ŞİKARSIZ NOVRUZ


          Bu il Novruz, təəssüflər olsun ki, Şikarsız kəndimizə gəlir. Adətən biz Şakir adına öyrəşmişik. Ona isə valideynləri Şikar adı qoymuşdu. Hansı Şikarmı? Doğrudan-doğruya siz Şikarı tanımamısınızsa çox şey itirmisiniz. Onu tanıtmamaq da biz əli qələm tutanların təqsiridi. Şikar kəndimizin Kefli İskəndəri, yeriyən-yüyürən gülüş qaynağı idi. Gözlərindəki parıltı içindəki həyat eşqini nümayiş etdirirdı. Bilirəm, indi bu sətirləri oxuyan həmkəndlərimin də dodağı qaçacaq, bir-birinə baxıb bəlkə də barmaqlarını gicgaha qoyub mənim ünvanıma “deyəsən bunun da başı xarab olub,- deyəcəklər,- Şikar bildiyiniz içki sevdalısıydı”. Keşkə onda onların yanında olub özümü “müdafiə” edə biləydim. Şikar “dünyanın dərdini” çəkir, ağırlığına dözməyib şərabla özünü ovundururdu. Nə isə, indi qəmli notlara köklənmə zamanı deyil, çünki Şikar ömrünün son dəqiqələrinə qədər qəmə-qüssəyə yol verməyən bir şənlik, zarafatcıllıq simvolu idi. İnanmırsınız? “Belə şey olmaz”- deyirsiniz? Onda qulaq asın.

          Bu ilin əvvəllərində halı pisləşir. Əvvəlcə Rusiyada yaşayan qardaşının oğlu gəlir yanına. Adətən xəstə yanına gələn xəstəyə sağlıq diləyər, “olmasın azar”, “keçmiş olsun”, “yastığın yüngül olsun” deyər, eləmi? Bu qardaşoğlu isə əmisinin “həyat təcrübəsinə” və xasiyyətinə bələd olduğu üçün soruşur: “can əmi, könlün şaftalı istəmir ki?” Xəstənin gözü açılır, dodağı qaçır: “Yox, qardaşoğlu, hələ istəmirəm”.

          İndi bu “quş dili”nin nə olduğunu düşünürsünüz. Deməli, kənddə birinin halı pisləşəndə, haqqında “can verir” dedi-qodusu gəzəndə Şikar halını pozmadan deyirmiş ki, öyrənin, könlünə şaftalı düşübsə, hazırlığınızı görün.

          Vəziyyəti bir az da ağırlaşanda öz oğlu da Rusiyadan gəlir. Bir az keçir, halı nisbətən yaxşılaşır. Bu dəfə canına başqa “qayğı düşür”, deyinməyə başlayır: işə bax ey, uşaqlar o boyda yol gəliblər, indi ölməyib biabır olacam.

          Kənd adamları xəstə yoluxmağa gedəndə, adətdir, qənd, çay, qatıq, süd apararlar. Şikar da bunu görüb deyir: Yaxşıdı, indi ölsəm, üçdə də, yeddidə də kənardan ağartı olmadan dovğa bişirərsiz.

Bacısı ona təskinlik vermək üçünmü, kefini açmaq üçünmü “nola anam gələydi, sənə baş çəkəydi” deyir. (Anaları çoxdan haqqın rəhmətinə qovuşub.) Şikar “tərpətmə,–deyir,–indi o gələcək, sonra axşam qaranlıqda getməyə qorxacaq, deyəcək, Şikar, məni ötür, mən də getsəm daha geri qayıtmayacam, uzun işdi,”

          Bir vaxtlar kəndimiz üzümçülüklə məşqul olur, kənd camaatı üzüm sahəsində çalışıb qəpik-quruş qazanırdı. Şikar da bu arada briqadir olmuş, lənətə gəlmiş şeytana uyaraq klassik əsərlərdə yazıldığı kimi bir neçə “ölü canlara” maaş yazıb günaha giribmiş. Məsələ böyüyür, hüquq-mühafizə orqanları işə müdaxilə edir, Şikarı cəzalandırırlar. Sonralar ondan soruşurlar ki, bu adamların adına pul yazdırıb almısan, heç olmasa bir dəfə onlara quran oxutmusanmı? Cavab yenə şikaranədir: onların adını yazmışdim ki pul alım, yazmamışdım ki, pul verib onlara quran oxudum. Onsuz da gec-tez yanlarına gedəcəm. Onda üzrxahlıq edərəm.

          İndi onların yanındadır. Yəqin ki, onların halallığını alıb yeni zarafatlarla “məclisi” şənləndirir. Yeri behişt, ruhu şad olsun. Yaxınlarına və kəndimizə dərin hüznlə başsağlığı verirəm.

Cəfər Sadıq,
Moskva, 7 mart 2023-cü il.

          P.S. Mən Şikarın əhvalatlarının çox az qismini xatırlatdım. Halbuki onunla bağlı minlərlə məzəli əhvalat var. Ömür vəfa eləsə, həmkəndlərimin yardımı ilə bu əhvalatları toplayıb oxuculara çatdırmaq istərdim.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir