“SOZRET” ELƏSƏK…


“SOZRET” ELƏSƏK...
Ağası gülüm olanın…

Fuad Abbasov son həftənin gündəmində ən müxtəlif nöqteyi-nəzərdən müzakirə olunur. Bu “nöqtələrin” birindən başlayaq.

Azərbaycan oxucusuna, Azərbaycanda yaşayan həmyerlilərimizə bütün Rusiyada yaşayan layiqli, dəyərli, qabiliyyətli həmvətənlərimizdən daha çox tanıdılmış inşaatçı və idmançı Söyün Sadıqov Fuadın düşdüyü vəziyyətlə əlaqədar belə “əqli” nəticəyə gəlir: azərbaycanlılar millət kimi hələ yetişməyiblər (ne sozreli). “SOZRET” ELƏSƏK...
Onun bu kəşfindən ehtizaza gələn digər həmyerlimiz, yazdıqlarında dilin və məntiqin tələblərindən başqa hər şeyi sərgiləyən Oqtay Hüseynov böyük üzrxahlıqla yazır: Bəli, əziz aqsaqqal (!) biz sozret eləsəydik (belə də yazır) sizin qədrinizi bilər, qoruyardıq, başınıza bu işlər gəlməzdi, hətta siz Rusiyanın naziri (!) olardınız. Oxucular nədən söhbət getdiyini bilsinlər deyə, izahat verməliyəm ki, Oqtay xalqımızı “kal” görən Sadıqovun təxminən bir il bundan əvvəl ittiham olunaraq tutulmasına işarə edir. Bu gün diaspora adına müzakirələrin az qala baş rollarından birini oynayan Mehriban Sadıqovanın keçmiş müdiri, Ağadadaş Kərimovun uzunmüddətli həmkarı, boş yerə gürültu qoparmış “Milyonerlər ittifaqının” təsisçilərindən biri və nəhayət, xalqın “yetişməməsindən” gileyli olan idmançımız həm də indi davamçısı M. Sadıqovanın daşıdığı “Rusiya prezidentinin müvəkkili” titulunu da daşıyırdı bir vaxt. Oqtay Hüseynov isə son iyirmi ildə Moskvada “Azərbaycan” cəmiyyətinin sədri olduğunu və ən azından yüzə yaxın müavini, cəmiyyətin otuzdan artıq bölməsinin və filialının çalışdığını iddia edən fəallardandır. Yarımsərlövhədəki “gülüm olan” bu ağalar bu gün “kal” xalqdan və onun nazir kürsüsü yerinə təcridxanada yer almış ağsaqqalından danışırlar. Amma bu “ictimai və siyasi xadimlərin” gileyləri məsələnin onda biri deyil.

Ramazan, 28 May, Ximki

Fuad Abbasovun miqrasiya qanunlarını pozmaqda təqsirlənərək saxlandığı, işgəncələrə məruz qaldığı və mayın 28-də Azərbaycana göndəriləcəyi barədə xəbərlər feysbuk səhifələrində geniş müzakirə olunur. Fəallığı və cəsarəti ilə az zamanda çoxlarının rəğbətini qazanmış həmyerlimizin az qala Rusiya güc birliklərinin və erməni “dərin dövlətinin” birgə fəaliyyəti nəticəsində “zərərsizləşdirilməsi” versiyası o qədər böyüdülüb ki, hətta sadəlövh və səmimi vətənpərvər insanlar Bakıda Rusiya səfirliyi qarşısında ciddi mitinq keçirərək səfirliyin nümayəndəsini hadisələrə tezliklə və birmənalı cavab verməyə çağırıblar.

Gəlsənə bir az bu məsələni başqa yöndən xırdalamağa çalışaq.

Ən azından 15 il Moskvada yaşayan bir adamın miqrasiya məsələsi indi niyə ortalığa çıxdı deyəniniz varmı heç? Fuad Abbasov Rusiya televiziya kanallarında sonuncu dəfə hansı proqrama və nə vaxt çıxıb, maraqlandınızmı? Fuad Rusiya dövlətinin hansı təməlləri üçün o qədər təhlükəli oldu ki, “jurnalistlərə qarşı təzyiq göstərilən ölkə” ləkəsini silməyə çalışan dövlət günün günortasında uniformalı polislər vasitəsilə onu döydürməyə izin verdi? Fuad Rusiya media meydanında at oynadan erməni “ideoloqlarının” hansından daha güclü faktlarla və dəlillərlə polemika apardı ki, ermənilərin biri yox, hamısı toplaşıb onu neytrallaşdırmağa qərar verdi? Bunu istehza və ironiya ilə yox, ürək ağrısı ilə deyirəm ki, əfsuslar olsun, o qədər cəsarət sahibi olan Fuad elmi, faktoloji, hərbi polemikaların əksəriyyətində rəqiblərinin çoxundan “piyada”dır. Belə olan halda onu niyə qanundankənar üsulla uzaqlaşdırsınlar? Bu versiyanı körükləyənlərin heç bir əsası yoxdur.

“SOZRET” ELƏSƏK...

Ermənilər belə küt iş görəcək qədər naşı deyillər. Onlar açıq oynamırlar, Şuşanı da birbaşa işğal etmirlər, sadəcə bizi “Şuşanı tərk etmək məqsədəuyğunluğuna” “inandırırlar”. Dediyim odur ki, həqiqətən döyülmə, təhqiretmə halları olubsa onu “körükləyən”, bu işə “maya qoyan” özümüzünkilərdir.

Fuadın Azərbaycan vətəndaşı olaraq Rusiyada guya “milli ədavət saldığını” ilk gündəmə gətirənlər Mehriban Sadıqova, Ağadadaş Kərimov və ortada görünməyən, lakin “rahat yerlərinə qor dolmasını” istəməyən “qara vəzirlər” idi. Onları tənqid edərkən arabir əndazəni aşan, Rusiyadakı Azərbaycan ictimai fəallarını ağına-bozuna baxmadan hətta təhqir edən Fuad az vaxtda populyarlaşdığı kimi, az vaxtda da özünə çoxlu “düşmən” qazandı. Düşmən sözünü ona görə dırnaqda yazıram ki, ümumi düşmənimiz məlum olduğu bir vaxtda bu daxili davanı ciddiyə almaq istəmirəm. Bu düşmənçilik o düşmənçilik deyil və olmamalıdı. Amma və lakin… İpə-sapa yatmayan Fuadı “cilovlamaq” istəyində əvvəllər bir-birinə salam verməyənlər belə toplaşıb işi bu yerə gətirdilər.

Müqəddəs Ramazan ayında xristian və alman qadın Angela Merkel öz ölkəsində yaşayan müsəlmanların dini hisslərinə hörmət əlaməti olaraq onları bu ay vergilərdən azad edib. Bizim müsəlmanlar başqa işə fərman veriblər. Hətta, türk demiş, “dananı özləri itirib, sonra qəhrəmancasına tapsalar” heç çaşmaram. Hadisənin məhz Ximki rayonunda baş verməsi, təzyiqə məruz qalan Fuadın başı aşağı əyilmiş vəziyyətdəki şəklinin (güya sifarişçilərə hesabat vermək üçün çəkilən) bir neçə saat sonra bizim jurnalistlərin əlinə keçməsi, hadisələrə qəsdən “erməni fitvası” damğası vurulması belə qənaətə gətirir ki, burada xoruzun quyruğu yox, canfəşanlıqla gizlədilməsinə çalışılan uzunqulağın burnu və qulağı görünür.

Fuadın ölkədən çıxarılma tarixinin milli istiqlaliyyət gününə düşməsi də, məncə, təsadüfidir. Bu gözəl bayrama hazırlıq əsnasında kimi dəvət edib-etməməklə məşğul olanların qayğısı başqadır. Halbuki Fuada bu “ayı xidmətini” göstərənlər onu “milli qəhrəmana” çevirmək yolunda ciddi addım atdılar.

“SOZRET” ELƏSƏK...

Feysbukda “anam-atam sənə qurban, (buraya bu gün özünü Rusiyada icma başçısı hesab edən istənilən adı yaza bilərsiniz), sən bu diasporanın başçısı olmağa layiqsən” sədalarını paylaşanlar, böyük ehtimalla, doxsanıncı illərdə meydanda “otur-dur” əmrilə hərəkət edənlərin pərəstişkarlarıdır.

Elə o illərdə Moskvada yaşayan, Azərbaycanda Milli Məclisə vəkil seçilmək iddiasında olan özündən müştəbeh, bu gün elmi müəssisələr siyahısında keyfiyyət məsələləri üzrə onuncu akademiyanın yüzüncü üzvü kimi meydan sulayan “akademik”ə belə demək məcburiyyətində qalmışdım: Azərbaycan heç kimin şəxsi həvəsini öldürməsi üçün miniləcək köhlən at deyil. Yetmiş illik fasilədən sonra qazanılan müstəqilliyi əsil azadlığa çevirmək üçün savad, qabiliyyət, bir də Vətən sevgisi (var-dövlət, şənlik evi sevgisi yox) lazımdır. Milli Məclisin bugünkü tərkibini ideal hesab etdiyimi düşünməyin. Ermənilərin Qarabağda əyilə-əyilə gəzməsi ilə fəxr edən, Paşinyanın yallısına az qala “züy” tutan, “Lazım”ı dənizin sahilinə çəkdiyi hasarın üstündə gözləyən, universitetin adını İspaniya çəlləklərinə dolduran vəkillər, Şuşanın işğal müddəti qədər deputat mandatı daşıyan vəkillər də günümüzün həqiqətidir.

Uzun sözün qısası, “sozret” eləməmiş fərdləri olan cəmiyyət o tərifi bütün xalqa şamil eləyən öndəgedənlərlə idarə olunanda Fuad bir gün qəhrəman, bir gün çıxdaş olsa heç təəccüblənməyin.

“Sozret” eləsək pis olmaz…

Cəfər Sadıq,
Moskva, 24 may 2019-cu il
Yenises.ru

(davamı olacaq)


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir