Sevənlər gününün On(lar)a dəxli varmı?


Sevənlər gününün On(lar)a dəxli varmı?
Özündən gizlin onun şəklini çəkmək istədim. Hər birinizin küçəsində, məhəlləsində, məhləsində belələri mütləq var. Ayın-günün nəylə bağlı olduğunu bilməyən, ya da o günün başqaları üçün bayram olduğuna köks ötürməyə belə vaxtı olmayan biriləri. Ömrünün təqaüd yaşında bəxtinə küçə süpürmək düşəni olsun, ya özgə qapılarında qulluqçuluq edəni, ya da qarşısına limon, göy-göyərti, mürəbbə, turşu qoyub satanı. Məkan, məmləkət də fərq etməz. Tolstoy təbirincə desək “özünəməxsus bədbəxtlər” hər yerdə eynidir. Fatalizmdən, taledən, qismətdən keçib onlarınkı.

Mətləbin bu günə dəxli olduğunu anladacam. Əvvəl günün kimə dəxli olduğunu bir özüm üçün anlayım. Sevənlərmi, sevgililərmi günü? İndi deyəcəksiniz ki, fərq edərmi ki? İnanın edər. Çünki günümüzdəki deyimlər, sözlər də, məcrasından çıxan həyatımız, mənəvi-əxlaqi dəyərlərimiz kimi daşıdığı anlamdan uzaqlaşıb. Məsələn sevgililər günü –məşuqələr günü kimi anlaşıla bilər. Və mənə elə gəlir ki, dastanlardan gələn o “aşıq-məşuq” kəlməsinə hopan sevgini-eşqi o qədər kirlətdik ki, özünü bilən (şükür ki, aramızda elələri az da olsa hələ qalıb) sevdiyinə necə müraciət etmək tərəddüdündə qalır.

Bu günə sitəm edib o qədər yazı yazmışam ki. Bir az böyür-başını rəndələyib yenidən istifadəyə verə bilərdim. Amma il olub 2018. Dedm axı, günümüzdə indi çox şeyin təəccübləndirmə ayarı belə aşağı düşüb. Kimi nə ilə təəccübləndirə bilərsən ki?! Gizlilər, utanc gətirənlər başqa ampluada milyonların “tıkladığı” aludəçiliklə boşqabımıza çəkilib sifarişsiz gəlir. Mədəmiz ac olsa da, indi Allaha şükür mənəviyyatımız “tezbazar” fast-fudlarla doludur. Təmiz leksikonumuzda basmaqəlib poliqlotluğunu göstəriş üçün edən teleaparıcılarımız timsallı…

Hə, günü deyirdim axı? “Mənə nə dəxli var” deyənini anladacaqdım. Görəsən onun təqvimdə sevdiyi günü varmı? Heç soruşmamışam. Bu gün onun üçün sevincli gündür sadəcə. Digər bayram günləri kimi. Amma nə bayramı olması o qədər də anlam daşımır. O da sevib nə vaxtsa… Sevilib də. Hətta ona sadiq sevdiyi-ayrılmağa həyatın məcbur etdiyi- arxasınca Moskvaya qədər gəlib. Acı taleyini izləyə-izləyə əlindən bir şey gəlməməsini ürəyinə salıb. Ürək də tab gətirməyib. Və dünyasını dəyişib.

O gözəlliyi Tamaşa olacaq qadın. Adımız bəxtimizlə eyni zərdə qoşalaşmayanda buna taleyin ironiyası deyirik. Onunku da o sayaq. Tamaşa ediləcək gözəlliyini Moskvanın ayazı-saxtası dondurub. Uzundə sadəcə donuq, soyuq bir ifadə qalıb.
Soruşsam- “Günün mənə nə dəxli var”- deyəcək. Sadəcə bayram günləri alıcı çox olur. Günə sevgisi bu qədərlikdir.

Özəlinə toxundurmaz və mən də toxunmayacam. Sevgilərə heykəl qoyulacaqlar varsa, arasına onun da adını yazın. Həyat yoldaşının xoşbəxtliyinə özünü fəda edən qadın kimi. Qardaşına yaxşı bacı olan kimi. Onun yetim qalmış balalarına yaxşı bibi olan kimi. Özündən, taleyindən, sevgindən pay vermək belə olur. Özünü heçə sayaraq-kimsəyə əl açmadan qardaşı yoluna davam etsin-yenidən ailə qursun deyə- onun yükündn alıb balalarına analıq, nənəlik missiyası ilə yüklənib bundan şikayətlənməyənin sevgisiz günü…

Soruşsam… Həyata, xoşbəxtliyə Tamaşa edib yaşayan ondan və onun timsallılardan bu soruşularmı?

Elə isə günün ən çox kimə dəxli var? Baxmayaraq ki, 14 fevral bizim təqvim üçün deyil. Üstəlik dərinə getsək əxlaqımıza uyan bir bayram da sayılmır.

Tünzalə Vəliqızı,
Moskva
13.02.2018


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir