Vüqar Bayramovdan şeirlər


Vüqar Bayramovdan şeirlər
Vüqar Bayramov

Nələr çəkirəm

Bir zaman eşqının sultanı idim,
İndi həsrətinə qulam, nökərəm.
Nə vaxtsa dünyanın heyranı idim,
İndi bu dünyada nələr çəkirəm.

Hardadı o çağlar, qayıdaydı kaş,
Ağlayan gözlərim yenə güləydi.
Sənin ayağına gələydim bir baş,
Sənsiz yandığımı duya biləydin.

Yuxuda gördüm ki, oğlumuz olub,
Mən də oğlumuzu mərd böyüdürəm.
Heyif, oyandım ki gözlərim dolub,
Bağrımı yandıran dərd böyüdürəm.

Hardasan hər günüm nalədi, ahdı,
Gözüm ağlar qalıb yaşı dayanmır.
Bu necə gecədi, bu nə sabahdı,
Gözlərim oyaqdı könlüm oyanmır.

Baxdım həyatıma sənsiz boş idi,
Mən də səfil – səfil gəzə bilmirəm.
Həmişə nazına dözmək xoş idi,
İndi həsrətinə dözə bilmirəm.

Artıq ürəyimdə dözüm qalmayıb,
Qalxıb asimana ahım, fəryadım.
Bu sənsiz dünyada gözüm qalmayıb,
Dözməyir halıma yaxınım yadım.

Yuxuda görürəm hər gecə səni,.
Heyif yuxularım çin olmur axı.
Biləydin, sevirəm mən, necə səni,
Necə gözləyirəm sənli sabahı.

Sənsiz neyləyirəm sultanlıq, xanlıq,
Qoy olum sevgimin qulu, köləsi.
Nəyimə lazımdır sənsiz cavanlıq,
Sönübdür gözümün nuru, şöləsi.

İndi mən tənhayam, indi mən təkəm,
Bir də ürəyimdə sevgin qalıbdır.
Eh! Fələk qoymadı dərdimi çəkəm,
Bagrımı min yerdən yaman çalıbdı.

İstəmə məndən

Sənə şöhrətimi şanımı verim,
Cismimdə dolanan qanımı verim,
Sən məndən can istə, canımı verim,
Bircə ayrılığı istəmə məndən.

Sənə bir ev tikim, bağçalı, bağlı,
Qoyma, sevgilini sinəsi dağlı.
Tək səni sevirəm, ay Qarabağlı,
Bircə ayrılığı istəmə məndən.

Əlimi kipriyə, qaşa çəkərəm,
Adını adımla qoşa çəkərəm,
Səni həyatımda başa çəkərəm,
Bircə ayrılığı istəmə məndən.

Ömrünə günəştək döğaram sənin,
Canımı oduna yaxaram sənin,
Alışan gözünə baxaram sənin,
Bircə ayrılığı istəmə məndən.

Həyatda çox olur yaxşı da, pis də,
Sənin həsrətindən düşmüşəm xəstə.
Sənin şair Vüqardan bir dünya istə,
Bircə ayrılığı istəmə məndən

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir