UNUDULMAZLAR: “Həqiqətlərin qətlindən ötən 29 il”” – Aydın Məmmədov və Dilarə Əliyeva”


UNUDULMAZLAR: "Həqiqətlərin qətlindən ötən 29 il" - Aydın Məmmədov və Dilarə Əliyeva
“Bir insan ömrü həm Yol, həm də son mənzildir.”
Rüstəm Behrudi.

Uşaqlığımdan bu günümədək qəribə bir xasiyyət daşıyıram. Sanki bütün yaşadığım günlər bir xronolji cədvəl kimi həmişəlik beynimə həkk olunub. Bütün ayrıntı və incə detallarıyla kopiyalanmış şəkildə yatır, yatır və həmin rəqəmə tuş gələn gündə qəfil oyanır, ayağa qalxır. Bu şakərimdən heç bir zaman qurtula bilmirəm ki, bilmirəm.

Bəlkə də tarixçilikdən qaynaqlanan bir vərdişdir ki, özlüyümdə bunu heç də yaxşı vərdiş saymıram. Çünki sevib itirdiyim Dost və Əzizlərimi xatırladan günlərin tarixi o zaman təkcə rəqəmi ifadə etmir, ağır bir daş, qurğuşun kimi qəlbimdən asılır.

Aydın Məmmədov və Dilarə Əliyeva! Şəxsi olaraq tanımadığım, amma ictimai-siyasi fəaliyyətlərindən, cəsur vətəndaş mövqeyindən irəli gələn əsl ziyalı duruşlarıyla ürəyimdə taxt quraraq, əziz və doğma insanlar olaraq yaddaşıma daimi olaraq qazındı, qaldı və mən var olduqca orada qalacaqlar.

Moskvada yaşayan çox dəyərli, milli fikirlərə sahib tələbə dostum İqbal Aslanov keçənlərdə Şəkinin Kiş kəndində Aydın Məmmədovun məzarını ziyarət etmişdi. Və ziyarəti zamanı çəkdiyi videonu mənə də göndərmişdi. Düzü çox təsirlənmişdim bu videodan, rəsmən alt-üst olmuşdum. Onsuzda bu erkən itkinin acısını yuxarıda da söylədyim kimi, zaman-zaman yaşayırdım.

Bir ay əvvəl İqballa aramızda keçən telefon söhbətində Aydın Məmmədov və Dilarə Əliyevanı xatırladım. O da mənə – yeri gəlmişkən, onların ölümlərinin ildönümü ərəfəsində bəlkə bu ağırını bir xatirə yazısına tökəsən- dedi.

Aydın Məmmədovlu günlər bir kino lenti kimi canlandı gözümdə. Və o xatirələrdən bu yazı ərsəyə gəldi. Onu da deyim ki, tələbə dostum İqballa bu mövzuda ortaq sevgimiz var hər iki mərhum ziyalımıza qarşı. Sağ olsun İqbal Aslanov. Haqlı istəyiylə hiss və duyğularımı körüklədi əməlli başlı…

1991-ci il aprelin 19-da müəmmalı avtomobil qəzasına “qurban edilən”, xalq hərəkatının liderlərindən olan Aydın Məmmədov və Dilarə Əliyevanın ölümlərindən 29 il keçir…

“Xalq öz qəhrəmanlarını daim gözünün önündə olmağını istəyir- ya tribunada, ya da dar ağacında.”- Aydın Məmmədov

Bu yazı xalqının YOLUNDA ömrünü şam kimi əridən, sözün müstəqim anlamında əsl ziyalı, özünün parlaq zəkasıyla qaranlıqlarımızı aydınladan və bu YOLDA şəhid olan azman şəxsiyyətlər – xalq hərəkatının liderlərindən olan Aydın Məmmədov və Dilarə Əliyevanın əziz və işıqlı xatirələrinə həsr olunur…
UNUDULMAZLAR: "Həqiqətlərin qətlindən ötən 29 il" - Aydın Məmmədov və Dilarə Əliyeva
İndiki gənc nəsil belə parlaq aydınları mütləq tanımalı və işığımızın sönməməsi adına örnək almalı. Gör biz kimləri itirdik, İlahi?! Milli azadlıq hərəkatının ən öndə gedən, parlaq, məşhur çıxışlarıyla milyonların ürəyində taxt quran olduqca cəsur bir alimimiz, ziyalımız, millət vəkilimiz vardı-AYDIN MƏMMƏDOV. Azadlıq meydanının, parlamentin xitabət kürsüsünə qalxıb nitq söyləyəndə Azərbaycanda yeddidən yetmiş yeddiyədək hər kəs ovsunlanardı onun çıxışının sehrində. Xalqın dərdlərini də, vəziyyətdən çıxış yollarını da elə məntiqli, təkrar olunmayan dillə anladar, izah edərdi ki, hamıya adı kimi “aydın” olardı hər şey. Qurduğu cümlələr hər kəsin içindən keçənlərin sadə, saf ifadəsiydi.

1991 ci ildə məşhur “4- cü mikrofon”un yaraşığıydı. Hər dəfə televiziya qarşısnda onu seyr edərkən anam iş -gücünü atıb, bütün diqqətiylə Aydın Məmmədovun çıxışlarına qulaq kəsilərdi. Hamımız nəfəsimizi içimizə çəkərdik O danışanda. Cəmiyyətin bütün kəsimləri qeyri-şərtsiz Onu sevirdi, qəbul edirdi. Özü həmişə deyərdi ki, mən orta müxalifətin nümayəndəsiyəm.Yəni hakimiyyətdə və müxalifətdə olan mütərəqqi qüvvələrin birləşdiricisi. Heç şübhəsiz öldürülmə səbəbi də bu oldu bəlkə, kim bilir. Çünki nə mərkəzi hakimiyyətin, nə də müxalifətin dağıdıcı, radikal qüvvələri Aydın Məmmədovun yaşamasından rahat ola bilməzdilər. Eyni avtomobildə başqa bir parlaq ziyalı, alimimiz, millət vəkilimiz Dilarə Əliyeva ilə 1991- ci il aprelin 19-da avtomobil qəzasına qurban edildi bu iki mümtaz şəxsiyyət.

Şuşada Aydın Məmmədovun mindiyi vertolyotu da vurmuşdular, o zaman ölümün və yaxud da sui-qəsdin pəncəsindən qurtulmuşdu. Amma şər qüvvələrin növbəti ölüm tələsindən qurtula bilmədi bu böyük insan. Aydın Məmmədovu olduqca gözəl anladan bir yazısında jurnalist Aydın Canıyev eynən belə sərrastcasına, həm də böyük ürək ağrısıyla onu belə xatırlatmışdı: “Aydın Məmmədovun varlığı və əlimizdən alınması yüzlərlə cavabsız sualın meydana çıxmasıdı. Yarımçıqlığın təntənəsidi! Başa çatmayan layihələrdi. Bitməyən arzulardı. Zənnə-gümana qapılmağa əsasdı. Həqiqətlərin qətlidi!”

Aydın Bəyin bir də Alim tərəfi vardı. Aydın Məmmədovun bir alim-türkoloq kimi araşdırma və düşüncələrinin üfüqləri olduqca geniş və heyrətamiz biri idi. Moskvada oxuduğu illərdə gənc olmasında baxmayaraq məşhur alim-türkoloq Lev Qumilyovla dostluq etmişdi. Tələbə olarkən əfsanəvi, ensiklopedik biliyə malik olan L. Qumilyovun diqqətətini çəkə bilmişdi. A.Məmmədovun görkəmli qazax şairi Oljas Süleymanovla da yaxın dostluğu vardı. O, ciddi dilşünas alim kimi azərbaycan dili ilə bağlı,eləcə də şumer diliylə türk dilləri arasında fundamental araşdırmalar aparmaq istəyirdi, bunu inandırıcı dəlillərlə ortaya qoymağa çalışırdı.

Dilarə Əliyeva milli-azadlıq hərəkatına ən ilk qatılan alim, ədəbiyyatşünas, tərcüməçi idi. Elm cəbhəsində özünün olduqca mükəmməl tədqiqat və araşdırmalarıyla böyük işlər görürdü. “Aslanın erkəyi, dişisi olmaz” timsalında ən qətiyyətli, cəsarətli duruşa, samballı ictimai-siyasi dünyagörüşə sahib ziyalılarımızdandı. Eyni zamanda Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin qurucularından və rəhbərlərindən biri olmuşdur. Olduqca elitar bir mədəniyyətə sahib, oturuş-duruşundan aristokratlıq yağan bir xanım olaraq hamı tərəfindən sevilən və təqdir olunandı.

Aydın Bəylə Dilarə Xanımın ölüm xəbəri həmin dövrdə toplumu, xalqımızı yasa boğmuşdur. Mən bu acı xəbər yayılanda BDU-da tarix fakültəsinin I kurs tələbəsiydim. Hər iki mərhumun Elmlər Akademiyasında təşkil olunmuş vida mərasimində göz yaşları içində iştirak etmişdim. Aydın Bəy doğulduğu Kiş kəndində, Dilarə xanımsa on minlərlə izdihamın çiyinlərində İkinci Fəxri Xiyabanda dəfn edildi.

Bu gün də hefslənmədən xatırlaya bilmirsən! Heyf Aydın Bəy və Dilarə Xanım kimi ziaylı olaraq milli azadlıq mübarizəsinin önündə gedən cəsarətli DƏYƏRLƏRDƏN! Xalqın kisəsindən ən parlaq zəkali iki ziyali, alim, cəsur vətəndaş getdi. Olduqca unikal səxsiyyətlər idi hər ikisi.

AĞRILI QEYD. Hələ 1990-cı il avqustun 28-də Culfa rayonunun Yaycı kəndində Arazda çimərkən xüsusi tapşırıqla rus zabitinin snayperindən açılan atəşlə qətlə yetirilən böyük türkçü, fizika elmləri üzrə alim Tağı Qasımoğlu ilk şəhidlərimizdən oldu. Görkəmli türkoloq alimlərimiz, o dövrdə milli azadlıq hərəkatının ən aktiv ziyalıları Aydın Məmmədov və Dilarə Əliyevanın 1991-ci ilin aprelində müəmmalı avtomobil qəzasına qurban edilməsindən sonra ölüm dalğası Qarakənd faciəsinədək davam etdirildi. Özü də ən amansız bir şəkildə. 1991 ci il noyabrın 20-də baş verən Qarakənd faciəsi də düşünən başların şüurlu şəkildə “kəsilməsinə”” yönəlmişdi. Əslində bu hadisə Sovet rus imperiyasının Azərbaycanın hakimiyyətdə təmsil olunan mütərəqqi, milli vətənpərvər kadrlarına qarşı həyata keçirdiyi qəddar terror aktıydı. Onların satılmayacağını, Vətən naminə xalqın yanında sonunadək olacaqlarını bildikləri üçün də məhv edildilər. Təsadüfi deyil ki, sonralar yəni bu sui -qəsdlər bir dalğa kimi Azərbaycanın milli məfkurə daşıyan övladlarını əlimizdən aldı. Onsuz da az bir qisim olan bu cür cəsarətli aydınların aradan götürülməsi toplumda çox böyük boşluqlar yaratdı. Bu gün də o ziyalıarın yeri görünür! Maddi marağını xalqın-millətin mənəvi marağına qurban verməyən insanları çıraqla gəzdiyimiz bir vaxtda-geriyə boylanıb- bizim belə ZİYALILARımız vardı, yaşadılar və getdilər-demək də tarixçi kimi sadəcə xronoloji xatırlatmadan başqa bir şeyə yararmı? Tarix təkrarlarda təkrarlanar ümidiylə, örnəklərdən YOLA çıxıb YOL aldığımız çox TARİX olanlar var. Bu yöndən çox şeyə yarar, məncə.

Bu faciədə dünyasını dəyişənlərin ruhları şad olsun! İşıqlar içində yatsınlar!

Məhəmməd İsrafiloğlu,
Ukrayna


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir