SİNFİMİZİN GÖZÜ TUTULUB


SİNFİMİZİN GÖZÜ TUTULUB
Dünən bir acı xəbər eşıtdim: Sinif yoldaşımın və dostumun anası Antı xala əbədiyyətə qovuşub. İçimdən bir sızıltı, beynimdən ağlı-qaralı, şirinli-acılı, baharlı-qışlı bir kino lenti keçdi. Sovet dövrünün Qəhrəman anası, on övlad doğub araya-ərsəyə gətirmiş, əksəriyyətinə ali təhsil vermiş, hamısının ailə səadətinə qovuşmasını görmüş, nəvə, nəticə ləzzətini dadmış bir ana, nənə, ulu nənə, kəndimizin əsas dirəklərindən biri həyata göz yumdu.

Kəndimiz hamımızın gen-bol yaşaya biləcəyi qədər böyük, hər kəsin bir-birini tanıyacağı qədər kiçikdi. O kəndin hər tərəfindən tozlu-palçıqlı yollarla əlli altı il bundan əvvəl qırx altı uşaq birinci sinfə gəlmişdi. Anlayacağınız sağ-salamat olanlarının bu gün 63 yaşı var. Aralarında ən kiçiyi, sinif yoldaşlarımdan bir yaş balaca olanı mən idim. Bu gün sinif yoldaşlarımdan yox, bizi bu statusa gətirmiş insanlardan, valideynlərimizdən danışmağa da məni vadar edən həmin acı xəbərdi. Yazıda tez-tez “dayı”, “xala” ifadələrinə rast gələ bilərsiniz. Özü baba mərtəbəsində olan birinin belə yazmasına qəribə baxmayın. İnsan fiziki olaraq qocalır. Lakin onun uşaq dünyasında ətrafındakılara münasibəti o qəlibdən kənara çıxmır.

Sinif yoldaşlarımız arasında valideynləri müharibə iştirakçısı olanlar vardı. Pənahın atası Aldost dayı, Müstafanın atası İsmayıl dayı, Nöbünün atası Zabit dayı, Gülənfirin atası Məmmədbağır dayı, Gilanənin atası İmanqulu dayı, Məharətin atası Nütvüllah (adının düzgün yazılışında yanlışlıq ola bilər) dayı, Həsrətin atası Xidil dayı, Guliyev Nemətin atası Şəfi dayı, Həsənov Nemətin atası Həsənəli dayı, Sahibin atası Rəsul dayı, İradənin atası Mirzə dayı, Səkinənin atası Abbas dayı, Rənanın atası Xanlar dayı, Əliqulunun atası Nəbi dayı, Ələddinin atası Alı dayı, Şirinnazın atası Əliquzu dayı, Sərmayənin atası Ağəli dayı “ağır artilleriya”dan idilər. Mənim atam Ələmdar, Fəxrinin atası Mirzəli dayı, İzahətin atası Zaməddin dayı, Hakimin atası Əşrəf dayı, Heydərin atası Əvəz dayı, Təbiətin atası Ağasəf dayı, Gülgəzin atası Hüseyn dayı, Qəşəmin atası Ənvər dayı, Qiyafətin atası Nürəddin dayı, Əlisgəndərin atası Yusif dayı, Əlisaatın atası Məmməd dayı, İlyasın atası Əli dayı, Sadəgülün atası Səlim dayı, Əleysanın atası Nəriman dayı, Anagülün atası Əlövsət dayı, Niyazın atası Alxas dayı, Şakirin atası Nürəli dayı, Tamaranın atası Bəxtiyar dayı, Alməmmədin atası Salman dayı, Aqibətin atası Məzahir dayı beş-altı yaş fərqi ilə təxminən bir nəslə mənsub idilər. Dünyaminin atası Əjdər dayı, Oneginin atası Puşkin dayı, Sənubərin atası Əli dayı nisbətən cavan idi. Sinif yoldağlarımız Sədaqət, Mirzə, Cəfər və Zeynəb atalarını hələ məktəb vaxtından əvvəl itirmişdilər.

Əlbəttə, hər kəs öz sinfinə xüsusi gözlə baxır və bu təbiidir. Amma bizim sinif, altmış il sonra bu xatirə yazısını yazdırırsa, tamam başqa idi. İllər keçdi, Yoldaşlarımızın kəndin köhnə məktəbindən, palşıqlı, kələ-kötür cığırlarından başlanan həyat yolu müxtəlif yönlərə şaxələndi, əvvəl rayona, sonra Azərbaycana, əsgərlik və təhsil vasitəsilə SSRİ-yə və sosialist ölkələrinə, SSRİ dağılandan, dəmir pərdələr aralanandan sonra dünyanın hər yerinə yayıldı. Təəssüf və kədərlə deyim ki, sinif yoldaşlarımızın bir qismi də artıq haqq dünyasındadır. Qiyafəti və Səkinəni, Hakimi və Heydəri, Pənahı və Həsrəti, Ələddini, Şakiri bu gün rəhmətlə anıram.

SİNFİMİZİN GÖZÜ TUTULUB

Həyat davam edir. Bu gün sinif yoldaşlarımın valideynlərini yad edərkən onların bizi necə şəraitdə böyütdüyünü, necə məşəqqətlərə sinə gərdiyini də göz önünə gətirmək lazımdır. O vaxtlar Qarabağ dərdi yoxdu, amma Böyük Vətən müharibəsindən sonrakı çətinliklərin, qıtlığın acısı, bununla yanaşı gələcəyə böyük inam, işıqlı sabah ümidi vardı.

Sinfimizin özəlliyi bütün Azərbaycan kəndlərində olduğu kimi bir də ondan ibarət idi ki, dayı ilə bacıqızı bir sinifdə oxuyurdu, əmiuşaqları, dayıuşaqları öz yerində.

Bildiyiniz kimi sinfimiz dənizdəki ada kimi yaşamırdı, hər birimizin bacı-qardaşlarımız vardı, onların öz sinfi, öz arzuları, üfüqləri vardı. Və bizim varlığımız onların yaşayışı, arzuları ilə etkilənir, müxtəlif naxışlarla zənginləşirdi. Qohum olurduq. İncikliyimiz olurdu. Bizim valideynlər sonra Qarabaq döyüşçülərinin, şəhidlərinin valideynlərinə çevrildilər, qara bağladılar, yasa girdilər. Çoxu bu dünyadan Qarabağı “işğal altda qoyub getdi”.

Qarabağda şəhid olan qonşumuz Məhərrəmin (Sadəgülün qardaşı) dəfnində infarkt alan atam sonra dünyasını dəyişəndə mamam (bibim), sinif yoldaşım Aqibətin anası Qəmzə ağlamaqdan kor oldu. Bu gün Antı xalanın köçməsi xəbərindən sonra ağsaqqal və ağbirçəkləri bir-bir yaddaşımın süzgəcindən keçirdim. Və… böyük hüznlə yəqin etdim ki, sinif yoldaşlarımızın valideynlərini bu gün təkbaşına gözünün nurunu itirmiş Qəmzə mamam təmsil edir. Allahdan ona uzun ömür diləyirəm.

Dostuma və kəndimizə ağır itki münasibətilə başsağlığı verir, səbir diləyir, valideynlərin unudulmaz xatirəsini həmişə əziz tutmağı arzu edirəm. Allah rəhmət eləsin!

CƏFƏR SADIQ
20.02.2019


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir