Vüqar Bayramovdan şeirlər


Vüqar Bayramovdan  şeirlər
Qaldı

Sən sevgi dilənən bir dilənçisən,
Vermədim sevgimi özümdə qaldı.
Sən mənim gözümdən düşəndən bəri,
Mənim arzularım gözümdə qaldı.

Yaxşı tanımışdım, yaman imişsən,
Gözümü bağlayan duman imişsən,
Sən adi, dəyərsiz güman imişsən,
Varlığın, dəyərin sözümdə qaldı.

Yalanı yalanla silə bilmədin,
Nələr çəkdiyimi bilə bilmədin,
Mən gedən o gündən gülə bilmədin,
Gözlərin əbədi üzümdə qaldı.

Yalandan bir yuva tikmək istədin,
Bağında tikanlar əkmək istədin,
Hər yana, hər səmtə çəkmək istədin,
Kəndirin qırıldı dizimdə qaldı.

Arxamca baxmaqdan bağrın yanıbdı,
Ürəyin atəşdən alovlanıbdı,
Düşünmə sevginin izi qalıbdı,
Köhnə xatirələr izimdə qaldı.

Bir yuxu görmüşdün, yoza bilərdim,
Alnında yazını poza bilərdim,
Haqqında romanlar yaza bilərdim,
Bir kiçik, bir sadə nəzmdə qaldı.

*****

Axi

Bəlkə varlıgımdan küsürsən mənim,
Mən sənin xətrinə ölərəm axı.
İstəsən yaşaram tək sənin ücün,
Səninlə ağlayıb gülərəm axı.

Üzümü söykərəm dizin olaram,
Dünyaya baxmağa gözün olaram,
Mən sənin elə lap özün olaram,
Dərdini tən yarı bölərəm axı.

Kök ollam torpaqda bitmək istəsən,
Sirrini vermərəm itmək istəsən,
Bir gün bu dünyadan getmək istəsən,
Sakitcə səninlə gələrəm axı….


/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir