Sözünün yeri bilinən mətbuata


Sözünün yeri bilinən mətbuata
Yüz qirx illik bir agacın kölgəsində, yüz qırx illik bir zəmidə söz əkib, söz bitirən, sözdə itəni, sözünü itirəni …oldu.

Həsən bəy Zərdabinin əkdiyini öz boyuna biçənlər- “Əninçi”lər söz tarlasında əkdikləri ilə bir sivilzasiyanı dəyişməyə müvəffəq olacaq məhsullar yetişdirməyə gəlmişdilər.

Yetişdi, yetişdirdilər. Jurnalistika adlı böyük bir məktəb- “Əkinçi” ilə əsası qoyulmuş milli mətbuat sonrakı dövrdə Azərbaycan maarifçiləri Cəlil Məmmədquluzadə, Nəcəf bəy Vəzirov, Mirzə Ələkbər Sabir, Üzeyir bəy Hacıbəyli, Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, Əlimərdan bəy Topçubaşov, Məmmədağa Şaxtaxtinski və digər qabaqcıl Azərbaycan ziyalılarının bilavasitə iştirakı ilə buraxılan “”Kaspi””, “”Şərqi-rus””, “”Həyat””, ”İrşad”, “Ziya”, “Açıq söz”, “”Molla Nəsrəddin””, “”Füyuzat””, “”Kəşkül”” kimi qəzet və jurnallarla cəhalətdən maariflənməyə, qaranlıqdan işıga yol açdılar.

Millətinin imzasını imzalar içinə yazdıran söz xəzinəsinin xiridarı deyil, sözü ilə xəzinə yaradan “Əkinçi”nin əkinçiləri, təməl olan, divar olan, daş olan, daşlaşan mətbuat Babası, sənə səndən şikayətmi etsəm…?!

Bu gün ünvanına tərif, təltif yağdırma günüdür. Hər gün özüylə, əkiniylə, zəmisiylə, biçiniylə hesablaşmaq varkən, hər gün gündəm yaradan özünkən, hər gün hər günü sən başlayıb, sən bitirirkən, niyə məhz Bu gün? Şikayətim, gileyim bu günəmi qaldı?

Sən dönüb bu gününə baxsan… Sən sıralarındakı alaqların məhsullarını kölgəsində boğduğunu görsən…

Baxırsan və görürsən… Sənin günün…
Qızıl qaydaların qızıl boyunbağıya dəyişilib. Qızıl qələmin qırımızı xəttə düşüb…
Üstünü cızdığın insanlar indi cızığından çıxıb. Altını cızdıqlarınınsa cızdağı çıxıb…

İndi cəsarətli sözün təhlükəli, minalanmış sahələrə əkilmə şərti altındadır. İndi həqiqətli fikirlər şərtli cümlələrlə qurulur.

İndi yazdığın söz cəmiyyəti təhlükədən qurtarmaqdan daha çox, cəmiyyəti təhlükəyə aparanda söz hesab edilir. İndi həyacanlar söz təbili ilə deyil, təbil vuranın cubuğunun səsindən çıxan ahənglərdən doğan qanun ilə yazılır.

İndi sənin sıranda sıralanmaq da olmur. Çünki sıralar, yerlər sözü söz edənlər, sözdən söz çıxaranlar, sözlə əllaməlik edənlərə görə bölünüb.

O zaman əkini, “Əkinçi”si çar Rusiyasının hökmündə olanlar, çardan qorxub qəzet oxumayanlarına rəğmən naçar deyildilər. İctimai fikrin formalaşması, milli ruhun oyanması üçün yorulmadan yollar axtarırdılar. Yazırdılar, yaradırdılar, nəşr etdirirdilər.

Bu gün içindəki senzuradan daha çox, diktəyə boyun əyən naÇarlar əlindəsən. Səni oxumaq da olmur…

Yazanın oxuyanından, diktatorun redaktorundan çoxdur. Azad, qərəzsiz, vicdanlı, təəssübkeş…bu yarlıqlar da yanlış təmsilçilik ideyasının qurbanı olaraq mahiyyətindən uzaq düşüb. Ya da inandırma əmsalı kök altında qalıb, kölgələnib.

Yenə günün mübarək! Yenə hardasa, kölgələrdən uzaq , özünə, sözünə sahib olanların var.

Qələminə qanını mürəkkb edənlər- Çingiz Mustafayev, Ali Mustafayev, Salatın Əsgərova, Elmar Hüseynov və adını bu anda xatırlamadığım mətbuatın əsl missiyasını göstərən, bu yolda sarsılmayan, həyata fərqli rakurslardan güzgü tutaraq, içindən həqiqət doğacaq fərqli mübahisələrə imkan tanıyan “Əkinçi” varisləri, Bayramınız mübarək!

P.S. Böyük Napaleon “Jurnalistlər küçələri qələmlərinin lələkləri ilə təmizləyənlərdir”-deyirdi.
Jarko Pekansa görə isə -“İşıqlı gələcəyin qayğısını siyasətçilər, aydın keçmişin qayğısını tarixçilər, parlaq indinin qayğısını isə jurnalistlər çəkir”.

Cəmiyyətə güzgü tutan, ictimai rəyin formalaşmasında əvəzsiz rolu və imzası olan, hakimin “Qalxın məhkəmə gəlir” hökmlü divanının divarına hökm yazacaq qədər müstəsna sözə sahib olacaq da jurnalistlərdir. Sözünün yerini bilsə…

Tünzalə Vəliqızı
Moskva. 22 iyul 2015


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir