Bəzənlər-Bənzərlər və ya Olanı Ölən etməyə tələsməyin!


Şəxsən tanımamışam. Kimimi, kimlərimi? Ədəbi ruhunu sevdiyimiz dahilərimizin çoxunu. “Xoşbəxtəm ki, sağlığında onu görmüşəm, tanımışam”-deyənlərə qibtə ilə baxdığım olub. Onun əsrində dünyaya gəlmədiyim üçün taleyi qınadığım da olub. İnsanıq, özümüzü qınayar, bəzən bəxtdən, taledən giley edərik. Bəzən özümüzü Everestin başına qoyar, bəzən Niaqara şəlaləsindən daha bərk gurlayarıq. Bəzən söyər-döyər, bəzən söydürər-döydürər, bəzən qışqırar-bağırar, bəzən də susarıq.

Nə zaman susarıq? Yeri gələndə. Bəzən elə yeri gəlməyəndə susub, yersiz danışarıq. Bəzən ağlayarıq, bəzən ağladarıq. Bəzən ayırarıq, bəzən ayrılarıq. Bütün “bəzən”lərin də sadəcə dəyişməz suçsuzu özünsən, suçlusu isə hamı…

Selfini-özçəkimi sevərik. Özümüzü çəkməyi də (dartmağı-yekəxanalığı) sevərik. Amma videoobyektivin hədəfində olan ÖZümüz ÖZÜmüzü görmərik. İşıq effektini çox verərik ki, qırışlarımız görünməsin! Üzümüzün çala-çuxurunu “fotoşopla” ütüləyər, ideal “Mən”i paylaşarıq. Amma bir nüansı qaçırarıq. Orijinalımızda elədiyimiz redaktələri (davranışımızı, münasibətimizi saya salmadan) ağlımıza, düşüncəmizə tətbiq edəcək alətin olmadığını. Əslində var da… Nəysə..

O zaman durum dəyişər. Maska altındankı “özümüz” üzə çıxarıq.

Amma bir həqiqət var. Nə edirsən et, kim olursan ol, kəsb etdiyin məna dəyişməz! Busan! Bitdi! Bəlkə bir müddət ətrafını qandıra, yanılda bilərsən. Sadəcə bir müddət, sonrasında isə…

Maleviçin məhşur “Qara Kvadrat”ının (bunun nə olduğunu bilirsənsə) asıldığı müqəddəs yer saydığın divara doğman əvəzinə yarındığın birinin şəklini asarsan. O şəklin yerində sabit qalmayacağını bilə-bilə həm də. Onun dövranının sabitliyi bitəndə yerindən endirəcəyini də bilirsən. Növbətisi yerini tutacaq… Çünki sənin orijinalın budur! Fürsətə, girəvəyə görə dəyişdirmək, dəyişmək.

O da var! Bəlkə illərdir özünə, üzünə baxmaz. Movlananın “olduğun kimi görün, göründüyün kimi ol”-fəlsəfəsinə sadiq dünyanı ruhunun, düşüncəsinin, qəlbinin süzgəcindən keçirərək, neçə -neçə Movlanaları tanımaq istər. Oxuyar, oxutdurar.

Onun sadəcə bir itirmək dərdi var. Onun “Qara Kvadrat”ının görüməyən alt laylarında “Simanı itirmə” yazılıb və divarda atasının- babasının şəklinin “qara kvadrat”a salınan çərçivəsindən ona boylanar.

Var o çərçiyəyə salınıb ən müqəddəs yerə şəkli asıla biləcək dahilərimiz, dühalarımız. Sadəcə bir dostumun dediyi kimi kitab şkafında sıralanacaq əsərlərini qoymamışıq. Övladlarımıza onlarla yatıb, onlarla qalxmağı öyrətməmişik. İndi onlardan mlli ruh umuruq.

Dünya silkələnir, silkinir. Birə kimi üstünə darışıb qanını soranları, qazancını başına tac edənləri elə tacında (koronavirus) boğmaqla cəzalandırır, xilas olmaq istəyir. O saydığını sayır, sənsə səni saya salanları.

Dilimizə necə çevirib Kiplinqin “Mininci İnsan”ını Xeyrulla Xəyal?!

Doqquz yüz doxsan doqquz insan istəyir bilə,
Sənə başqalarının nədir münasibəti.
Mininci insan ancaq həmişə səninlədir,
Aləm düşmənin ola, pozulmaz sədaqəti.

Necə vədlər verəsən, yalvarasan nə qədər,
Tapa bilməyəcəksən həyatda beləsini.
Doqquz yüz doxsan doqquz insan verəcək dəyər,
Görkəminə, adına, öyrənəcək nəslini.

Doqquz yüz doxsan doqquz insan gümüş istəyər,
Qızıl istəyər, haçan hansı sövdə bağlasa.
Ancaq Mininci İnsan onlara tamam dəyər,
Görür ki, qiymətlidir ürəyində nə varsa.

“O”nun üstünə iki nöqtə qoyub Olanı Ölən etməyə tələsməyin! Bəzən bənzərlərə buradan da baxmaq lazımdır, məncə…

Tünzalə Vəliqızı, Moskva
07.04.2020


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir