“TUT QOLUMDAN…”


“TUT QOLUMDAN...”
Səhər-səhər qismətə bax, bəxtə bax,
Qarşılaşdıq çıçək fəsli, sakit bağ,
Nəfəs nərgiz, qamət çinar, əl zanbaq,
Gözlər də ki, tamaşadı, nağıldı.
Tut qolumdan, hüş başımdan dağıldı.

Əzizlərimiz, gözəllərimiz, nazlılarımız qadınlar, insaf eləyin, hansı sərsərininsə uydurduğu, sizin də işinizə gələn “qadın zəif məxluqdu” sözünü sipər etməyin özünüzə, tutun qolumuzdan, sallanmaq üçün yox, bizi ayaq üstə saxlamaq üçün. Əvvəla, o cümləni deyən doğru deyib, kağıza köçürənin qolundan tutan olmayıb, o da həyəcanından “zərif” sözünü “zəif” yazıb. İkincisi də “zərif”in zəif olmadığını çooooox sübut eləmisiniz hamımıza. O zərif kipriklərin bir tərpənişi nə qanlar töküb!? O zərif cilvələr dünyanın xəritəsini dəyişib çalın-çarpaz. O zərif tellərin vəslinə qoşanlar həmcinslərini qılıncdan keçirib “uf” demədən. Evimizin sahmanı, kainatın düzəni borclu deyilmı bu zərifliyə? Bir gün, bir hovur nəzərinizi o “güclü” deyilən məxluqun üstündən çəkən kimi aləm necə qarışır, dünya necə tar-mar olur bilmirsinizmi? Etməyin, eləməyin. Qıymayın bizlərə. Biz yalnız siz olanda, sizin yanınızda, sizdən ötəri güclü ola bilərik, ola bilirik, olmalıyıq. Sizsiz biz nə karəyik, nəyə gərəyik?


Meh tərpəndi, sinən üstə şal düşdü,
İsmətindən yanağına al düşdü,
Ürəyimə xalın boyda xal düşdü.
Dağ şayları gözlərimdən sağıldı.
Tut qolumdan, hüş başımdan dağıldı.

Bir günlük Qadınlar bayramı uydurmadı, bəhanədi, sünilikdi, yaltaqlıq və riyakarlıq vasitəsidi. Çünki qadının özü bayramdı, varlığı ziyafətdi, gülüşü toy-düyündü, qaməti yaraşıqdı, arzuları dağ çayıdı, sevgisi ümmandı. Görənməyənə, ümmanında üzəmməyənə, istisinə isinməyənə yazıq!

Tamaşadı saçlarının pırpızı,
Utandırır bənövşəni, yarpızı,
Görən deyər bu dağların gül qızı,
Gör necə də insafsızdı, paxıldı.
Tut qolumdan, huş başımdan dağıldı.


Tutun qolumuzdan, siz olduğunuz müddətcə yaşamağa dəyər!!!

(Şeir Ənvər Rzanındır)

CƏFƏR SADIQ, Moskva


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir