ÜÇ QƏRİB BAXIŞ: Qəriblikdə çimir çalmayan şair


ÜÇ QƏRİB BAXIŞ: Qəriblikdə çimir çalmayan şair

Çimir etmir qərib könlüm, oyaqdı,
Dəlidağdan ürəyimə qəm axdı.
Öz üstümə şölə saçmır nə vaxtdı,
Öləziyən çırağım da beləymiş.

Nəsib Nəbioğlu.

Dünən kənddən şəhərə – Çaykənddən Bakıya gəlmişdi Nəsib Nəbioğlu. Yaman darıxırdı kənd üçün… Qayıdıb Bakıdan kəndə baxırdı, quş olub kəndə uçmaq istəyirdi. Axı, hələ də anasının həniri hopmuş balaca yorğanın istisi çıxmamışdı canından.
Sonra da Bakıdan dünyəvi bir şəhərə – Moskvaya getdi… Yenə darıxırdı. Səsli-küylü Moskvada dinclik tapa bilmirdi. Özünü yalqız, tək-tənha hiss edirdi. Oradan da çiyninin üstündən burulub Moskvadan Bakıya baxırdı. Bakıya uçmaq istəyirdi. Axı, Bakı Kəlbəcərə bir ayaq yaxın idi. Burnunun ucu göynəyirdi, nəfəsi təngiyirdi Kəlbəcər üçün. Qalmışdı çar-naçar, döyükə-döyükə…

Gözlərini ha zilləsə də Şimaldan Cənuba – Kəlbəcərin Qoçdaş yaylağı, İlxı qoruğu, Ayğır bulağı görünmürdü ki, görünmürdü. Sağa-sola burulduqca elə bilirdi çiyinləri mane olur, qoymur o dağlar görünə. Öz-özünə deyinirdi: “Niyə boyum bir az da uzun döyül, heç çiyinlərimə məhəl qoymayam, hündürdən baxam o yerləri görəm”.

Heyifsilənməyinə baxmayaraq, ürəyində bir qut da vardı ki, mənim haylı-haraylı bir elim, ərənlər məskəni bir Kəlbəcərim var.
– Bəs sonra, sonra nə oldu? İndi nə düşünür Nəsib Nəbioğlu?
Eh! Kəlbəcər, Kəlbəcər… Ta bundan betər dərd olar? Otuz min illik yaşam tarixi, altı min illik insan həniri olan o daşlar diyarı yenidən daşa dönüb, daş qalaqlara çevrilib. Ta elimiz-obamız yoxdu o yerlərdə. Yalnız və yalnız ata-babaların narahat ruhları dolaşır.
…Yenəmi boylanır Nəsib Nəbioğlu o dağlara? Bəli, boylanır. Yenə də baxır… ümidini üzmür, fikirləşir ki, şair Sücaət demişkən:

Bir gün gülə-gülə qayıdacaqdı
Ağlaya-ağlaya köçən Kəlbəcər.

Gəl, etiraf edək ki, Nəsib müəllim, indi sizin bu üçüncü baxışınız əsl boynubükük, qərib baxışdı. İndi qəribdən də qəribsən… Onçu çimir çala bilmirsən. “Kimsəsiz kür uşağa dönmüsən”. Həm də uşaqlıq dəcəlliyin yadından çıxmır. Şıltaqlıq idmin burnundan getməyib. Yenə də nənənin cəhrəsini qurdalayırsan. Cəhrənin fırlanan oxunun altına balaca kömür qoyub onu cırıldadırsan. Amma indi uşaqlıq əyləncəsi kimi yox, dərdini dağıtmaq üçün cəhrəynən əylənirsən. Nənənin cəhrə əyirə-əyirə dediyi bayatı səsini, inək sağa-sağa oxuduğu eydirməni, dodaqaltı tırınqını, “qım-qıma”nı, (“Nənəm, ay nənəm, bijim, ay bijim… südünü ver, qurtar, töküldü, qaldı işim” və s.) eşidib özünü ovundurmaq, o çağlara qayıtmaq istəyirsən. Hovurunu almadan, nəfəsini dərmədən, qəddini düzəltmədən… danı diri tutursan (yəni Dan ulduzunu batmağa qoymursan). Dan sökülsə də, sən çimir çalmırsan, gözün Kəlbəcəri axtarır. Kəpənək kimi əlimizdən uçub gedən dəcəl uşaqlığımıza, gəncliyimizə qayıdırsan.

Uşaq vaxtı mən də yaman dəcəldim, Nəsib müəllim! Yorulmazdım, yatmazdım. Bəzən dağ alaçığında çətənin arasından düşən şimşək işığında, ay işığında heç çimir çalmazdım. Diqqətim alaçığın çölündə yatıb gövşəyən ala inəyimizin ağzının marçıltısında, bəzən də qoyunların ağılında duz yalaması yalayan qoşabuynuz Qafqaz təkənin tərpənən saqqalında olurdu. Bunların hamısını çöldəki süd kimi aydınlıqda görürdüm.

Ay çəkiləndə isə dağların kölgəsi alaçığın üstünə düşürdü. Arxaca qaranlıq çökürdü. Bəzən də qorxurdum, – qoyunlarımızı canavar qırar, – deyə düşünürdüm. Eh… bu dağları kim belə düzəldib, dik qoyub buralara, kölgəsi üstümüzə düşür, – deyərək fikirləşirdim. Bəzən də sübh tezdən gün yağlananda – heyvanlar şəvinə gələn vaxt bulaqda əl-üzümü yuyanda, yuxusuzluqdan şişib, altı torbalanan gözümə su vurmaq üçün ovcumu bulağın qabağına tutub doldurmaq istəyəndə dəcəlliyim tutardı. Xuruşlanardım. Barmaqlarım keyləşəndə əlimi çəkərdim. Bu səfər də başlayırdım əlimi hovxurmağa ki, donu açılsın. Yenə öz-özümə deyinirdim: “Eh! Bu suyu kim belə soyudub, gətirib bu dağın başından çıxardır, ey!.. Gör kəndimiz harda qalıb, qabağından da çay axır. Bəs bu suyu altdan yuxarı, yerin altından kim gətirib? Mən onu niyə görmürəm?..”

Hörmətli oxucu! Mövzudan kənara çıxsam da, məqsəddən uzaqlaşmıram. Məqsədim budu, xəmiri səmimiyyətdən yoğrulmuş, mayası kənd ruhundan tutulmuş, dili qafiyə ilə açılıb, əli şair qələmi tutan Nəsib Nəbioğlunu heç kəsə bənzəməyən ruhu, təbi və yolu olan, cəhrəmizi, tavamızı, çömçəmizi, xurcunumuzu, farmaşımızı Dəlidağdan Moskvaya aparıb, oradan da Avropaya, lap uzaqlara, o taylara göndərən müasir Azərbaycan şairi kimi təqdim edim.

Qeyd. Şəvin – səhər otunu alandan sonra heyvanların sağıma gəlməsi.

Kəlbəcərin o gözəl dağlarında doğulub, böyüyüb, yuxarıdakı mənzərələri gözü ilə çəkib saxlayan, mənim kimi bu hissləri keçirən söz-sənət sahibi, özü demiş: “Çiçəkdən yaşmaq tutan” dağların sərt suyu ilə sulanıb ovxar götürmüş qələm sahibi, gözəl şairimiz Nəsib Nəbioğlu əlbəttə qəriblikdə çimir çalmayacaqdı. Yazacaq, hey yazacaq, vaxtı fövtə vermədən yazacaq.

ÜÇ QƏRİB BAXIŞ: Qəriblikdə çimir çalmayan şair

Həsrətdən qovrulan bir qərib kimi,
Bülbülü qəm əkən çölə dönmüşəm.
Doğma el həsrəti gözlərimdədi,
Leysana dönmüşəm, selə dönmüşəm.


Və yaxud,

Çöküb cana ağrı- acı neyləyim,
Düşür yada qardaş-bacı, neyləyim.
Göynəyir burnumun ucu, neyləyim,
Orta ocağının közündən ötrü.

(Orta ocaq – Ta qədimdən babalar ocağı yaşayış damlarının ortasında qalayardılar, tüstüsü də orta bacadan çıxardı. Hamı bu ocağın ətrafında qızınar, hətta sac asar, közündə kabab da bişirərdilər. Orta ocaq sözü o vaxtdan qalıb.–V. M.)

Qoşmadan göründüyü kimi, şair örənimiş mövzu seçmir. Nə də ki, şeirin üstünə korşalmış qələmlə getmir. Şeirin bəndini elə buduyur ki, misra kənara çıxmır, misranı elə buduyur ki, sözün budağı kənara çıxmır. Sözün yanaqları allanmayınca, söz nazlanmayınca onu misraya buraxmır. Sözün əl-ətəyini elə yığışdırır ki, şeir nazlı gəlin kimi əlçatmaz görünür. Oxucu zirvəyə qalxdıqca söz altun sərvət kimi göz qamaşdırır. Budur Nəsibin sadə dili, qələmi, əndazadan çıxmayan, olduğu kimi görünən şair təbiəti, soy-kökünə bağlılığı, ocaq daşlarımızdan aldığı istiliyi, büründüyü təzə kəfrəm yorğandan duyduğu ana həniri, ata həsrəti.

Boylanıram elə gendən,
Gözlərim sel olur hərdən.
Ata qəbri küsüb məndən,
O dağlarda qaldı, ana.

Nəsib müəllimin yaradıcılığı ilə tanış olduqda görürsən ki, yeni fikir səhifələri vərəqlənir, qatı açılmamış duyğular baş qaldırır.

Kədər-qəm düşər izimə,
Atın həsrət dənizinə.
Heç qoymayın yer üzünə,
Göylərdə basdırın məni

.

Onun torpağa, vətənə bağlılığı, anaya sədaqəti, ataya sitayişi, məhəbbətə pərəstişi özünəməxsus çalarlarla çatdırılır oxucuya. Sözün sığalından oxucunun ruhu incimir. Çünki hər şeir bəndində bir özjül qafiyə var.

Yağış olub, çiskin olub, qar olub
O yerlərə ələnəydim, kaş, yenə!
Gədiyində, bərəsində azaydım,
Dumanına bülənəydim, kaş, yenə!


Və yaxud,

O dağlar sirrini verməz heç kimə,
Demirəm, mənə də sirrini versin.
Biryolluq qoynuna sığınmaq üçün
Bir qarış çiçəkli yerini versin.


Vətən torpağının, o dağların tək bircə qarışı şair üçün cənnət qədər geniş, kürreyi-aləm qədər böyükdür. O, dağlardakı qaranlıq məzar evini ana bətnindəki dünyaya bənzədir. Ana bətnində qan əmib dünyaya gəlmişəmsə, dağlarda da qar əmib, ruhən buz baltası kimi olaram deyir.

Nəsib Nəbioğlunun dilində söz əriyini əzdirmir, sıyılıf tökülmür, sözün iliyi üzülmür, kündəyə dönüb küt getmir. Oxucunun dilində qazmax bağlayır.

Nəsibəm, bilmirəm nədir qismətim,
Getdiyim cığırlar çətindən çətin.
Oduna çatıldım; bu məhəbbətim
Məni qəbrə kimi yandıracaqdır.

ÜÇ QƏRİB BAXIŞ: Qəriblikdə çimir çalmayan şair

Həm də bu məhəbbətin Kəlbəcərdə mayası çalındığını deyir. Axı, bu mayanın acıtması qaymaqçiçəyindən, kəklikotundan, dağ keçisinin, cüyürün qursağından, bir də ki, anamın şalın ucuna düyüb saxladığı mixək dənəsindən tutulub (Nənələrimiz mayanı belə hazırlayardılar). Bu mayanın nə rəngi qaçmayıb, nə də ki, tamı dəyişilməyib.

Salam Kəlbəcərim, başına dönüm,
Yaman darıxmışam, gülündən ötrü!
Dağları-daşları lərzəyə salan
Leysan yağışından, selindən ötrü.

Bu gərgin zamanın, dövrün ayaq-baş vuran, lax-lax siyasətiynən, haqsızlığıynan barışmır şair Nəsib. İnsanları yurdundan-yuvasından didərgin salan, dəryalarda qərq eləyən, insan ömrünün kəndirini kəsən dünya siyasətçilərinin havasına oynamayın deyir. Onları haqq dərgahına layiq bilmir, ora yön çevirməsinlər, tanrıya əl uzatnmasınlar deyir:

Dağılan, talanan yuvam ayrıdı,
Bu haqsız dünyayla davam ayrıdı.
Mən dağlar oğluyam, havam ayrıdı,
Sən deyən havaya oynamaram mən.


Və yaxud,

Ağlın qarışqa ağlıdır,
Huşun-başın dərin deyil.
Yuxarıya əl uzatma,
Dərgah sənin yerin deyil.


Nəsib Nəbioğlu mənfur qonşularımızın çirkin sifətlərini, məkrli niyyətlərini özlərinə oxşar, özlərinə yaraşan tərzdə şərh edir. Görün, şair qələmə yumor ucluğu taxıb, sadə bir el misalıynan “donuzu darıdan necə çıxarır”.
Böyük şairimiz, buluddan çətir bağlayıb dağların dumanıynan, çiskiniynən danışan Məmməd Araza yazdığı şeirində deyir:

Bəxtim gətirməyib qonşu sarıdan,
Keçib çəpərimdən, aşıb barıdan.
“Ho-ho deməyinən çıxmaz darıdan”,
Necə başa salaq donuzu, Məmməd?!


Şair qoşmada sözü sapdırmır, büdrətmir. Büdrəyən sözü də misradan çıxardır, ona pənah durmur, get, öz hininin üstünə qon deyir.

Ona görə də Nəsibin ən sadə şeirlərində belə misranın üzü cilalıdı, cızılmır. O, sözün dabanını qaldırır, dəyirman kimi xamırlamağa, dişəkdən düşməyə qoymur. Sözün özəyinə çatmayınca misradan çıxmır. Sözün işartısını tez seçir, hənirini tez duyur. Söz qarşısında çeçəmir, əndikmir. Sözün səsini öz səsinə qoşmağı bacarır. Bu səsin haqqa tez çatacağına əmindir. Yenə də böyük ustada xitabən,

Kədər bu torpaqdan uzağa qaçsın,
Çiçəklər ətrini üstümə saçsın.
Tanrım o dağların yolunu açsın,
Qoymasın gözümdə murazı, Məmməd!
– deyir.

Nəsib Nəbioğlu həm də sözə qızırqalanmır, nə də sözü başına buraxmır. Şeirdə dəymədüşər söz, qafiyə işlətmir. O, həmişə sözü xarradıb, yetişdirib işlədir. Həm də qafiyəni irdələmir. Amma sözü hövsüyür, qılçığını çıxardır, qafiyənin kələ-kötürünü sığallayıb cərgəyə salır, qoşma sarayının bəzək daşına çevirir. Şair sözü xışmalayıb tökmür, çiçəktək dəstələyib misraya düzür. O heç vaxt sözdən azeylənmir. Bu da Nəsibin poeziya ustalığı, şair memarlığıdır. Həm də Nəsib Nəbioğlu sözə qarşı çox iştahlıdır. Sözü imsiləmir, sözə tamsınmır, onu çox rahat həzm eləyir. Şeirə şirə gətirir, can verir. Bu da onun dadlı-duzlu şairliyindən xəbər verir. O həm də sözə darqursaqlıq eləmir. Səbrlə yanaşır, səbrlə deyir. Amma sözü də mamırlamağa qoymur.

Onun fikir tutmaqda, şeirə qafiyə verməkdə qoruq-qaytağı yoxdur. Şeirdə hansı fikri çatdırmaq istəyrisə, qafiyəsi böyründə hazırdı. O, qafiyədən, sözdən ürpənmir. Sözdən diksinmir, afatı uçmur, ağ öfkə olmur. Sözə qarşı çox ürəklidir, yarımçıq kəlmə deyib, ağnağız çaldırmır. Fikrin qabağına sözü xışmaynan, çöəjəynən çıxardır. Çünki o, sözə qarşı əliaçıqdır, sözün şaadını, haqqını kəsmir. Bu da onun yetişdiyi ədəbi mühitdən – Kəlbəcər mühitindən irəli gəlir. Axı, “Balığı suynan, islanmışı yağışnan qorxuzmazlar”.

Bəzi şeirlərində çiləmə söz təkrarlığını nəzərə almasaq, Nəsibin qoşma çəmənzarlığı əsrarəngizdir, al-əlvandır, dilimizdə az işlənən xoş sözlərlə döşəmədir. Lap mən deyərdim, qızıl küpəsi kimi siləmə-silədir.

Yenə o dağlardan doyunca danış,
Ovundura bilsən, ovundur məni.
Ya da bir qartalın qanadlarında
Apar, o dağları dolandır məni.


Çox dizi qıvraq misraları var şair Nəsibin. Həmişə onun bir ambul bəndi olur ki, bu bənd də şeirin bütün məna dərinliklərini, mövzu yükünü çəkir.

Nəsibəm, dağlara, bəxtim gətirə,
Görələr ki, gülə-gülə gəlmişəm.


Şairin ülgülü kəlmələri misranın boy-buxununa çox yaraşır. Şeirləri rəngarəngdir ona görə ki, o, Kəlbəcərin qırçınlı qayalarının qoynunda doğulub dünyaya göz açanda təbiətin möcüzəli naxışlarını, bəzəklərini görüb. Qulaqları qartal səsiylə, dili bülbül cəh-cəhiylə açılıb. Ağzının tamı keybir bulaqlar, üzünün rəngi al yanaqlı lalə olub. O, dünyanın ətrini anasının qoynundan, bir də dağların gül-çiçəyindən götürüb. Ona görə də onun misralarından təbiət ətri, torpaq ətri, kənd ətri, ana ətri gəlir.

Ürəyi qübar anam,
Əlləri qabar anam.
Qoy, bir öpüm doyunca
Qabarlı əllərindən.
Öpüm, çəkim gözümə
O bəyaz tellərindən.

Və yaxud,

Ürəyimdə sözüm çox,
Atəşim çox, közüm çox.
Qucağında gəzim çox,
Geniş sinəli kəndim,
Qoca nənəli kəndim!


Onun söz deyimində, kənd dili ilə işlədilən ifadələrdə talaşa yoxdur, söz çarpanaq vermir, rəndəlidir, hamardır. Çünki ifadənin sığalını şair özü verir, sözü kəpəkləməyə, qaysaqlayıb qavazaxlanmağa qoymur.

Nə atım var, nə qılıncım,
Nə papağım, nə yapıncım.
Arzularım xıncım-xıncım,
Çilik-çilik oldu getdi.


Qeyd. Dişək – dəyirman daşının iç üzündən dəmir çəkiclə kiçik yuvacıqlar açırlar ki, dən ora düşüb əzilsin, üyünsün. Usta dəyirmançılar tərəfindən bu, vaxtaşırı aparılır ki, daş şumallaşıb kəsərdən düşməsin, xamırlamasın.
Ambul – qabağa çəkən. babalar kotan qoşanda kotanın birinci boyunduruq öküzlərini ən güclü öküzlərdən qoşardılar ki, çəksin aparsın, kotanın lımığı (birinci yerə batan kəsici dəmir) daha dərin şırım açsın).
Talaşa – ələ batan, rəndə dəyməyən ağac parçası, qamqalaq.
Çarpanaq – bir ucu nazik – tilişəli qopmuş, nahamar ağac parçası.
Ağnağız – böyük həcmli işi dayandırıb işin ortasında kiçik bir iş görmək.
Çöəjə – dəyirmanda unu unluqdan götürüb çuvala tökən iri tutumlu qulplu taxta qab. Təxminən 5-6 kq un tutur.
Şaad – dəyirmançıya verilən dəyirman haqqı.

…Şair itən arzularını işğal altında olan torpaqlarımızın, dağlarımızın həsrətində görür. O, dağlarda keçirtdiyi həyat tərzini, uşaqlığını, analı dünyasını unutmur, o çağları tez-tez yada salır. Hətta o günləri yaşadığı üçün fəxr edir. Anasının cəhrəsinin səsindən, başının altındakı dükcəsinin istiliyindən, kələfinin yumşaqlığından aldığı ləzzəti heç nə ilə, heç bir şirin anla müqayisə etmək istəmir.

Kələflərin içində boya-başa çatmışam,
Dükçələr qucağımda şirin-şirin yatmışam.
Elə bilmə, mən səni unutmuşam, atmışam,
Həmişə yadımdadır naxışının düyməsi,
A nənəmin cəhrəsi.

ÜÇ QƏRİB BAXIŞ: Qəriblikdə çimir çalmayan şair

Və yaxud,

Səsi qulağımdan getmir, ay ana,
Ayrıla bilmirəm cəhrəndən sənin.


Burda yadıma bir xatirə düşdü: Bakıda Rəşid Behbudov adına Mahnı Teatrında Ağdabanlı şair Qurbanın (Dədə Şəmşirin atası) doğum gününə həsr edilmiş tədbir keçirilirdi. Nəsib Nəbioğlu da bu tədbirdə iştirak etmək üçün Moskvadan gəlmişdi. Yaxın dostum, AMEA-nın aparıcı böyük elmi işçisi, şair təbiətli, söz, sənət aludəçisi Məmmədağa Sərdarovla Nəsib müəllimi tanış elədim. Tədbirin sonunda çox böyük alim, mən deyərdim Şərq xalqları folklorunun körpüsü sayılan Qəzənfər Paşayev, mərhum şairimiz Zəlimxan Yaqub, Qənbər Şəmşiroğlu, Məmmədağa müəllim və mən söhbət edirdik. Qəriblik Nəsib Nəbioğlunu kövrəltdiyi üçün o da bir-bir dost-tanışları, qohumları ilə görüşüb öpüşürdü. Bunu görən Zəlimxan müəllim özünəməxsus bir şirin ləhcə ilə: “Tamarzı qalmaq nə pis olormuş, a qağa! Görəsən, Nəsib müəllim camaatdan kənddəki cəhriyimi soruşor, çatmadakı nəhriyimi soruşor, yoxsa çəpərdəki dəhriyimi soruşor.” Şairanə bu ifadə hamımızı güldürdü. Zəlimxan müəllim çox ürəkdən dedi: “Doğrudan da Nəsibin cəhriyə həsr elədiyi şeir eləjənə cəhrənin ömrü qədər də uzun olajax. Gör, bir şair qələmi cəhriyi hara qaldırdı, ona ömür verdi. Elə, qoy, nənələrimiz nağarta fırladajax, fırlatsınlar”.

Bu, Zəlimxan Yaqubun şair Nəsib Nəbioğlu yaradıcılığına verdiyi sadə dillə böyük qiymət idi. Həmin tədbirdə yadigar bir şəkil də çəkdirdik.
ÜÇ QƏRİB BAXIŞ: Qəriblikdə çimir çalmayan şair
Nəsib Nəbioğlu böyük təxəyyüllü şairdir. O bütün şeirlərində yeni mövzu axtarır, yeni fikir üçün özünü əsir-yesir eləyir.

Səni torpaqlara vermişəm, ana,
Ana balasına qovuşmaq üçün.


Şeirdən göründüyü kimi, o hətta doğma anasını Ana vətənə – torpağa qurban verməklə özündə bir təsəlli, rahatlıq tapır, həm də təəssüflənir,

Xəyalım bir dünya qatardı, getdi,
Deyirdim, əllərim çatardı, getdi.
Anam özü ilə apardı getdi
Gözlərində gilə-gilə dərdimi! – deyir.

Görün, şair ananın bala istəyini nə qədər müqəddəsləşdirir! Torpağın balası olan mənim anam, öz anasına – torpağa qovuşanda da balasının dərdini çəkir, məndən narahatdır. Mənim kədərimi, dərdimi, qəmimi gözlərinə yığıb aparır. Özünün haqq dünyasındakı rahat evinə aparır, ta ki, balası bu dünyada qəmsiz-kədərsiz yaşasın.

Yenə də dərdimiz azalmır. Çünki şairlərin dərdi düyüm-düyümdü, həmişə pöhrə verir. Onlar dərdin həm özünə dözür, həm də nazına.

Öz dünyama sarılmışam mən fağır,
Zaman məni eləyibdir qan-bağır.
Gözlərimdən qəm ələnir, qəm yağır,
O da düşən varağımda beləymiş.


Nəsib Nəbioğlu heç vaxt girəvə vermir ki, yalxı qalmış, təklənmiş qafiyələr onun misralarına qədəm bassın. O həmişə qafiyənin, sözün ekizini axtarır. Çünki şair sözləri misralara, misraları bəndlərə elə bağlayıb isgil vurur ki, şeirdə misralar boyunbağı kimi hamar, bəndlər isə lövbər zənciri kimi möhkəm görünür. Çünki şair sözü düyün salmır, ilgəkləyib təngini vurur, kürmək kimi bağlayır. Ona görə də söz sərrafı olan oxucu Nəsibin qoşmalarının ilgəyini tez açıb əzbərləyir. Şeirdə nə qədər doğanaqlı söz işlənsə də, oxucunun dilinə yatır.

O, nə rufu uçmuş, nə də vağanımış, uralanmış kəlmələri sətrə buraxmır. Onlara bostançı olmaq istəmir. O həmişə sözün sadə, dilimizə şirinlik gətirən təzə-tər ləçəklərini dərir, şeirə qatır.

Sənə neyləmişəm, gözümün nuru,
Eşqimin üstündən pərdə çəkmisən?!
Sənə neyləmişəm, çiçək yerinə
Sevən ürəyimdə kədər əkmisən?!


Şeirdəki axıcılığa görə həmişə onun yaradıcılığını ən çox sadə adamlar, dilində sözün səlisini, qulağında cəhrənin səsini, canında buxarının istisini, kösövün tüstüsünü saxlayan adamlar daha çox oxuyurlar. Çünki o, sözün kirişini o qədər daram çəkir ki, qələm toxunanda hər mənada… dillənir.

Şair misraların çopurunu qələmiynən qoparır. Çünki o qələm cadarlanmış, kəltənlənmiş torpaqda yox, gül-çiçəkli dağlarda, çəmənlərdə rişələnmişdi, sulanmışdı.
Qeyd. Yalxı, ekiz – tək doğulmuş balaya yalxı, qoşa doğulmuş balaya ekiz deyirlər.
İsgil – zənciri bir-birinə bağlayan ağac parçası və yaxud dəmir mıx.
Təng – doğanağa vurulan düyün.
Doğanaq – aşırma ipin təngini (düyününü) vurmaq üçün qorda bişirilib əyilmiş 20-25 sm-lik haça ağac.
Kürmək – ipin açılmayan düyünü.
Vağanımış – dəni tökülüb boş qalan sünbül.
Uralanmış – bostanın barının ən yaxşıları yığılandan sonra tağında qalan barin toplanmasına bostanı uralamaq deyilir.
Kiriş – cəhrənin çataxlanmış (bir-birinə bağlanmış) pərli topunu iylə birləşdirən müşəmbələnmiş (ərinmiş mumla burulub-tovlanmış) köşə (dəri ip).
Kəltənlənmiş – sarı gilli nəm torpağın bərkiməsi.

Nəsib Nəbioğlu sözü hərsi-pərs eləmir, özündən küsdürmür. Əksinə, sözü ağuşuna alır, söz özü onun çiyninə qonur. O sözün telini sığallayır, darayır. Sözün darağı isə şairin qafiyələridir. Bu qafiyələrdən dəstələnmiş şeir bəndləri qadın hörükləri kimi cazibədardır. Bir-birlərinə elə sarınırlar ki, sanki məhəbbətə yenicə qovuşublar, ta bir-birlərindən qopmayacaqlar.

Düşüb bir yağışa, suya batdığım,
Bir kaha dibində ocaq çatdığım,
Bir daşa baş qoyub daş tək yatdığım
O daşa, çəmənə, çölə borcluyam.


Və yaxud,

Elə ürəkliydim, elə qorxmazdım,
Səsimi sıldırım qayaya yazdım.
Min dəfə çiskində, dumanda azdım,
Doymadım yurdumun gözəlliyindən.


Nəsib Nəbioğlunun təbiət ruhlu şeirləri gəyənimiş dan üzü kimi oxucunun sifətini işıqlandırır. Kəlmələri ilə kəlmə arasında, misraları ilə misra arasında ögey-doğmalıq yoxdur. Hamısı bir-birini sacayağı tamamlayır. Misraların gərdən çəkib boylanmasından görürsən ki, bu misraların arxasında vətən həsrətli, dağ həsrətli bir şair ürəyi döyünür. Bu döyüntülərdə “Zərbi Kərən sındıran” bir güc var. Bu güc şir ürəkli analardan əmilən gilə-gilə süddən yaranıb. Nə heyif ki… üzü dönsün qəribliyin!..

Dünyanın işinə bax ha!.. Narahat sal daşlara baş qoyub rahat yatan, sıldırım qayalara səsini yazan şair Nəsib Nəbioğlu indi rahat yorğan-döşəkdə də yata bilmir. Səsini dünyaya səs salan Moskvada bir özü eşidir, bir də ki, qərib gecələr. Ta səsin əks-sədası yoxdur. Şair çimir çalmadan deyir:

Çətin bu yerlərdə çəmən, çöl, bayır,
Doğma torpaqları andıracaqdı.
Pəncərəmi döyən qərib küləklər
Məni isitməyib, donduracaqdı.

Səbrli ol, Nəsib Nəbioğlu! Səni isidən bir hənir var, o da doğma, günəşli Azərbaycanımızdı, sənin xalqındı, sənə olan xalq istəyidi. Hamı bu istəyi sənin şeirlərindən, vətənə, elinə-obana, yurduna-yuvana olan məhəbbətindən, ocaq daşlarımıza, kömbə qayalarımıza, tüstülü bacalarımıza, sacımıza, oxlovumuza, analarımızın cəhrəsinə, dükcəsinə, bir də, bir də ki, sənin özünün vurğunu olduğun kənd ləhcəsinə bağlılığından götürübdür.

Əl çəkmə, qardaş, bu ləhcədən, bu sadəlikdən. Dayanma, dayanma… Yaz, yarat! Sağlam yaşa, ömürdə yüzə çat! Sonra, sonra da vətənə can at! Qal salamat!

Səmimiyyətlə, xoş niyyətlə mirvari dalğalı Xəzərdən, altun sərvətlər diyarı Bakımızdan, Günəşli Azərbaycanın qızılı payızından Kəlbəcərin boynuna dolana-dolana ərşə qalxıb Şimala doğru yön alan səba yellərindən salam göndərən

Vəliyəddin MİSİROĞLU,
Yazıçı-publisist,
“Qızıl qələm” mükafatı laureatı.

Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

16 sentyabr 2016-cı il.
Bakı şəhəri.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir