Ürək yanmayanda donüb daş olar… (YAQUT NEMƏTOVUN QƏFIL ÖLÜMÜNƏ )


Ölümlər ucuzdurmu? Ucuzdursa niyə bahalı-dəyərli insanları aparır. Dəyəri adından başlayan, adından dəyərli insan-Yaqut Nemətov! Sağlığında bu sözləri yazsaq- yaraşmayana o qədər yaraşdırdıq ki, yaraşana geydirəndə də “geydirmə” qəbul edildiyindən -saxta olduğunu düşünərdilər. Buna yanırdı, sözə yanırdı…

Boş söz deyiləndə daha boş olar
Sınıq qab dolan tək tez də boşalar,
Ürək yanmayanda donüb daş olar
Tükənir gücümüz, ay Dədə Şəmşir!

Gec tanıdım. Cəmi 3-cə dəfə gördüm. Hər görüşümdən sonra bu dərinlikdə insanın niyə insanlar içində sakit, təmkinli dayandığını anladım. Hər şey üçün yanırdı. Vətən üçün, haqsızlığa düçar olan üçün. Üsyankar idi. Bir o qədər də həlimdi. Ona 3 görüşdən sonra bu qədər rəğbəti özü qazandırmışdı. “ Saatlarla oturub Sizi dinləmək keçir könlümdən”- dedim, son dəfə gördüyümdə. Nə zaman idi ki, bu son dəfə?! 28 May tədbiri günü. “Sağlıq olsun!”-dedi. Yaqut Nemətov, “”sağlıq”” dediniz, sağlıq olmadı. Bu gün “”dünyanızı qəfil dəyişdiniz”” xəbərini eşitdim. Onun acısının içində bu qədərini yaza bilirəm. Diktafonumun yaddaşında Dədə Şəmşiri çağıran, Aşıq Ədalət Diridağlıya “”Ruhani”” çal –deyib, “”Sən Allah gecikmə, Ay Dədə Şəmşir”” – fəryadı ilə salonu inlətmişdi.

Sözün gücü çatmayan yeri deyib özümüz susmuşuk. Söz qarşısında aciz qalmayan -sözün yaqutunu ürəyində gəzdirəndi, Yaqut Nemətov! Elmi dərəcəsindən yüksəkdə dayanan olduğunu onunla ədəbi söhbətlər edənlər bilər. Və hələ mənim kimi neçə gec xəbər tutan biləcəkdi, biləcək. Nə çox yaşadı ki…

Dərin bir həsrətlə neçə zamandır
Yoldadır gözümüz, ay Dədə Şəmşir!
İntizar ağırdır, hicran yamandır,
Bilirik özümüz, ay Dədə Şəmşir!

Tünzalə Vəliqızı
14 iyun,2013-cü il, Moskva


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir