Sükutu belə pozmazlar!!!


Sükutu belə pozmazlar!!!
Bu gün ermənilərin öz sərhədlərimizdə özümüzə atılan güllələrdən 11 əsgərin şəhid olduğu xəbəriylə sükutu pozdunuz. Sükutu belə pozmazlar, əsgərlər!(((

Yollar cəbhələrdən yaralı dönüb bu gün. Yollar oğullarının yolunu aydınlıq etsin deyə üstünə səpilən suyu anaların göz yaşına döndərdiyi üçün qıvrılıb, dönmək istəməyib, amma…

Qapını belə döyməzlər. Qəfil gəlişi belə xəbər verməzlər. Dayanın, yollar, durun, sizinləyəm!

O yollardan ONLAR dönüb. İsa, Əli, Hüseyn, Mustafa, Səftər, Elnur, Vuqar, Qaryağdı…

Bir dəqiqəlik sükut!

Və istəməyərəkdən bu nöqtələri qoymağa məcburam. “Bu son olsun!”u sonuncu dəfə nə zaman demişik, yazmışıq?! Növbəti sonuncularsınız Sizlər. Qarğış deyil, səssiz müharibənin qapıları tabutlarla döyən səsinin yazılı təsdiqidir.

Nə qədər zaman keçdi ki, “Sən öldün ömrünün gənclik yaşında” yazılan yazıdan, deyilən ifadədən?! Sərhəddə son dəfə beləcə toplu şəkildə şəhid verdiyimiz əsgər ölümündən çoxmu zaman keçdi? Yaddaşını zorlama. O tarixləri bu çal-çağırda unutmuşuq. Statistikanı çevirib, bu illər ərzində bir-bir, iki-iki ölən əsgər sayının toplumu nə qədərdir, bilirikmi?

Bu dəfə unutmamaq üçün İsa, Əli, Hüseyn, Mustafa, Səftər,Elnur, Vuqar, Qaryağdı…- Şəhidlər siyahısına qoşulan bu adları təkrar, təkrar, dönə-dönə yazın. O dönməyənlərə dönərək yazın, həm də.

Nə yazacaqdım… Bir dəqiqəlik sükut!

İndi durub efirdə qara xəbərə qəfil haqlanmış, proqram siyasətini dəyişə bilməyənləri qınamaqdan, bayraqlara qara bağlamaqla həmrəylik nümayiş etdirməkdən başqa çarən varmı? Bizim çarə dediyimizdən anladığımız budur. Ona görə çarə də son anda sadəcə sükutla təzahür edir. Sus, o zaman! Ən acılı ağı, bayatı, dilimizin ən yanğılı kəlməsi belə arxasınca su atıb sag-salamat geri dönməsini gözləyən anaların atəş düşmüş ürəyini sondürə bilməz. Çünki ONLARIN bu gəlişi ocaqları söndürüb.

Vətən, vətənpərvərlik, milli təəssüb, milli qeyrət, xilas…Nə olar, düzməyin bu kəlmələri. Sayı bilinməyən medialarımızda söz bolluğu hələ SƏS–Haray demək deyil. Sükutla keçdiyimiz, əsas mövzudan yayındıran boş-boş mətnlərlə sütunları doldurmaq hədəfi doğru tuşlamaq anlamına gəlməz.

Hədəfdə, lülədə olanlar ONLARdır. 11 şəhid… Yenə üç nöqtə qoymağa məcburam. Çünki bu savaşın nöqtəsi hələ qoyulmayıb. Nidası isə ah-naləyə köklənərək üstümüzə gəlir!

Ya biz-kənardakılar? Bu qara bayraqlı, kədər nidalı tablonun fonunda “ökədən kənarda yaşayırıq və başqa dövlətin vətəndaşı kimi erməniyə qarşı müharibə elan edə bilmərik” deyəniniz yenə varmı? Var!!! Başqa dövlətdə başqa millətlə bir masa arxasında oturmağa məcbursan, eləmi? O masadan səni qaldırmağa məcbur edəcək sərhəddə sinəsi düşmən gülləsinə sipər olanın yoxdur! Sərhəddə canını çəpər edib səni qoruyanı nə zamana qədər səndən saymayacaqsansa…otur o masada, siyasət oynamağa davam et. Düşmən isə davasına davam etməkdədir!

ONLAR-cəbhədən yarımçıq dönənlər üçün erməni hələ düşməndir. ONLARın özününkü sayanlar, yuxuları səksəkəli olanların SÜKUTUNU POZAN ağlaşma səsi, göz yaşı düşən yerdə-qəlbində bir düşmənə-erməniyə qarşı kin böyüyür.

Bir dəqiqəlik sükut!
Susaq. Sənin xatirən qarşısında, qəhrəmanlığın qarşısında lalıq, Şəhidlər!

Allah sizə rəhmət eləsin!

Tünzalə Vəliqızı, Moskva
01.08.2014


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir