Uşaqlardan Böyüklərə


Uşaqlardan Böyüklərə
Bizi qorxutmaqla qoruduğunuz dünya budursa..

Əlini oda uzatma “cızz””, heyvana yaxın getmə “”ham”” edər… Bəs oda atan, suda batıran insansa…

Alınmaz qalası ailəsi, keçilməz divarı Vətəndir!

Məsumluğun, təmizliyin, doğruluğun nümunəsi -bəlkə ən böyük müəllimi olan kiçiklər, körpələr, uşaqlar…dı.

Hazırcavablığına gülür, çoxbilmişliyinə heyrət edir, sadəlövhlüyünə… Burada tıxanıb qalırıq. Əslində bu qədər sadə və bəsitdir onlarla dünya. Onların dünyasının ən qorxulu personajı Heyvandı, xilaskarı isə İnsan!

Bizim üçün məişətindən mənəviyyatına-hər şeyin qarşısına “Uşaq” kəlməsi əlavə etdiniz, Siz böyüklər! Uşaq paltarları, Uşaq oyuncaqları, Uşaq baxçaları, Uşaq nağılları və s.

Niyə qorxudurdunuz? Həm də heyvanlarla. Qorumaqmı istəyirdiniz, yoxsa qorunmağımı öyrədirdiniz. Ən qorxulu yerin dünya və ən qorxulu məxluğun insan olduğunu niyə öyrətmədiniz o zaman?!

-Çünki uşaqlıqdan keçən hər birimiz üçün müharibə, ölüm, aclıq, cəhalət, səfalət sadəcə oxuduğumuz nağıl həqiqətlərindən uzağa getmirdi.

– Çünki bizim dünyamızda uşağını soyuqdan qorumaq üçün üstündəki son paltarını çıxarıb ona bükən, özü buz bağlasa (Ə. Məmmədxanlı- “Buz heykəl”) da ürəyinin hərarəti ilə onu isidən-qoruyan ANA vardı.

Çünki “Dünyanın hər yerində xöşbəxt olsun, uşaqlar” zümzüməsinə köklənən dünyaya həyat bəxş edən Onlardı.

-Sonra nə oldu?

İlk itkin düşən uşağın izsizliyində, ilk təcavüzə məruz qalan uşağın harayında, ilk qayğısızlığı qayğıya dönüşən-valideynlərini itirib yetimliyi dadan uşağın səssizliyində dünyanın abır pərdəsi aralandı. Dünya içindəki məsumiyyəti itirdi. Dünyanın içindəki saflığı kirləndi.

Müdafiə edək dedik. Qoruyaq dedik. Kimi kimdən qoruyaq sualını yanlış qoyduq, amma. Qoruyaq deyil, qorunaq deməliydik.

Qeyd: 1925-ci ildə Çinin Amerikadakı baş konsulu San-Fransiskoya gəlişində ölkəsindən ABŞ-a gətirilimiş yetim uşaqları bir yerə toplayıb onların şəninə şənlik düzəldir. Sonradan uşaqların problemi ilə bağlı 1949-cu ildə Parisdə Qadınların Benəlxalq Demokratik Federasiyası keçirdiyi xüsusi sessiyasında Uşaqların Müdafiəsi gününün təsis edilməsi qərara alınır. Və ilk olaraq 1950-ci il İyunun 1-də dünyanın 60-dan çox ölkəsində bu gün bayram kimi qeyd edilir.
Uşaqlardan Böyüklərə
“7-dən 70-ə” deyilən bir ifadə var. Bu gün Uşaqlığın, Uşaqların bayramı 7-dən 70-ə qədəm qoyub. Müdafiə edəcik- deyə qorumaq istədiklərimizin bu 70 il aralığındakı statistikasına baxsaq…

Bu günün statistikası dünyada ötən ilin hesablamalarına görə 8 milyondan çox uşaq itkindir- deyir. Bir o qədər də təcavuzə məruz olanı, bir o qədər də müharibələrdə vəhşicəsinə qətlə yetiriləni, bir qədər də yetim, evsiz-eşiksiz, vətənsiz qalanı, dünyası başına yıxılanı var….

Məncə, bu statistikaya baxmadan susaq!

İndi uşaqları qorumaq üçün vəhşi heyvanlarla qorxutmağa gərək qalmayan bir zamanda olduğumuz- qarşısında sözü olan varsa, danışsın! Dilsiz heyvanlar belə insan vəhşiliyi qarşısında dil açıb danışırkən həm də.

Sadəlövh dediyimiz – dünyanın “Allahın ümidinə buraxılan körpələri” bunun fərqində olacaq qədər böyüyüblər. “Mən ölmək istəmirəm””, “”Sizi Allah şikayət edəcəm”-deyə dünyadan üz döndərib Yaradana üz tutacaq qədər böyüyüblər həm də.

Dünyanı uşaqlığından məhrum buraxan, hakimi-hökmü-dünyalar!

Bu günün uşağı sizin keçmişinizin səsi, gələcəyinizin sədasıdır. Özünüzü özünüzdə tapmaq üçün, içinizdəki uşağı qorumaq üçün müdafiə edin Uşaqlığı!!!

“”Dünyanın hər yerində xoşbəxt olsun uşaqlar””- nağılının həqiqətinin ilk notunu elə bu gün yazmağa başlayın!

Şəkillərdə ata axtarmayan, güllələrə tuş olmayan, düşmən süngüsünə keçirilməyən, cəfalətdən, səfalətdən küçələrdə ayaqyalın, başaçıq, bir qarnı ac, bir qarnı tox əzabkeş uşaqların qara əlləriylə sizə uzatdığı ağ salfetka ilə gözünüzün torunu, qəlbinizin pasını silin! Onlara aid olduğu Dünyanı qaytarın!

Bu günə bizə mesajınız budur məncə , 7-dən 70-ə böyüyən uşaqlar! İl 2020-dir çünki. Harada əlini göyə qaldırıb, “”Allahım”” , -deyə göylərdən pənah uman uşaq varsa… ora cənnət ola bilməz!

Nə deyim. Gününüz mübarək! Dünya Sizinlə gözəldir! Sizsiz dünya çəkilməz olardı. Gerçəkdən…

Tünzalə Vəliqızı,
Moskva
1 iyun 2020


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir