Uşaqlığın “nağılı”


Mənim nağılım bitdi. Şikayət dolu nağılım. “Mən xoşbəxt uşaqlıq keçirmişəmmi”-sualına  dünənə kimi  verdiyim cavab da dəyişikdir bu gün. Düşünürəm. Dünənimə haqsızlıqmı etmişəm- deyə. Bu gün dünyanın  bu yerinə gəlməsəm, daha əmin -aman bir dünyaya baxıb köks ötürər və yenə  bu günün uşağı olmaq istərdimmi?

Sualı bu sətirləri oxuyan hər kəsə ünvanlayıram. Kimim uşaqlığı da qayğısızdı?

Öz uşağınız və özünüzün uşaqlığınız arasında parellerlər aparıb  “mənim nəyim çatmırdı?” –deyə başınızı yordunuzmu?

Özüm yaşamadığımı övladıma yaşadacağam deyə- onlara daha firavan həyat vermək  üçün hər valideyinin çabaladığına əminəm.

Nə idi o uşaqların dərdi?  Hər kəsinki fərqli olsa da, nəticə eyni yerə çıxırdı. Maddi çatışmamazlıq. “Oyuncaq gəlinciyi ” olan qızcığazın əlinə baxan başqa bir qızcığaz və ya velosipedi olan oğlana baxan başqa bir oğlan. Onların köks ötürməsi –dərd buydu.

Əvəzində  bizim üstümüzə mərmilər yağacaq, evimizdən  didərgin düşəcəyik, köç edəcəyik, bilinməzə yol gedəcəyik kimi təsəvvürümüz yoxdu!

Bizim üçün nağıl olanın gerçəkliyini yaşadı uşaqlar. Əlində sehrli (smartfon) güzgüsü, azad sənada xəyalların ağuşundan çıxıb gerçəkliyə uçacaq qədər dəyişdi-irəlilədi hər şey. Nə qayğısız və gözəl günə doğublar dedik. Hətta qibtə etdik. Kaş ki indinin uşağı olsaydıq deyənlər də oldu aranızda, əminəm.  Amma…

Ötən gün düşündüm bunu. (Bu aralar sadəcə düçüncədən başqa bir şeyim də yox məni məşğul edən). Həyat “amma”dan əvvəl , “kaş ki ”dən sonra aralığında yaşadığımız  yerdi. Nəyəsə hazırlar və nəyəsə təəssüf etdirər. Bu düşüncələr beynindən keçən zaman isə zaman keçər.

Nə isə. Biz də dünənə təəssüflə bu günə özənib yaşayarkən hər şey dəyişdi.

Təkrar etməkdə fayda olduğu üçün yazıram. Yunanıstan sahillərində cəsədi suya çıxan 3 yaşlı uşaq rəsmindən, yaralı –yaralı  “sizi  Allaha şikayət edəcəyəm”-deyən uşaq səsindən boylanan mənzərəyə açılan dünyada uşaq olmaq istəməzdim.  O uşağın yerində olmaq… O uşaqlığı yaşamaq… O nağılın gerçəkliyinə dönüşmək…

Bir gün oyanacaq bu qorxulu yuxudan və… Yenə evləri də yerində, elləri də… Ayaqları da yerində, əlləri də…

Bəlkə yerinə görə dəyişikdir. Bəlkə dünyanın harasındasa bütün bunlardan xəbərsiz uşaqları qayğısız böyüynən yer var. Amma o yer bütün uşaqlara yetərmi?

Güllələrin açılmadığı, sakit-səssiz həyat sürülür deyilən yerlərdə də bir uşaq əlinə silah alıb digər uşağı “dava-dava” oyununa qurban edə bilir. Özünün və özgəsinin uşaqlığının məhvini oyun görür həm də.

Dünyanın harasındasa böyüklərin qorumasında olması təhlükəsizliyinə zəmanətkən, elə o böyüklərin əlində təcavüz aləti edilən uşaqlar var.

Dünyanın harasındasa  bu gün valideyinin yerin onunə şəkli ilə danışan uşaqlar var..

Dünyanın harasındasa  başı qapaza hazır,  gözü qıpıq  uşaqlar var..

Dünyanın harasındasa küçələrdə səfil, zibillikdə yemək axtaran uşaqlar var…

Dünyanın harasındasa  hələ uşaqlığın nə olduğunu dərk etməyən, bəlkə elə uşaq olmaq buymuşa inanan, əyninə böyük pencəyində  böyüyən uşaqlar  var…

Nağıllar aləmində yaşayan bundan xəbərsiz uşaqlar da. Birinin qayğısızlığının hesabını digərinin ümidsizliyinə kəsmədən, uşaqlığın haqqı olan nağılları yaşadan dunya qura bilsək, kaş ki.. Amma.

Dedim axı, həyat “amma”dan əvvəl, “kaş ki”dən sonra  qurulan cümləylə nöqtələnir.

Və bu gün:  Dünya uşaqlarının beynəlxalq müdafiə günü. Statistikaya görə dünyanın bir çox ölkəsinin  80 faizində uşaq ölümlərinin sayı  80 fazidir. Bu statistika bəzi olkələrə görə aşağı yuxarı 1-2 faiz dəyişə bilər.

Və biz hələ də uşaqları müdafiə -deyə hər il bu günü onlara həsr edirik.

 Tünzalə Vəliqızı
01.07.2022


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir