TƏBRİK EDİRİK!


TƏBRİK EDİRİK!
Aprelin 20-si Azərbaycan ədəbiyyatının patriarxı, orta əsrlər rus və dünya ədəbiyyatının, sovet ədəbiyyatının kamil bilicisi, yazıçı, ədəbi tənqidçi, tədqiqatçı alim, pedaqoq, Lomonosov adına Moskva Dövlət Universitetinin professoru Çingiz Hüseynovun doğum günüdür. “Yeni səs” kollektivi adından həmyerlimizi ürəkdən təbrik edir, minlərlə insanın imzalayacağına əmin olduğumuz aşağıdakı etirafı Çingiz müəllimə ərməğan edirik.

Hörmətli və əziz Çingiz müəllim! Doğum gününüz Sizə olan sayğımızı açıq etiraf etmək üçün gözəl fürsətdir. Siz dünyanın “dilini bilməyə”” yardım edən nadir tərcüman, mərəzləri təsbit edən həssas loğman, səmti bilinməyən səhrada karvana düzgün yön verən sarvan, başqalarının xoşuna gəlmək üçün öz dəyərlərindən bac verməyən zəngin insansınız. Bu zənginliyiniz var və əbədi olsun, anlayanlara və nadanlara hər zaman nur saçıb yol göstərsin.

İyirminci yüzilliyin ikinci yarısından bu günə qədər yorulmadan çalışaraq Azərbaycan, rus və dünya ədəbiyyatına verdiyiniz töhfələr, ədəbi mühit, ədəbiyyatdakı cərəyanlar, yeniliklər haqqında yazdığınız bir-birindən dəyərli əsərlər, uğurlu yol göstərərək həyata vəsiqə verdiyiniz yaradıcı insanlar dolğun və zəngin həyatınızın bənzərsiz anlarıdır. Dünyada, o cümlədən doğulduğunuz Azərbaycanda və uzun yaradıcılıq yolu keçdiyiniz Rusiyada baş verən heç bir hadisəyə biganə qalmamağınız, səriştəli, peşəkar və əsil vətəndaş mövqeli çıxışlarınız, şərhləriniz, izahlarınız oxucularınız, tələbələriniz və həmkarlarınız üçün “analoqu olmayan” nümunələrdir. Hər kəlməsinin sanbalını zərgər sərraflığı ilə bilən Sizin xidmətlərinizi layiqincə tərif etməyə qəzet, kitab səhifəsi yetməz, hər qələm tutanın da gücü çatmaz. Türklər demiş, “əfvinizə sığınaraq” bu təbriki yazmağa cəsarət elədik.

Can sağlığı və uzun ömür diləklərimizlə
YENİ SƏS ailəsi adından

Tünzalə Vəliqızı,
Cəfər Sadıq


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir