Və nəhayət… Moskvadan “Evəgedirəm”


Və nəhayət... Moskvadan  “Evəgedirəm”
Yazıya qoyulmuş bu şəkil yoldur-uzanıb gedir. Gecənin qaranlığında foto effekti zəif olan bir kadr. Amma bu yol koronavirus bəlasının işsiz və “evdə qapalı qalmaq ” məcburiyyətində qoyduğu soydaşlarımızı evinə götürən yoldur!

Sentimental səslənir, bəli. Məlum epidemiyanın yaratdığı maddi və mənəvi sıxıntıların doğurduğu əks-səda belədir, təəssüf ki…

Dünən gecə “burada qalmışıq”-deyə Dağıstan sərhəddindən keçərək Azərbaycana gətirilən soydaşlarmız danışır.

Samux rayonunun Sərkar kəndindən olan və Rusiyaya işləməyə gələn soydaşlarımız-buranın təbirincə desək miqrantlar necə gedək, nə edək deyə son iki həftədə dəfələrlə redaksiyamıza müraciət edib çıxış yolu barədə məlumatlandırmağımızı istəyirdilər.

Xəbər verildiyi kimi karantin məntəqələrinin dolması ucbatından bir müddət vətəndaşlarımızın vətənə gətirilməsi dayandırılmışdı. Rusiya sərhəddində-Dağıstan ərazisində günlərlə sərhəddin açılmasını gözləyən yüzlərlə insanımızın demək olar ki, çıxılmaz durumda qalması barədə sosial şəbəkələrdə həyəcanlı xəbərlər yayılırdı. Hətta Azərbaycanın Rusiyadakı Fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu yaranmış gərgin vəziyyətlə bağlı Rusiyadakı həmvətənlərimizə müraciət edərək “”özbaşına sərhəd istiqamətinə axın etməməyə”” çağırmışdı.

Lakin o da xəbər verilmişdi ki, vəziyyəti qaydaya salmaqdan ötrü Azərbaycan höküməti müəyyən tədbirlər görür. Belə ki, aprelin 17-də Rusiyada, eləcə də dünyanın digər yerlərində qalan soydaşlarımızın geri gətirilməsi üçün “Evəgedirəm” portalı yaradılaraq, gəlmək istəyənlərin orada qeydiyyatdan keçməsi istənilirdi. O da bildirilirdi ki, aprelin 20-də 300-400 nəfərin ölkəyə keçməsi üçün şərait yaradılacaq.

Ötən gecə sərhəddən keçən bir sıra soydaşlarımız artıq Nabrana gətirilib. Moskvada “Sadovod” bazarında mühafizəçi işləyən Rəşad Dəmirov deyir ki, adıçəkilən (evəgedirəm) portalda qeydiyyatdan keçəndən sonra bir qrup adamla sərhəddə gəldik.

“Təxminən gecə saat 02:00 radələrində biz rəsmən açılmış sərhəd məntəqəsindən pasport yoxlanışından sonra Azərbaycan tərəfə keçdik. Orada bizi qarşılayan qrup vardı”.

Samux rayonunun Sərkar kədnindən olan Rəşad Dəmirov onu da söyləyir ki, onları 50-55 yerlik avtobuslara mindirərək Nabrana karantin üçün ayrılan otellərdən birinə gətiriblər.

Avtobusa və ya hər hansı bir şeyə pul xərclədinizmi-sualının cavabında -“bütün bunların hamısı dövlət hesabına edilir”- deyir.

Şəkinin Dəhnə kəndindən olan Ələsgər və Ələkbər Quliyev qardaşları da dünən sərhəddi keçib Nabrana yerləşdirilən soydaşlarımızdandırlar.

Onlar da bizimlə telefon əlaqəsində Şəkili olaraq baməzəliklərindən qalmır, zarafatla “evəgedirəm”- bizi “evə gətirdi vallah”-deyirlər.

Aprelin 20-də Rusiyanın Azərbaycanla sərhədinin açılacağından xəbər tutan kimi Moskvadan yola çıxıblar. Quliyev qardaşları da onların Vətənə dönmələri üçün yaxşı şərait yaradıldığını və hazırda Nabranda nəzarətə yerləşdirildiklərini bildirirlər.

“Səhər gəlib bizi həkim müayinəsindən keçirib, analiz götürdülər. Burada rahatlığımız üçün hər cür şərait yaradılıb, yeməklə təmin edilirik”.

Şəki rayonundan olan Elton Yusifov və digərləri da dövlətin və birbaşa prezidentin vətəndaşların gətirilməsi ilə bağlı həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirirlər.

Rəşad Dəmirov onu da deyir ki, sərhəddi keçən kimi sevincimizdən vətənə aparan yolun şəklini çəkdik.

Onlar Nabranda hər çür ehtiyaclarının təmin edildiyindən, onlara göstərilən qayğıdan dolayı dövlət başçısına minnətdarlıq edirlər.

Onu da qeyd edək ki, hazırda Nabrandakı soydaşlarımız müayinədən keçdikdən və təyin olunan karantin müddəti bitdikdən sonra evlərinə gedib ailələrinə qovuşacaqlar.

Tünzalə Vəliqızı,
Moskva
Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir