicdansızlığa sürükləyənlər, baxın, nəyə səbəb olursunuz? Sağlamlığını Qarabaq döyüşlərində itirmiş, ruhu, vicdanı ilə dimdik duran zabitimiz bacısını və gəlinini o şərəfsizlikdən uzaq tutmaq üçün ozünün 200 manat pensiyasını onlara verib seçki günü məktəbə getməyə qoymayıb. Növbəti pensiyanı ayın sonunda alacaq deyə kredit götürməyə məcbur olub. Bankın onu əzməsinə razı olub yaxınlarının seçki palçığına bulaşmasına yox! Bibisi olmuş şərəfli müəllimənin vicdanı, ruhu sızlamasın deyə, onun adına söz deyilməsin deyə. İnsan Mübariz olanda onu aclıqla da imtahana çəkmək çətindir. Hərçənd ki, insanın aclığından, ehtiyac içində olmasından sui-istifadə etmək ən böyük vicdansızlıqdır. Vətənindən didərgin düşsə də uzaqda belə onun dərdinə yananların arxasına casuslar salan dövlət öz insanına, xalqına xoş güzəran qura bilməz!

Seçki xəmiri hələ çox su aparacaq. Dairələrində şübhə yaranan namizədlərin lider olanları seçicilərinə, öz şərəflərinə əmindirlərsə istefa verməli, yenidən yarışa girməlidirlər. Bu, onların son şərəf, vicdan nümayişi imkanıdır. Daha rəzalətlə getməkdənsə, “üzüsulu” getmək doğru olmazmı? Xalq bunu anlayar. Xalq bağışlamağı bacarandır. Lakin tarixdə xalğın səbrini zorlamanın necə acı nəticələr verdiyini göstərən minlərlə dəlil var. Azərbaycan xalqının bu gün ehtiyac duyduğu amil birlikdir. Seçki nadürüstlüyü bu birliyə gedən yolun önünə daş qoyur, insanların inamını yaralayır. Lakin vəziyyətin düzəlməsinə, düzələcəyinə böyük ümidlər bəslənir. Bu ümidləri qırmaq ölkəni xaosa sürükləməkdir. Düşmənin dəyirmanına su tökmək, Qarabağı unutmaq, qaçqınların, əsirlərin gözlərini yenə yolda qoymaq, gələcək qarşısında lənət yeri olmaq deməkdir. Xalqının qədərini düşünən hər kəs, namizəd də, vəkil də, məmur da, prezident də xalqı birliyə aparan amallara xidmət etməlidir.

Fevralın doqquzunda yağan qar eyiblərimizi örtmədən əriyib getdi. Günəşın bu üfunəti yox etməsinə də hələ çox var. Özümüzə gəlməsək, koronavirusa ehtiyacımız qalmayacaq. Şərəfsiz, namussuz, heysiyyatsız, Vətən eşqi, qeyrəti olmayan məxluq yaşasa nə yazar, millət vəkili olsa nə yazar?

Cəfər Sadıq,
Moskva, 14 fevral 2020-ci il


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir