UTANMAQ, QIZARMAQ


I

Qalxıram kürsüyə danışmaq üçün
Nədənsə, hər dəfə dil topuq çalır.
Məni elə basır zəhmi kürsünün,
Demək istədiyim qəlbimdə qalır.
Uca kürsülərdən danışanda mən
Həm natiq oluram, həm də dinləyən.

Uzun illər boyu öz istəyimlə
Çox-çox kürsülərdən danışsam da mən,
Razı qalmamışam özümdən hələ
Özümə, sözümə nəzarətimdən.

Əgər karıxdımsa elə o anda
Görürəm, alnıma soyuq tər gəlir.
Özüm öz sözümdən nöqsan tutanda,
Öz səsim özümə eybəcər gəlir.

Kürsüdə sərbəstlik mənə çox çətin!
Qorxmuşam fikrimi çatdırmayam mən.
Qorxmuşam salonda əyləşənlərin
Üzümə zillənən nəzərlərindən.

Qorxmuşam itirəm ölçü hissini,
Qorxmuşam nizamın pozulmasından.
Qorxmuşam tərsinə anlayıb məni,
Sözün başqa yerə yozulmasından.

Çox zaman kürsüdə sıxılmışam mən,
Özümdən utanıb çəkindiyimdən.
Utanmaq—özündən bir boy ucalmaq!
Qızarmaq—günahı boynuna almaq!
Utanmaq hissini Allah heç kəsin
Qəlbindən çıxarıb gülünc etməsin.

II

Xisləti, fitrəti hamıya məlum
O, yalan danışdı, yalan, ağ yalan.
Gözümü gözündən çəkib duruxdum
Onun əvəzinə utandığımdan.

Osa utanmadan gülüb gerçəyə,
Şəst ilə gözünü gözümə dikdi.
Üzünə vursaydım “yalandır”—deyə,
O, mənim üzümə dirənəcəydi.
Ondakı üzə bax, yalan düz oldu,
Qara ağ, təpə dağ, astar üz oldu.

Üzdə abır varsa, sözdə ölçü var,
Həyadan süzülən o sözə qurban.
Dünyada nə desən gözləmək olar
Özündən, sözündən utanmayandan.

Abır—üz suyudur, qəfil qızarar
Qırmızı deyilən bir acı sözdən.
Üzün ismətidir o su… əlhəzar
Abırı, isməti silinmiş üzdən!

Tanrım, nöqsanımı göstərdin mənə
Səhvimi öyrəndim xəcalətimdən.
Utanmaq hissini sən verdin mənə
 Bu böyük lütffinə minnətdaram mən.

Gerçək – qəlbimizdən qaçarıdırsa,
Yalan – yüksəlişin açarıdırsa,
Utanmaqqızarmaq unudulubsa,
Abır – abırsıza məğlub olubsa,
İnsaf da, vicdan da ərşə çəkilmiş
Demək, insandakı insanlıq ölmüş.

Bəxtiyar Vahabzadə?
İyun, 1999.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir